Baş prokurorluq şikayətləri qəbul etməkdən imtina edir

Baxış sayı:
9146

161 qaynar xətti 961-ə, 961 isə 161-ə göndərir

9 aydır DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1-ci dərəcəli Qarabağ əlili kimi pensiyama 6 il qabaq 05.07.2017 tarixli məhkəmə qərarı ilə ayrılan 110 manatı kəsib , dələduzluqla bərpa etmir. Baş prokurorluğun 161, 961   qaynar xətləri isə  şikayəti qəbul etməkdən imtina edir.
11 dekabr 2023-cü ildə 161 qaynar xəttindən Rəşad Məmmədov adlı növbətçi öncə şikayəti qeydə alacağını desə də, yarım saatlıq çənə-boğazdan sonra imtina etdi ki, məhkəmə qərarı ilə ayrılan pensiyaya əlavənin 6 ildən sonra kəsilməsi Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılmasına əsasdır, ...amma bu işi Ədliyyə Nazirliyi qaldırmalıdır. Şikayətin korrupsiya ilə bağlı olmadığını bildirən növbətçi prokuror 961-ə şikayət etməyi bildirdi. 961 -dən özünü, tələbimdən sonra, Xankişi(yev) kimi  təqdim edən növbətçi isə şikayətin korrupsiya ilə bağlı olduğunu, 161-ə zəng etməli olduğumu vurğuladı.
Lap folklordakı kimidir, “şap elə bilir şupdadı, şup elə bilir şapdadı..” Elə folklorda olduğu kimi, nə “şap”- 161, nə də “şup”-961 şikayəti qəbul etdi. Şikayətin qəbulundan imtina isə qanunla qadağandır. Baş prokurorluğun saytında yerləşdirilən 4920138 və 4925540 stasionar nömrələri isə birincisi susdu, ikincisi “mövcud olmadığını” “bildirdi”.
İndi söz baş prokuror Kamran Əliyevdədir, “şap”la “şup”un şikayəti bir-birinə ötürüb, qəbul etməkdən imtinasına hüquqi qiymət vermək onun görəv borcudur.
Baş prokurorluq Konstitusiyanın 133-cü maddəsi ilə üzərinə qoyulan qanunların icrasına nəzarəti gerçəkləşdirəcəkmi? Özü konstitusion müraciət hüququna qadağa qoyursa, çətin...
Məğrur BƏDƏLSOY