Kadırovun oğlu Moskvada əməliyyat edilib – Görmə sinirinin də zədələndiyi iddia olunur

Baxış sayı:
235

Çeçenistan rəhbərinin oğlu Adam Kadırovun Qroznıda baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Moskvada müalicə aldığı xəstəxanada dalağının çıxarıldığı iddia olunur.

Bu barədə “Novaya qazeta Evropa” öz mənbələrinə istinadla məlumat yayıb. Məlumatın rəsmi təsdiqi yoxdur.Nəşrin yazdığına görə, 18 yaşlı Adam Kadırov paytaxtdakı Botkin Hospital xəstəxanasında təxminən üç həftə müalicə alıb. Bildirilir ki, o, dalağın çıxarılması əməliyyatına məruz qalıb.

Həmçinin travma nəticəsində görmə sinirinin ciddi zədələndiyi iddia olunur. Mənbələrdən biri qəzetə bildirib ki, “Adamın bir gözündə görmə qabiliyyətini itirməsi riski var”. Zədənin nəticələrinin hələ tam aydın olmadığı vurğulanır.

Bundan əlavə, baş nahiyəsindən aldığı travma nəticəsində çənəsində çat aşkarlanıb və bu səbəbdən bir müddət bərk qida qəbul etməsi mümkün olmayıb. Həkimlər ona altı ay müddətinə ciddi pəhriz təyin ediblər.

Fevralın 10-da Çeçenistan rəhbəri Ramzan Kadyrov özünün rəsmi teleqram kanalında uzun fasilədən sonra oğlu ilə bağlı ilk videonu yayımlayıb. Görüntüləri Ramzan Kadırovun özü lentə alıb.Nəşr qeyd edir ki, kadrlarda Adam Kadırovun əvvəlki ictimai çıxışları ilə müqayisədə xeyli arıqladığı müşahidə olunur.

Hadisənin yanvarın 16-da baş verdiyi bildirilir. Adam Kadırovun korteji qəzaya düşdüyü, toqquşma nəticəsində digər avtomobilin sürücüsü həlak olduğu iddia olunub.Məlumatda qəza zamanı kortejin ön maşınında olan üç mühafizəçinin daha ağır xəsarətlər aldığı – baş və onurğa zədələrinin qeydə alındığı bildirilib. Onlardan ikisi də Moskvaya təxliyə edilib.

Hadisədən sonra təxminən bir ay ərzində Adam Kadırovun səhhəti və harada olması barədə rəsmi məlumat verilməyib. Yerli hakimiyyət və dövlət mediası qəza barədə susub.

Fevralın 9-da Ramzan Kadırov yayılan xəbərləri “haradansa ortaya atılmış dezinformasiya” adlandıraraq qəza ilə bağlı məlumatları təkzib edib və bunun “dünya mediasında bir nömrəli xəbər”ə çevrildiyini bildirib.

Qeyd olunur ki, qəza zamanı Adam Kadırovun həyatına təhlükə olmayıb. Lakin yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.