Gömrük Komitəsindəki ölüm faktı ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı:
4963

Dövlət Gömrük Komitəsi bu gün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində baş vermiş ölüm faktı ilə bağlı açıqlama yayıb. Komitədən verilən açıqlamada bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşib və dünyasını dəyişib. Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında nəqliyyat vasitəsinin içərisində Elşən Sadiqovun halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.