İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT - Başçı işdən çıxarıldı, həbs olunanlar var - FOTO, YENİLƏNİB

Baxış sayı:
589

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Muxalifet.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Məhkəmənin qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Qeyd edək ki, bu barədə ilk olaraq “ölkə.az” məlumat yayıb.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir.

1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib.

2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.