“Azəri” fars deyimidir, bunu Jirinovski də başa düşdü, bu bisavadlar isə...” – Firudin Ağasıoğludan AÇIQLAMA

Baxış sayı:
163

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyini gündəmə gətirib.

“Türklər bizə deyirlər ki, “azəri qardaşlarımız”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə deputat bildirib.

Sabiq təhsil naziri, türkoloq-alim Firudin Ağasıoğlu (Cəlilov) musavat.com-a müsahibəsində məsələ ilə bağlı fikrini açıqlayıb:

- Firudin bəy, bizə “azəri” deyilməsi doğrudurmu və niyə belə adlandırırlar?

- İranda heç bir tarixi qaynaqda bilgi yoxdur ki, hər hansı irandilli tayfaya “azəri” desinlər. Belə məlumat heç bir mənbədə yoxdur. Türklərə aid Azər boyu haqda isə xeyli məlumat var. Məsələn, Fəzlullah Rəşiddədin “Oğuznamə” yazıb. Bu kitabda Oğuzun dilindən cümlə var - Azər və bayqan. Yəni Azər sayılan-seçilən adamlara deyilir, bayqan isə o tayfanın yaşadığı yer adlanır. Bundan artıq daha nə fakt istəyirsiniz? Bu söz 600 il qabaq deyilib və 14-cü əsrdə qələmə alınıb. “Oğuznamə” kimi onlarla belə fakt göstərmək olar ki, türklərin Azər boyu var. Sadəcə, 19-cu əsrdə fars alimləri kollektiv bir kitab yazıblar. Həmin kitabın adını indi xatırlaya bilmirəm, amma orada qeyd olunur ki, azərilər farsdır. Azərlə “azəri” sözlərinin fərqi odur ki, fars dilində tayfa adlarına "i" artırırlar. Yəni farslar bizi “azəri” adlandırıb. Amma cümhuriyyətçilər dövləti quranda ona Azər adı qoyanda İranda xoşlarına gəlmədi. O vaxtdan indiyə qədər molla hökuməti bu adı qəbul etmir və hələ də bizə "Bakı hökuməti" deyirlər.

- Deməli, məsələ farsların “i” hərfi artırıb “azəri” adlandırmasından qaynaqlanır?

- Eyni zamanda, Kəsrəba adlı bir alim yazmışdı ki, guya azərilər türk deyil, farsdır. Son 100 ildə özünə türkçü deyənlər isə bildirirlər ki, biz “azəri” deyilik, türkük. Bu da farsların “dəyirmanına su tökmək”dir. Bizim bəzi insanlar savadsızdır və “Azər” sözünün türk olduğunu başa düşmürlər. Əslində, Azər və Xəzər eyni sözlərdir. Hətta Jirinovski dedi ki, azərlər elə xəzərlərdi. Jirinovski bunu başa düşür, bizimkilər başa düşmür. Türkmən dastanında da Xəzərbaycan deyirlər. Yəni azər və xəzər eynidir.

- Yəni biz “azəri” adlandırılmağa etiraz etməliyikmi? Çünki Türkiyə türkləri də bizə “azəri” deyirlər...

- “Azəri” deyimi fars deyimidir. Guya ki, siz türk deyilsiniz, farssınız. Gəlin, “Azərbaycan” sözünü hissələrə bölək, orda “azəri” sözü çıxmır. Ona görə də biz “azəri” yox, azərik, yəni türkük.