Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki..." / VİDEO

Baxış sayı:
207

Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən evlə bağlı qeyri-müəyyənlik yaranıb.

Muxalifet.az xəbər verir ki, Kərimovlar ailəsinin sözlərinə görə, onlar 70 ilə yaxındır həmin ünvanda yaşayırlar. Ailə 2011-ci ildə məhkəməyə müraciət edərək evə dair dövlət reyestrindən çıxarış alıb və mülkiyyət hüququnu rəsmiləşdirib.

Ailə bildirib ki, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evlə bağlı iddia irəli sürüb və məhkəmə prosesləri nəticəsində onun iddiaları təmin olunub.

Ailə üzvləri hakimin öz səlahiyyətlərindən sui-istifadə etdiyini deyirlər.

"İndi o hakimdir, əli hər yerə çatır deyə, bu qədər adamı bayıra atmalıdır?! 9 nəfər harada yaşamalıdır?! İllərdir harada idi? Eşitdi ki, buralar sökülür, indi gəlib ev istəyir", - deyə şikayətçi Nüşabə Hüseynova söyləyib.

Ailə həmçinin bildirib ki, uzun illər ərzində həmin evdə qeydiyyatda olublar, kommunal xərcləri ödəyiblər və evdə müxtəlif tikinti işləri aparıblar.

"İcra hər gün gəlir ki, evi boşaltmalısınız. Əks halda polisə, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəklərini və bizi güc tətbiq etməklə evdən çıxaracaqlarını deyirlər", - deyə digər şikayətçi Riyad Kərimov bildirib.