Daha bir respublikaçı seçki yarışından geri çəkildi – “Seçicilər “İndi yox, Tim” mesajını aydın şəkildə çatdırdılar”

Baxış sayı:
4932

Cənubi Karolina ştatından senator Tim Skott 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəlib.
O, bu barədə “Fox News” telekanalına açıqlamasında bildirib.
“Düşünürəm ki, planetin ən gözəl insanları olan seçicilər mənə “İndi yox, Tim”i aydın şəkildə çatdırdılar”, o deyib.
Skott həmçinin qeyd edib ki, o, Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədliyini irəli sürməyəcək.
Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 3-dək YouGov-un keçirdiyi sorğuya əsasən, Respublikaçılar Partiyasından Skottun prezidentliyə namizədliyini cəmi 4% seçici dəstəkləyib. Florida qubernatoru Ron DeSantis (18%), ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (9%) faiz səs toplayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 61% nəticə ilə liderliyi qoruyub saxlayır.
Xatırladaq ki, Tramp 2022-ci il noyabrın ortalarında prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Eyni zamanda, hazırkı dövlət başçısı Co Bayden də prezidentlik uğrunda mübarizə aparmağı planlaşdırır. O, bu qərarı 2023-cü il aprelin sonunda elan edib.