ADP QİYMƏT ARTIMINA ETİRAZ ETDİ – “Bu, kadrların yerində olmamasını göstərir”

Baxış sayı:
656

Bu gün ADP İdarə Heyəti ilin ilk toplantısını keçirib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən ilin 25 dekabr tarixində Azərbaycan Hava Yollarına məxsus təyyarənin Bakı-Qroznı reysini yerinə yetirərkən Çeçenistan səmasında Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasına görə Qazaxstanın Aktau şəhərinin yaxınlığında çoxlu sayda insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəza faktının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İdarə Heyəti baş vermiş qəza ilə bağlı dövlət başçısı İ.Əliyevin qətiyyətli mövqeyini təqdir edib, V.Putinin isə baş vermiş hadisənin “Rusiya ərazisində baş verməsindən dolayı” üzr istəməsini yarımçıq üzrxahlıq kimi dəyərləndirib.
Müzakirələr zamanı qəzaya uğrayan təyyarənin “qara qutu”sunun təyyarənin istehsalçı dövləti olan Braziliyaya aparılmasını müsbət addım kimi dəyərləndirən iştirakçılar “qara qutu”dan əldə olunacaq yekun nəticələr əsasında Rusiyanın beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirib.
İdarə Heyəti həmçinin təyyarə qəzası ilə bağlı Azərbaycan dövlət başçısının və Azərbaycan ictimaiyyətinin haqlı narahatçılıqlarına görə son günlər Rusiya media orqanlarında Azərbaycana yönəlik ittihamların yer almasına da diqqət çəkib. Qeyd edilib ki, baş verənlər Rusiyanın məsuliyyətdən yayınmaq cəhdidir, əslində Azərbaycan ərazisində son otuz ildə törədilən terror və hərbi cinayətlərdə Rusiya faktoru yenidən araşdırılmalıdır.
İdarə Heyəti bu ilin ilk günlərində Taarif Şurası tərəfindən ölkədə kommunal xidmətlərdə qiymət artımı ilə bağlı verilmiş qərara da münasibət bildirib. Bu qərarın obyektiv səbəblərlə deyil, subyektiv səbəblərlə bağlı olduğunu bildirən müzakirə iştirakçıları ölkədə durmadan baş verən qiymət artımlarını dövlət idarəçiliyində kadrların yerində olmaması, dövlət orqanlarının əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı aydın proqramının yoxluğu, hökumətin iqtisadi siyasətinin yarıtmaz olduğu, ölkədə islahatların aparılmamasının nəticəsi və dövlət büdcəsini xalqın hesabına doldurmaq cəhdi kimi dəyərləndirib. İdarə Heyəti kommunal xidmətlərin artırılmasına adekvat olaraq minimum əmək haqqının və pensiyaların da artırılmasına təkrar baxılmasının vacibliyini bildirib.
İdarə Heyəti Ermənistanın birinci prezidenti olmuş L.Ter-Petrosyanın 1993-cü ildə Ağdamın işğalından sonra “Yerkpara” erməni terrorçu qruplaşması qarşısında etdiyi çıxışın mediada yayılmasına da diqqət çəkib. İdarə Heyəti bu çıxışı ermənilərin bir daha həm Ermənistanda, həm də Qarabağ ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə apardığının sübutu kimi dəyərləndirib, bu faktların Ermənistanın beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün ciddi əsaslar olduğunu bildirib.
İdarə Heyəti Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasını azərbaycanlı gimnast qızların məşqçiləri tərəfindən qeyri-insani rəftara məruz qalmasına görə cəzalandırmasından narahatçılığını ifadə edib və müvafiq dövlət orqanlarını baş vermiş hadisənin araşdırılması istiqamətində ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son zamanlar qonşu İran dövlətinin dini liderləri tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirib, baş verənləri iki qonşu dövlət arasında mövcud olan münasibətlərə növbəti qəsd kimi dəyərləndirib.
 
Muxalifet.az