Bank kartlarına daha bir QADAĞA – Getdikcə çətinləşir

Baxış sayı:
107

Bank kartlarına daha bir məhdudiyyət – eyni valyutada ikinci kart almaq mümkün olmayacaq. Azərbaycanda bank kartları ilə bağlı daha bir məhdudiyyət tətbiq edilir. Bir sıra banklar müştərilərə eyni valyutada və eyni kateqoriyaya aid birdən artıq debet kartının satışını dayandırır.

Musavat.com xəbər verir ki, bəzi banklar artıq bu qaydanı tətbiq etməyə başlayıb, digər banklarda isə məhdudiyyətin oktyabrın 1-dən qüvvəyə minəcəyi bildirilir. Yeni qaydaya əsasən, müştərinin, məsələn, eyni bankda AZN valyutasında aktiv debet kartı varsa, həmin kateqoriyada ikinci manat debet kartını sifariş edə bilməyəcək. Beləliklə, son dövrlərdə bank kartlarından istifadə ilə bağlı tətbiq edilən məhdudiyyətlərin sayı artır. Bundan əvvəl isə kartdan-karta pul köçürmələri əməliyyatları üzrə müəyyən limitlər tətbiq edilmişdi.

Bəs yeni məhdudiyyətin səbəbi nədir və bu addım hansı nəticələrə gətirib çıxara bilər?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, tətbiq edilən məhdudiyyətlərin problemin həlli baxımından effektiv olduğunu düşünmür: “Bir məhdudiyyət tətbiq edilərkən onun nəyə xidmət etdiyi açıqlanmalıdır. Rəsmi məlumata görə, bu məhdudiyyətlər guya vergidən yayınmanın qarşısını almaq məqsədi daşıyır. Lakin kiçik və orta sahibkarlıq vergidən yayınırsa, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır: onlar nə üçün vergidən yayınmağa meyl edirlər? Problemləri nədir? Vergilər niyə yüksəkdir və əlavə xərcləri nədən ibarətdir? Nə üçün xərclər artdıqca vergidən yayınmağı düşünürlər? Bu məsələlər həll olunarsa, problemlər də avtomatik aradan qalxacaq”.

Natiq Cəfərli: “Yazırlar ki, sən gizlən, biz döyüşərik” Pravda.az

İqtisadçı hesab edir ki, kart əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, əksinə, vətəndaşlar məhdudiyyətlərə uyğunlaşmaq üçün daha çox bank kartından istifadə etməyə başlayıblar: “İndi kartdan karta əməliyyatlarına məhdudiyyət tətbiq edərək gün ərzində 5-dən artıq ödəniş qəbul etməyə qadağa qoyublar. Nəticədə insanlar bir kart əvəzinə 8-10 kart aldılar. Kart alanların sayının artdığını gördükdə isə eyni bankdan manat hesablı debet kartının yalnız bir ədəd alınmasına icazə verdilər. İndi də bir bankdan kart ala bilməyənlər digər banklara üz tutacaqlar. Ölkədə 24 bank var, deməli, gedib başqa-başqa banklardan yenə 10-15 kart alacaqlar. Bəs nə dəyişəcək?”

N.Cəfərli hesab edir ki, bu cür məhdudiyyətlərlə problemin kökündən həlli mümkün deyil. Onun fikrincə, əksinə, yeni qaydalar həm vətəndaşlar, həm də bank sektoru üçün əlavə çətinliklər yarada bilər: “Bu tipli məhdudiyyətlərlə problemi həll etmək mümkün deyil. Əksinə, belə qadağalar əlavə problemlər yaradır və bank sektoruna da ciddi mənfi təsir göstərir. Bankların məqsədi vergidən yayınmanın qarşısını almaq yox, mənfəət əldə etməkdir. Onlar kart satışından gəlir əldə etdikləri halda, indi həmin banklara da məhdudiyyət qoyulur. Bu, kifayət qədər ciddi problemdir və məsələnin məhdudiyyətlər yolu ilə həll olunacağını düşünmürəm”.