Hökumət buraxıldı, yeni kabinet bəlli oldu, bəs Vəkillər Kollegiyası?

Baxış sayı:
18295

Vəkillər Kollegiyası qeyri-dövlət qurumudursa, üzvləri dövlət büdcəsindən necə maliyyələşir?
DSMF-də 39 saylı vəkil bürosu, “Azəravtoyol”da Şahbaz Qasımov, AMEA-da Kamal Əliyev, DİN-də Əlirza Həbilov, Orxan Babayev... vəkillik edir

Prezident seçkilərinin sonucu olaraq Nazirlər Kabineti buraxıldı, yeni tərkibi Prezident təsdiq etdi.  Bir sual maraq doğurur: Vəkillər Kollegiyası ( VK) bəs niyə istefaya göndərilmədi, yaxud özünü buraxmadı? Deyə bilərsiniz ki, axı VK qeyri-dövlət təşkilatıdır, hökumətin tərkibinə daxil deyil ! Bəli, “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda elə belə də yazılıb, amma bu məsələnin hüquqi (de-yure) yönüdür, faktiki olaraq ( de-fakto) Vəkillər Kollegiyası dövlət büdcəsindən maliyyələşməklə, vəkil-məmurlar kimi hökumətin məhkəmə “hüquq”larının müdafiəsindədirlər. İnanmırsınız? Faktlara baxın.
VK-nın vəzifəli şəxsi- intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov həm də ittiham-istintaq orqanının- DİN-in əməkdaşı kimi məhkəmələrlə qeyri-prosessual münasibətə girib, vətəndaşların, Qarabağ əlillərinin, qazilərin məhkəmə təminatı hüququna qadağa qoyur. İndiyədək bir məhkəmə də bu vəkilin nə etibarnaməsinin, nə müqaviləsinin, nə də prosessual hüquq qabiliyyətinin olmamasına nəinki qiymət verib, heç bu sənədləri soruşmayıb da! Axı vəkil, həm də nümayəndə birbaşa Dİ nazirinin adından məhkəmələrə basqı yapır! Hətta iki il qabaq qanunsuz məhkəmə “fəaliyyətinə” görə, DİN-dəki görəvindən alınandan sonra da bu vəkil özbaşına, DİN-dən xəbərsiz 3 ilin vəkili Orxan Babayevi DİN-in vəkili və nümayəndəsi kimi işlərə göndərir.
“Azəravtoyol” ASC-nin hüquq müdiri, vəkil Şahbaz Qasımovun jurnalist Əvəz Zeynallını şərləyib tutdurmasından da hamı bilgilidir. Vəkil dövlət büdcəsindən necə maliyyələşir, özü də hüquq müdiri kimi yüksək post tutmaqla? AMEA-nın hüquq müdiri, keçmiş hakim, indiki vəkil Kamal Əliyev də eləcə. Bu vəkil də dövlət büdcəsindən  maliyyələşən, özü də , bildirildiyi kimi, elm adamlarının ehtiyacını ödəməyən büdcədən necə yüksək əmək haqqı alır? AMEA-nın öz işçiləri, qaziləri, əlilləri cüzi əməkhaqqı ilə illərdir kirayələrdə “sürünür”, amma dünənin hakimi,  vəkili AMEA-da büdcə hesabına elm adamlarının hüquqlarına qadağa qoyur. Dövlət hesabına vəkilliyə baxın, Kamal Əliyev yataqxana komendantı ilə əllə yazdığı saxta kağız parçasını Səbail məhkəməsində ( h. İlkin Rüstəmli) Konstitusiyadan, qanundan, MPM-dən üstün sənəd-sübut kimi keçirdib.(?)
ƏƏSMN tabeliyində DSMF-də 2020-ci ilin fevralında nazirin müvafiq ( hələ də nömrəsi açıqlanmır) əmri ilə yaradılan MƏHKƏMƏ FİLİALININ- 39 SAYLI VƏKİL BÜROSUNUN isə analoqu yoxdur. Hansı pensiyaçının, qazinin, əlilin həddi nədir ki, Konstitusiyanın 60, 61-cı maddələri ilə təminat verilən məhkəmə müdafiəsi, hüquqi yardım hüququndan yararlanıb, 38-ci maddə ilə təminat verilən sosial təminat, pensiya hüququnu təmin etsin! Anında prosessual hüquq qabiliyyəti olmayan DSMF-in MƏHKƏMƏ FİLİALI- 39 SAYLI VƏKİL BÜROSUNUN (Filialın və büronun direktoru, vəkil Abuzər Mütəllimov, direktor müavinləri , vəkillər Roman İsmayılov, Aqşin İbadov, departament müdiri  vəkillər Yeganə Məmmədova, Arzu Səfərova, böyük-kiçik baş mütəxəssis vəkillər Emil İsgəndərli, Rüstəm Şikarlı... toplam bir bölük vəkil ) 39 vəkil-məmuru məhkəməyə etiraz göndərəcək ki, iddia mümkün sayılmasın, əlil, pensiyaçı  hüquqi yardımdan məhrum edilsin. Məhkəmə də öz həmkarının yanında olacaq də! Əlildən ona nə rüşvət-“xeyir” gələr? Baxın, VK, 39 saylı vəkil bürosu MƏHKƏMƏ FİLİALI kimi hökumətin, mərkəzi icra hakimiyətinin tərkibində necə məmur ordusu olaraq fəaliyyətdədir !? Hələ  “Çinarpark”da 1000 kvadrat metrlik sahəni də DSMF fiziki şəxsdən FİLİALA-VƏKİL BÜROSUNA icarəyə götürüb. Niyə özünü buraxmır VK, onun üzvləri?
Cinayət işlərində də VK ayrı-seçkilik edir. Bu sətirlərin yazarına ilyarımdır vəkil ayrılmasına ali dövlət hakimiyyəti orqanları göndəriş-göstəriş versə də, nə Hüquqi yardım mərkəzi, nə də vəkil büroları Konstitusion hüququ təmin edir. Amma Hüquqi yardım mərkəzinin direktor müavini , xanım Afət Qazıyeva separatçı Ruben Vardanyana canla-başla vəkillik edir. Əcəb də eləyir, Azərbaycan tolerant, hüquq dövlətidir, dilindən, dinindən, milliyyətindən, siyasi partiyalara münasibətindən , etnik, sosial mənşəyindən, əqidəsindən asılı olmayaraq hamının müdafiə, hüquqi yardım hüququ təmin olunur(mu?)! Bəs niyə VK inhisarçı mövqeyindən ( VK üzvü olmayan peşəkar vəkillərin yardımından yararlanmaq qadağandır) yararlanaraq bu hüquqa kobud qadağa qoyur, Qarabağ qaziləri, əlilləri niyə dövlət hedabına vəkillə müdafiə olunmur?
Alternativ Vəkillər Kollegiyasına ehtiyac var. Azərbaycan vətəndaşı tam hüquqsuz, müdafiəsiz durumdadır: Ombudsmanı yox, millət vəkili yox, VK üzvü olan vəkili-müdafiəçisi yox!
Məğrur BƏDƏLSOY