Ermənistan çoxsaylı “Osa-AK” zenit-raket kompleksləri alıb - PAŞİNYAN BAXIŞ KEÇİRDİ

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün müdafiə naziri David Tonoyanın və Baş qərargah rəisi Artak Davtyanın müşaiyəti ilə hərbi hissələrdən birinə baş çəkib, orada silahlanmaya yeni qəbul edilmiş “Osa-AK” zenit-raket kompleksləri ilə tanış olub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Ermənistanın “çoxsaylı” belə zenit-raket kompleksləri aldığını bildirib. Onun sözlərinə görə, həmin komplekslər “yerində modernləşdirilib”. “Osa-AK hava hücumundan müdafiə komplekslərinin böyük partiyası əldə edilib. Əldə etdiyimiz digər silah növləri ilə birlikdə hava sərhədlərimizi əlçatmaz edəcək”,-Paşinyan lovğalanıb. “Osa-AK” zenit-raket kompleksləri kiçik mənzilli, bütün hava şərtlərində tətbiq edilə bilən, avtonom və özüyeriyən hava hücumundan müdafiə sistemidir. Təyyarələr və vertolyotlar, qanadlı raketlər, pilotsuz uçan aparatlar və digər hava hədəfləri ilə mübarizə üçün nəzərdə tutulub. Ehtimal ki, həmin kompleksləri Ermənistana Rusiya havayı verib. Çünki bu komplekslər Rusiya ordusunda əsasən silahlanmadan çıxarılır və mümkündür ki, Ermənistan müəyyən modernizasiya işləri üçün vəsait ödəyərək onları əldə edib. Bundan əvvəl Ermənistanın Rusiyadan “Tor-M2” zenit-raket kompleksləri aldığı açıqlanmışdı və həmin komplekslərin silahlanmaya qəbul edilməsi mərasimində Paşinyan da iştirak etmişdi. Paşinyanın hökuməti qarşıya məqsəd qoyub ki, 2022-ci ilə qədər ordu müasir silahlarla təchiz edilməlidir.