Bakı sakini Prezidentə müraciət etdi: Sökülən evə görə kompensasiya 6 aydır ödənilmir

Baxış sayı:
187

Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan Səfərov Rahib Xanbaba oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Vətəndaş müraciətində bildirib ki, Aşıq Qərib küçəsində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində yerləşən ailəsinə məxsus yaşayış evi aparılan söküntü işləri nəticəsində tamamilə dağıdılıb. Söküntüdən artıq altı ay keçməsinə baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya bu günədək ödənilməyib.

Rahib Səfərov qeyd edib ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb. Nəticədə ailə uzun müddətdir yaşayış yerindən məhrum olaraq ciddi maddi və sosial çətinliklərlə üz-üzə qalıb.

Prezidentə ünvanlanan müraciətdə ölkədə son illər əldə olunan uğurlara, xüsusilə işğaldan azad edilmiş ərazilərlə bağlı həyata keçirilən siyasətə də toxunulub, bu nailiyyətlərin dövlət başçısının qətiyyətli liderliyinin nəticəsi olduğu vurğulanıb.

Vətəndaş müraciətinin obyektiv araşdırılmasını və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ailəsinə düşən kompensasiyanın qanunvericiliyə uyğun şəkildə qısa müddətdə ödənilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsini xahiş edib.

Səfərov Rahib Xanbaba oğlu Prezidentin diqqət və qayğısı sayəsində problemin ədalətli həllini tapacağına ümid etdiyini bildirib.

Muxalifet.az