“Biz müəllimləri universitetdən məzun olarkən itiririk” - TƏHSİL EKSPERTİ

Qoşqar Məhərrəmli: “Təhsildəki problemi həll etmək üçün əvvəlcə müəllim hazırlığı ilə məşğul olan universitetləri islah etməliyik”
“Universitetlər islah olunduqdan sonra oradan gələn müəllimlər daha keyfiyyətli olacaq”
Azərbaycanda təhsil sahəsində bir sıra problemlərin olduğu danılmazdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Söhbət ondan gedir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Sovet təhsil sistemindən imtina etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan Qərbə inteqrasiya xətti götürdüyündən, istər-istəməz təhsil sistemimimizi də yeniləmək, inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq zəruri meydana çıxırdı. Bunun üçün isə uzun illər lazım olduğundan, bu gün təshil sahəsində müəyyən neqativlər meydana çıxır.
Amma bir sıra uğurlu təhsil modellərinin tətbiq olunduğu da ortadadır. Məsələn, artıq bir neçə ildir ki, ali məktəblərdə Balonya sisteminin bizim təhsil sistemimizə uyğunlaşdırılmasına çalışılır. Bəs, bu sahədə nə dərəcədə uğurlu iş aparılır? Tətbiq olunan metodlar özünü doğruldurmu? Bu və digər suallara Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmli ilə söhbətimizdə cavab tapmağa çalışdıq:
- Bolonya sistemi ali təhsil sistemimizin beynəlxalq ali təhsil standartlarına uyğunlaşdırılması məqsədilə ölkəmizə gətirilmişdi. Bolonya sistemi universitetlərin bakalavr və magistr ixtisaslarının Avropadakı, dünyanın beynəlxalq səviyyəli universitetləri ilə daha da uyğunlaşa bilməsi, yəni diplomların tanınması, kreditlərin tanınması, tələbələrin mübadiləsi, müəllimlərin eyni zamanda mübadiləsi üçün başlanmışdı. İtaliyanın Bolonya şəhərində imzalanan bu müqavilə Azərbaycan da artıq 2000-ci illərin əvvəllərindən tətbiq olunmağa başlamışdı. Amma, düşünürəm ki, Azərbaycan bu prosesə çox çevik ayaq uydura bilmədi. Bir qisim universitetlərimiz kredit sisteminə, kreditli sistemə keçdi. Ali təhsil standartlarını, dərslərini, məzunluğunu digər universitetlərin müvafiq ixtisasları ilə ayaqlaşdırmağa çalışdı. Məsələn, bunlardan biri Xəzər Universitetidir. Amma digər bir çox universitetlərimiz bu dəyişiklik prosesinə, adaptasiya prosesinə tam da uyğunlaşa bilmədi. Yəni Bolonya sisteminin niyyəti, məqsədi yaxşı idi, sadəcə universitetlərin kadr potensialı uyğun gəlmədi ki, həmin dəyişiklikləri həyata keçirə, həmin transformasiyanı universitetdə bərqərar edə bilsin.
- İstər təhsil ekspertləri, istər də valideynlər şagirdlərə verilən dərs yükünun ağırlığından şikayət edirlər. Maraqlıdır ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa dövlətlərində məktəblilərin bu cür yüklənilməsi qəti olaraq rədd edilir. Belə olduğu halda, bizim ölkəmizdə nə dərəcədə doğru yanaşma sərgilənir?
- Şağirdlərin ifrat dərəcədə yüklənməsi sadəcə məktəblə əlaqədar deyil, bu, bir tələb-təklif məsələsidir. Valideynlər də övladlarını bir-biri ilə yarışdırır. Övladları ilə fəxr etmək üçün onları sanki bir alət olaraq istifadə edir. Valideynlər müəllimləri yönləndirir və onların çox tapşırıq verməsini istəyir. Sinifdə digərləri ilə müqayisə edir və hər zaman öz övladlarının digərlərindən üstün olmasını istəyir. Bu isə valideynlərin özünə də stressdir. Üstəlik, uşağın çiyinlərinə böyük yükdür və müəllim üçün də bir stressdir. Ona görə də orta təhsil sistemimiz zatən özü-özlüyündə ağırdır. Bir də valideynlərin müəllimləri bu mənada yönləndirməsi prosesi daha da çətinləşdirir.
Təhsil sistemimiz niyə ağırdır? Çünki fənlərin sayı çoxdur, müxtəliflik, yəni fərqlilik olaraq. Biz baxdıqca görürük ki, orta məktəblərdə 10-dan çox fərqli dərs var. Bunların hamısının ev tapşırığının olacağını düşünsək, görün bu haraya gedib çıxır və şagirdlər nə qədər ev tapşırığı ilə məşğul olmalıdır, nə qədər fərqli dərsə girməlidir, nə qədər fərqli müəllimlə ünsiyyətdə olmalıdır. Əlbəttə, bunların hamısı şagirdlərə yükdür.
İnkişaf etmiş ölkələrdə isə, bu, artıq mümkün qədər azaldılır. Şagird 5-6 fərqli dərsə daxil olur və bu dərslərin sayı, müxtəlifliyi az olduğu üçün çox yüklənilmir. 9-cu sinifdən sonra isə özünə bir cığır seçir, karyera ilə bağlı bir yol tutur. O, karyerasına uyğun fənləri götürür, sadəcə həmin fənlərlə məşğul olur. Yəni şagird artıq 9-cu sinifdən etibarən özünə bir istiqamət müəyyən edir və həmin istiqamətə uyğun dərsləri götürür. Bütün dərsləri götürmür, fundamental olaraq 8-9-cu sində qədər götürdüyü dərslər artıq onun üçün bir mənada bünövrə təşkil edir. Ondan sonra isə artıq ixtisasyönümlü – hansı ixtisasa gedəcəksə, ona uyğun dərslər götürür. Belə olan halda şagirdlər yüklənməmiş olur.
Mən də təklif edirəm ki, ölkəmizdə belə olsun. Heç olmasa 11-ci siniflərdə sistem tamamilə dəyişməlidir və şagirdlər sadəcə ixtisasına uyğun 4–5 dərs götürməlidir. Məktəbdə başqa dərslər olmamalıdır.
- Aparılan müşahidələr göstərir ki, elə orta məktəblərdə də bəzi yeni sistemlərin tədrisi nəinki şağirdlər, o cümlədən müəllimlərin özləri tərəfindən də tam olaraq mənimsənilmir. Təsadüfi deyil ki, imtahandan keçən müəllimlərin böyük əksəriyyəti zəif nəticə toplamışdır. Belə vəziyyətdə çıxış yolunu nədə görürsünüz?
- Əvvəlcə qeyd etmək lazımdır ki, müəllimlərimizin əksəriyyəti sertifikasiya imtahanlarından keçdi. Yəni müəllimlər sertifikasiya imtahanından əksəriyyətlə keçirlər. Sadəcə, kəsilən müəllimlər də var. Bu, çox böyük bir hissə, çox böyük bir kütlə deyil, çoxluq deyil. Ona görə də, düşünürəm ki, müəllimlər minimum tələblərə cavab verir. Amma məlumdur ki, minimum tələb verilən sualların 50%-dir. Yəni müəllimlərə öz fənni ilə, pedaqogika ilə bağlı verilən sualların 50%-ni cavablandıran sertifikasiyanı keçmiş olur. Bu, əslində yetərlidirmi? Əlbəttə ki, yox. Məsələn, Amerikada sertifikatlaşdırmadan keçmək üçün 80% müsbət nəticə əldə olunmalıdır. 80%-i keçmədən siz sertifikasiyanı keçmiş sayılmırsınız. Deməli, müəllimlərin zəif nəticə toplaması artıq onların tam şəkildə öyrənmədə problemi olduğunu göstərir. Yəni uzun illərdir həmin fənni tədris etmələrinə baxmayaraq, ixtisasları ilə bağlı suallara cavab verə bilmirlərsə, pedaqogika ilə bağlı çox az sayda — 10 suala belə, cavab verə bilmirlərsə, artıq onların bu peşədə qalmamaları daha uyğun olar.
Ona görə də, mən düşünürəm ki, müəllimlərin sertifikasiyası bu formada davam etməlidir. Əzbərçi suallardan qaçınmalı, daha çox situasiya yönümlü suallara üstünlük verilməlidir. Bu yolla biz müəllimlərimizi seçə və bu mənada yetişdirə bilərik.
Amma sertifikasiya — müəllimlərin sertifikatlaşdırılması Azərbaycanda yeni bir bazar açdı. Yəni minlərlə insan artıq müəllim hazırlayır, müəllimləri sertifikasiyaya hazırlaşdırır. Bunun olmaması üçün isə nazirlik miqyasında sertifikasiya kursları təşkil olunmalıdır ki, insanlar həmin kurslara qoşulub özlərini yetişdirsin və sonra imtahanlara daxil olsunlar. Belə olsa, düşünürəm ki, o zaman müəllimlər ciblərindən pul xərcləməli olmazlar. Onsuz da məhdud maaş alırlar. Bu maaşla da bir də sertifikasiya üçün hazırlaşmaq onlar üçün çətindir.
- Etiraf etməliyik ki, tətbiq olunan yeni metodologiyalara, təhsil proqramına rəğmən, Azərbaycanda təhsilin inkişafı sahəsində arzuolunan səviyyəyə gəlib çata bilməmişik. Sizcə, bu, zamana bağlı məsələdir, yoxsa seçimlərimiz yanlışdır?
- Tətbiq olunan proqram bir mənada işin həlli deyil. Yəni o sadəcə mövcud, əvvəlki sovet proqramını təkmilləşdirmək üçündür. Yeni proqram müəllimyönümlü sinifdən, müəllimyönümlü təhsildən şagird yönümlü təhsilə keçid üçündür. Biliklərə söykənir, səriştələrə söykənir, görünən, əllə tutulan konkret təlim nəticələrinə istinad edir. Əlbəttə, bu təhsil yanaşması, bu kurikulum yeni yanaşma daha doğrudur, daha bəyəniləndir.
Amma təhsil niyə inkişaf etmir? Bunun cavabı kurikulumla bağlı deyil. Yəni kurikulum dəyişməsəydi də, sovet kurikulumu qalsaydı da, təhsil belə olacaqdı. Yəni “təhsil kurikulumu dəyişdiyi üçün vəziyyət belədir” yanaşması doğru olmaz. Kurikulumu dəyişdirmək təhsilin problemini həll etmir.
Biz ümumi təhsildəki problemi, təlim nəticələrindəki problemi bir mənada həll etmək üçün əvvəlcə müəllim hazırlığı ilə məşğul olan universitetləri islah etməliyik. Universitetlər islah olunduqdan sonra oradan gələn müəllimlər daha keyfiyyətli olacaq. Biz müəllimləri universitetdən məzun olarkən itiririk. Eyni zamanda, çox keyfiyyətli müəllimlər dövlət təhsil müəssisələrinə meyil etmir. Çünki onlar düşünürlər ki, daha yaxşı şəraitli, daha peşəkar bir mühitdə işləyə bilərlər.
Dövlət müəssisəsində insanlar dəyər görmədiklərini hiss edirlər. Məktəb rəhbərliyi bəzən müəllimlərə dəyər vermir. Müəllimlər öz aralarında peşəkar münasibət qura bilmirlər. Məktəbdə onlar üçün sağlam, peşəkar mühit təşkil olunmur. Belə olduqda, müəllimlər dövlət müəssisəsində işləməyi seçmirlər. Bəzən onların iş vaxtlarına müdaxilə olunur, istirahət günlərində işə çağırılır və s. Bəzən də müəllimlərin özləri də sui-istifadə edirlər — məsələn, iş vaxtı olduğu halda məktəbdə olmurlar, hazırlıqla məşğul olurlar və s. Yəni həm rəhbərlik, həm də müəllimlər tərəfindən vəzifə səlahiyyətləri pozulur.
Başqa bir böyük problem isə məktəblərin infrastrukturudur. Hələ də qazlaşdırma, internetləşdirmə prosesləri tam başa çatmayıb. Biz bu problemləri artıq çoxdan həll etmiş olmalı idik. Məktəb fiziki olaraq tam hazır olandan, müəllimlər peşəkar və motivasiyalı olandan sonra, artıq rəhbərlik məsələsinə keçmək olar. O zaman məktəb direktorlarının da seçimi, liderlik bacarıqları, idarəçilik qabiliyyətləri ön plana çıxacaq. Direktor da keyfiyyətli və peşəkar olarsa, sistem bütöv şəkildə nəticə verəcək.
Ən önəmli başlanğıc isə ali təhsildən olmalıdır. Çünki təhsildə ən vacib aktor müəllimdir, müəllimi isə yetişdirən universitetdir. Universitetlərdəki problemlər həll olunsa, 5-10 il ərzində orta təhsildə də problemlər aradan qalxar.
“Hürriyyət”