General Dudakoviç yüzlərlə serbin qətlində ittiham edilir - BOSNİYA MÜHARİBƏSİNİN ƏKS-SƏDASI

Baxış sayı:
12113

Bosniya və Herseqovina Prokurorluğu Atif Dudakoviç və 16 nəfər silahdaşını Bosniya müharibəsi zamanı mülki şəxslərə qarşı müharibə cinayətlərində ittiham edir.

Bu barədə Serbiya Dövlət Televiziyası məlumat yayıb.

"İddia aktında 300-dən çox serbin öldürülməsindən bəhs olunur. Onların əksəriyyəti mülki şəxslər, əsasən yaşlı insanlar, habelə təslim olan və ya əsir götürülən əsgərlərdir", - məlumatda deyilir.

Bosniya Müsəlman Ordusunun beşinci korpusunun keçmiş komandiri Dudakoviç və silahdaşları istintaqa görə, 300-ə yaxın insanın öldürülməsində məsuliyyət daşıyırlar. Onlar Bosanksi-Petrovats, Bosanska-Krupa, Sanski-Most, həmçinin Bihaç və Jazin bələdiyyələrində insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.

 

Xatırladaq ki, 65 yaşlı Dudakoviç ötən il həm xristian, həm də müsəlman əhaliyə qarşı cinayətlərdə şübhəli bilinərək həbs edilmişdi. Generalın özü isə bütün ittihamları rədd edir.

Bosniya müharibəsi hazırki Bosniya və Herseqovina ərazisində 1992-ci ildə başlayan və üç il davam edən millətlərarası qarşıdurmadır. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. Müharibə nəticəsində ölənlərin sayı yüz minlərlədir, qaçqınların sayı isə 2 milyonu keçib. Bosniya və Herseqovina ordusunun Dudakoviçin rəhbərliyi altında olan beşinci korpusu əsasən yerli müsəlmanlardan ibarət idi./virtualaz.org