“Gərək hər diktator xəlvəti aerodromda çəni yanacaqla dolu təyyarəni hazır saxlasın...” - QORBAÇOV KİMƏ EYHAM VURUR, PUTİNƏ, YOXSA...

Baxış sayı:
9132

Noyabrın 4-də Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 30 illiyinə həsr edilmiş rəsmi tədbirlər başlayıb. Bayram tədbirləri noyabrın 10-na qədər davam edəcək.

Bu münasibətlə “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan müsahibə götürüb. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Siz divarın yıxıldığını nə zaman öyrəndiniz?

-Səhər tzdən.

-Və bu xəbər sizə necə təsir etdi?

-Bilirsiniz, biz bunun baş verəcəyini gözləyirdik.

-Digər dünya liderləri isə buna qarşı idi. Həm İngiltərə, həm Fransa.

-Aydın deyil nəyə görə? Almaniya axı çox güclüdür və o, divarın dağılması ilə gücləndi, Avropada rəqabət artdı, o zaman çoxları bundan çəkinirdi. Digər tərəfdən tarixi yaddaş da heç yana silinib getməyib.

-Xalq çoxdan divarı sökmək istəyirdi. Divarın çökməsindən əvvəlki gecə minlərlə alman Almaniya Demokrati Respublikasından Almaniya Federativ Respublikasına axın etmişdi. Ayağa qalxan xalqla bağlı nə etmək olardı?

-Axı bu azdırmı. Təcrübə ki var idi.

-Siz bir alman siyasətçiyə demişiniz: “Əgər 500 min adam küçəyə çıxsa sən nə edəcəksən? Atəş açacaqsan?”

-Belə şey yadıma gəlmir.

-Bu Sizin köməkçilərinizin stenoqramlarında var. Üstəlik onlar Sizin Şərqi Berlin sakinləri ilə görüş zamanı səslənən şüarları yada salır: “Qorbi! Kömək et!” Siz onlara nə ilə kömək edə bilərdiniz?

-Şərqi Avropa ölkələrinin rəhbərlərini xalqları ilə dialoqa çağırardım. Xalqı ki, aşağılamaq olmaz.

-Rumıniyada deyəsən Çauşeusku Sizi eşitmədi...

-O bizə (SSRİ-yə) qaçmaq, bizdə gizlənmək istəyirdi, bəs nəyə görə insanlara atəş açdı? Neynəmək olar, necə deyərlər, Allah ona rəhmət eləsin, əgər rəhmətə düşübsə.

-Bəs o nə etməli idi?

-Diktatorlar həmişə xəlvəti aerodromlarda, adətən belə yerlərdə, balaca, amma yanacaqla tam dolu təyyarə hazır saxlamalıdır. Və “Xalq, irəli!” mahnısı səslənməyə başlayanda həmin aerodroma üz tutmalıdır. Zarafat.

-Zarafat?

-Bəs sən necə düşünürsən?

-“Dialoqa dəvət...” Və bu da divarın qansız-qadasız çökməsi üçün kifayət idi? Bəlkə daha nəsə lazım idi?

-Biz o zaman komanda verdik-qoşunlarımız kazarmalardan çıxmasın.

-Bəs Sizdən bu haqda xahiş etmişdilər?

-Sən ki mənim kredomu bilirsən? Tənbəllik eləmə, yenə yaz: “Mən, Qorbaçov həmişə qan axıdılmasının əleyhdarı olmuşam. Mən həmişə xalqa qarşı güc tətbiqinə qarşı olmuşam və indi də qarşıyam”.

-Bu iltimzama oxşayır. Yazdım.

-Afərin. Bax belə. İndi isə əsas məsələ haqda. Divarın çökməsinin, xalqların birləşməsinin və ən əsası Avropada dayanıqlı sülhün təmin edilməsi-bizim xalqımızın və digər ölkələrin xalqlarının faşizm üzərində qələbəsidir. Bax bu haqda düşünün.

-Mən düşündüm.

-Və?

-İkinci Dünya müharibəsi də onda başa çatdı?

-Bəli, elədir. Çünki bizim Avropada insanlar bir-birlərindən qorxmamağa başladılar./virtualaz.org/