“NİYƏ MƏMURLAR “BİZNES KLASS”DA UÇUR?” - “Bu şəxslər bizim hesabımıza uçur...” / SİYAHI

“Qənaət məmurların deyil, əhalinin başında çatlayır”
“Guya hökumət ciddi qənaət rejiminə keçib. Bəs onda niyə məmurlar səfərlərə “biznek klass”da uçur?”
Bunu tanınmış hüquqşünas Əkrəm Həsənov öz sosial şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, qənaət rejimi daha çox kasıb təbəqəyə şamil olunur, məmurlar isə əvvəlki lyuks həyatını yaşayır: “Xarici ölkələrdə “biznes klass”dan adətən yalnız hökumət üzvləri (yəni nazirlər) istifadə edir, o da həmişə yox. Məsələn, ABŞ-də biznes klassdan həmin vəzifəli şəxslər 14 saatdan çox davam edən uçuş zamanı istifadə edə bilərlər. Bu da təsadüfi deyil, çünki qiymət fərqi orta hesabla 2-5 dəfə çox təşkil edir. Məsələn, “ekonom klass”la uçuş 500 manatdırsa, “biznes klass”la 1000-2500 manat, bəzən isə daha da çox ola bilər.
Bizdə isə at ilxısı, köpək sürüsü “biznes klass”la uçur! Deməli, Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən “biznes klass”la bizim hesabımıza aşağıdakı şəxslər uçur:
1) Baş nazir və onun müavinləri;
2) deputatlar;
3) nazirlər (komitə) və onların müavinləri;
4) dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;
5) Konstitusiya Məhkəməsinin hakimləri;
6) Ali Məhkəmənin sədri və onun müavini;
7) Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Nazirlər Kabinetinin Aparat rəhbərləri;
8)Hesablama Palatasının sədri və auditorları;
9) Mərkəzi Seçki Komissiyasının, Audiovizual Şuranın, apellyasiya məhkəmələrinin sədrləri
10) Milli Elmlər Akademiyasının prezidenti;
11) Ombudsman;
12) Baş prokorur və onun müavinləri;
13) Bakı Şəhər İcra Hakimiyyəti başçısı;
14) fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfirlər, diplomatik nümayəndəliklərinin rəhbərləri və baş konsullar, Prezident tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslər.
Məlumdur ki, məmurlarımız xaricə əksər hallarda lazımsız tədbirlərdə (boş-boş görüşlər, konfranslar, seminarlar, təlimlər və s.) iştirak üçün uçurlar. Sadəcə gəzməyə gedirlər. Amma tutaq ki, lap səfərlərinin faydası var. Niyə “biznes klass”la? Əminəm ki, onlar “ekonom klass”la uçsalar, il ərzində on milyonlarla manat vəsaitə qənaət edilmiş olar. Axı niyə real qənaət məmurların deyil, həmişə əhalinin başında çatlamalıdır?..
P.S. Siyahıda dövlət şirkətləri və publik hüquqi şəxslər yoxdur. Təbii, onların da vəzifəliləri “biznes klass”la uçur. Sadəcə guya dövlət büdcəsi hesabına deyil, qurumların öz hesabına uçurlar. Sanki yekunda dövlət hesabına deyilmiş kimi”.








































