ADP ANIM GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYDI – “Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaqdır!”

Baxış sayı:
136

27 Sentyabr - Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür.
ADP 27 Sentyabr Anım Günü münasibətilə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edir, onların ailələrinə səbir, qazilərimizə möhkəm cansağlığı arzulayır.
ADP bildirir ki, 27 sentyabr 2020-ci il tarixi çağdaş Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi xalqımızın yaddaşına həkk olunmuşdur. Həmin gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini, həmrəyliyini, ordumuzun döyüş qabiliyyətini və Vətən qarşısında tarixi məsuliyyət hissini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsinə nail oldular. Bu mübarizədə şəhidlərimizin qanı və qazilərimizin sağlamlığı hesabına əldə edilən Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
ADP hesab edir ki, 27 Sentyabr yalnız Vətən uğrunda müharibənin başlandığı tarix deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına aparan yolun mühüm mərhələsidir. Bu mübarizə 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə yekunlaşmış, bunun nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edilmişdir. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan və 2023-cü ilin sentyabrında yekunlaşan tarixi proses Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnmişdir.
ADP bu tarixi hadisələr zamanı həyatını Vətənə fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini daim uca tutmağı hər bir azərbaycanlının mənəvi borcu hesab edir.
ADP qazilərimizin göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirir, onlara möhkəm cansağlığı və uzun ömür arzulayır, şəhid ailələrinə dərin ehtiramını bildirir.
ADP bəyan edir ki, 27 Sentyabr - Anım Günü Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaqdır!
Muxalifet.az