Azərbaycanı Rusiyaya birləşdirən yeni körpü... - BU GÜN AÇILIŞ OLACAQ

Bu gün Azərbaycanla Rusiyanı birləşdirən və Samur çayı üzərindən keçən yeni körpünün rəsmi açılışı olacaq. Virtualaz.org xəbər verir ki, layihə Azərbaycan və Rusiya hökumətləri tərəfindən 6 il əvvəl razılaşdırılıb. Samur çayı üzərindən salınan əvvəlki körpü köhnəlmişdi və 1957-ci ildə tikildiyi üçün istismar müddətini baş vurmuşdu. Yeni körpünün uzunluğu 300 metrdir. “Exo Moskva” bildirir ki, körpünün açılışına Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və digər rəsmilər qatılacaq. Azərbaycan tərəfdən də yüksək vəzifəli şəxslərin açılış mərasiminə qatılacağı bildirilir. Bu körpü “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm hissəsidir və quru yolu ilə yük daşımalarını artıracaq. Körpünün tikintisi 21.5 milyon dollara başa gəlib, vəsaiti Rusiya və Azərbaycan bərabər həcmdə veriblər.