​EVİNDƏN OĞURLUQ OLDU, ŞİKAYƏTİNƏ BAXILMIR... – Bakı sakini Zəhra Əkbərova polisdən narazıdır

Baxış sayı:
9163

Bakı şəhər sakini Əkbərova Zəhra Həsən qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Zəhra xanım iddia edir ki, polis onun şikayətinə baxmır:
"Mən, Əkbərova Zəhra Həsən qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2006-cı il, mart ayının 17-də Xətai rayonu, Gəncə prospekti 29 35 A ünvanında yerləşən yeni tikilən binanın 1-ci blok, 8-ci mərtəbəsindən, sahəsi 81 kv.metr olan ev aldım. Qısa müddət sonra evdə təmir-tikinti işləri aparmağa başladım. Lakin bir gün mənə məxsus olan evin qapısını qırıb, tikinti materiallarını - kombi radiatoru, kafel, metlaq, kran və s. oğurlayıblar.
Evimi bu vəziyyətdə görən kimi oğlum Zaura zəng vurub xəbər verdim. O da dərhal DİN-in 102 xidməti ilə danışıb. Nəticədə, oğurluq faktı ilə əlaqədar 36-cı polis bölməsində izahat verdik və 28 iyun 2014-cü ildə Xətai Rayon Polis İdarəsində müstəntiq Rauf Məmmədov cinayət işi açdı. Daha sonra Rauf Məmmədovu başqa bir yerə göndərdilər və iş yarımcıq qaldı.
Biz bununla bağlı Baş Polis İdarəsinin rəisi, general Rafiq Abbasovun qəbuluna yazılmaq istəsək də, istintaqın rəisi Nazim İsmayılov buna şərait yaratmadı. Bir müddət sonra Baş Polis İdarəsinə general Mirqafar Seyidov təyin olundu. Onun qəbuluna yazıldıq və məsələnin ciddi araşdırılmasını xahiş etdik. Mirqafar müəllim Nazim İsmayılovu otağına çağırıb, ona tapşırıqlar verdi. Çox təəssüf ki, Nazim ismayılov yenə də bu işin üzərinə düşmədi, səhlənkar yanaşdı.
Bizə ümumilikdə 5100 manat ziyan dəyib. İndiyədək oğurluq faktının üstü açılmayıb. Odur ki, işimizə baxılmasını tələb edirik".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.