Azərbaycan vətəndaşı Şuşaya necə gedib? - ŞOK DETALLAR

Baxış sayı:
8818

“İsa bulağı”nda kabab, araq sifariş edən azərbaycanlının kimliyini açıqlayan Gülnarə Hacıyeva təhdid olunur

DİN və DTX Şuşada yeyib-içən Azərbaycan vətəndaşı ilə bağlı niyə araşdırma aparmaqdan yayınıb?

2019-cu il, iyun ayının sonunda “Youtube”-da ermənilərin işğal etdiyi Şuşada azərbaycanlıların yeyib-içdiyi haqda görüntülər yayıldı. “İsa bulağı” adlanan ərazidə çəkilən görüntülər internetə “İyun, 2019, bizim günlər” sərlövhəsi ilə yerləşdirilmişdi. Məlumat üçün bildirək ki, həmin vaxt bu video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Görüntüdəki azərbaycanlılardan birinin sifəti tam olaraq ekrana düşmədiyindən, çəkiliş aparan ikinci şəxsin isə ancaq səsi eşidildiyindən, onların kimliyi naməlum idi. Odur ki, videonun altından rəy yazan şəxslərin böyük əksəriyyəti həmin azərbaycanlıların kimlyinin araşdırılmasını vacib sayır və onların cəzalandırılmasını tələb edirdi. Nəhayət, bu videodan bir neçə ay sonra xəbərdar olan vətəndaşlarımızdan biri Şuşada – “İsa bulağında” erməni ofisiantlara kabab və araq sifariş edən azərbaycanlıları tanıyaraq, onların kimlyini açıqlamağı özünə mənəvi borc hesab edib. Lakin çox təəssüf ki, müvafiq qurumlar bu işi araşdırmaq əvəzinə, Şuşada yeyib-içən azərbaycanlının kimliyini ört-basdır etməyə üstünlük veriblər. Üstəlik, həmin şəxslərin kimliyini ictimailəşdirən xanım vətəndaşımız xüsusi ittiham qaydasında məhkəməyə verilib…

Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Şuşada – “İsa bulağı”nda yeyib-içən azərbaycanlıların kimliyini açıqlayan xanım 1976-cı il martın 10-da Bakı şəhərində anadan olan, tibb işçisi Hacıyeva Gülnarə Zakir qızıdır. Onunla söhbətimiz zamanı məlum oldu ki, 2019-cu ilin iyun ayında Şuşada yeyib-içən şəxs – Cəbrayıl rayonunun Qumlaq qəsəbəsindən olan Babayev Ceyhun Ayaz oğlu onun keçmiş həyat yoldaşıdır. 2004-cü ildə ailə qurublar və onların iki övladı – 2005-ci il təvəllüdlü qızı, 2006-ci il təvəllüdlü oğlu var. Ailə quran zaman rəsmi nigahları olmasa da, uşaqlar atalarının soyadını daşıyır.

Gülnarə Hacıyeva

Gülnarə xanım deyir ki, 2007-ci ildən sonra ayrı yaşamağa məcbur olublar. Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayında oğlu sosial şəbəkədə yayılan məlum videonu ona göstərərək, atasının Şuşaya getdiyini bildirib: “Oğlum o videonu göstərdi ki, gör, bu səs kimindir, atam ermənilərlə birlikdə Şuşada nə edir… Götürüb videoya baxdım, səsini tanıdım, gördüm ki, həqiqətən də uşaqlarımın atasıdır. Həmin videonu “Watsapp” vasitəsilə Babayev Ceyhun Ayaz oğluna göndərdim, bir SMS də yazdım ki, sən Şuşada nə gəzirsən? O, bu sualımdan sonra məni təhqir etməyə, hədə-qorxu gəlməyə başladı ki, “sən bizi tanımırsan” və s. Mən dedim ki, sizə deyil, sənə sual verirəm, çünki uşağın da, mən də videoya baxdıq, səni tanıdıq”.

Gülnarə Hacıyeva deyir ki, bir neçə gün sonra həmin video ilə bağlı rəsmi qurumlara məlumat verməyi qərara alıb: “3 gün sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Bildirdim ki, sosial şəbəkədə Şuşada çəkilən videonu gördüm, həmin videodakı insan Babayev Ceyhun Ayaz oğludur, araşdırın ki, bu insan Şuşaya necə və nə məqsədlə gedib. Həmin gün sahə müvəkkili bizə gəldi, yazılı ərizə verdim.

Bir həftə sonra sahə müvəkkilinə zəng vurub soruşanda ki, bu işin sonu nə oldu, o, “bizim səlahiyyətimizdə deyil, siz lazımi dövlət orqanlarına müraciət edin”, – deyə cavab verdi.

Ondan sonra, təxminən yanvarın sonu, fevralın əvvəllərində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qaynar xətt”inə zəng vurdum, özümü təqdim etdim və bildirdim ki, bu video Şuşada çəkilib və onu çəkən Azərbaycan vətəndaşı Babayev Ceyhun Ayaz oğludur. Dedim ki, bu adam ora necə gedib, necə gəlib Azərbaycanda – Bakı şəhərində rahat şəkildə yaşayır, onu araşdırmaq lazımdır. Dedilər ki, biz sizinlə əlaqə saxlayacağıq”.

G.Hacıyevanın sözlərinə görə, DTX-ya müraciət etdikdən sonra keçmiş həyat yoldaşı təkrar ona zəng vuraraq hədələyib: “Mart ayının əvvəlində oğlumun müalicəsi ilə bağlı Türkiyəyə uçmalı oldum. Mən Türkiyədə olanda bu insan mənə zəng vurdu ki, “Bakıya gələrsən, sən bizi tanımırsan, sən görərsən” və s. Ona bildirdim ki, mən orda sənin səsini tanınmışam, “siz” kimsiniz bilmirəm, Bakıya gələndə xəbər edəcəm, komandanı da yığıb gələrsən…

Martın 18-də Türkiyədən qayıtdıq, 1 həftə karantində oldum, ondan sonra bir də DTX-ya zəng vurdum ki, mən sizə filan məsələ ilə bağlı müraciət etmişdim, zəng gəlmədi. Onu da bildirdim ki, gəlib DTX-ya birbaşa ərizə yazım, bəlkə bu işə belə baxasınız. Nəticədə martın 26-da DTX-ya getdim, qəbul şöbəsində qurumun əməkdaşı ilə görüşdüm. Dedim ki, azərbaycanlı gedib Şuşada video çəkib, siz niyə araşdırmırsınız ki, bu kimdir, ora nə məqsədlə gedib. O, cavab verdi ki, bu köhnə bir videodur, elə-belə şeydir, bizə bir-iki zəng gəldi, araşdırdıq, informasiya təsdiqini tapmadı. Ona bildirdim ki, mənim sizə dediyim insan Şuşada olub və bu yalan çıxa bilməz, o insanı tanıyıram. Bundan sonra müəyyən qeydiyyatlar apardı ki, biz araşdıracağıq, narahat olmayın. Mənə də öz mobil nömrəsini verdi ki, əlaqə saxlaya bilərsiniz. Sonda mən ona təkrar deyəndə ki, bu insan Azərbaycan vətəndaşı və azərbaycanlı olaraq Şuşaya necə gedə, ermənilərlə necə görüşə bilər? DTX əməkdaşı mənə dedi ki, “pulu var, gedib, yeyib-içib gəlib”.

Gülnarə Hacıyeva deyir ki, DTX-ya rəsmi müraciətindən iki ay keçsə də, heç bir xəbər olmayıb. Nəhayət, qurumun əməkdaşına zəng vuraraq, “bu məsələni araşdırmaq uzun çəkməməlidir, niyə yubanır” – deyə sual edib. O, məsələnin araşdırıldığını və ona məlumat veriləcəyini bildirib: “Bir müddət sonra DTX əməkdaşı mənə zəng vurdu ki, Gülnarə xanım, biz işi istintaq şöbəsinə yolladıq. Mən sual verdim ki, işə hansı müstəntiq baxır, adını mənə deyin, əlaqə saxlayım. Bir müddət sonra Ülvi Cahangirli adlı müstəntiq zəng vurub, məni DTX-ya dəvət etdi. Mən mayın 12-də DTX-ya getdim. Qəbul otağında yoxlamadan keçdim, buraxılış vərəqəsi verdilər, Ülvi Cahangirli ilə söhbət etmək üçün 6-cı mərtəbəyə çıxdım. Orda yenə sual verdim ki, bu işi araşdırmaq elə də çətin olmamalıdır, insan Bakıdadır, niyə bu qədər uzun çəkir? Ülvi müəllim dedi ki, Gülnarə xanım, siz narahat olmayın, bu iş ciddi araşdırılır, dedikləriniz təsdiqini tapsa, o insan həbs olunacaq. Amma yenə də heç bir araşdırma getmədi”.

G.Hacıyeva deyir ki, adını ictimailəşdirdiyi üçün keçmiş həyat yoldaşı onu xüsusi ittiham qaydasında məhkəməyə verib: “Onu ifşa etdiyimə görə, Suraxanı rayon Məhkəməsində mənə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb ki, guya, mən onun şərəf və ləyaqətini alçaltmışam. Halbuki, mən sadəcə o videoda olan şəxsin adını və soyadını açıqlamışam. Hansı ki, həmin videonu da onun özü çəkib, başqası yox”.

“Nəyə əsasən deyə bilərsiniz ki, həmin video Şuşada çəkilib, bəlkə oxşar yerdir” sualımıza cavab olaraq isə G.Hacıyev bildirdi ki, bir çox şuşalılar həmin faktı təsdiq edib. “Şuşanın “İsa bulağı” müalicəvi istirahət zonasıdır deyə ermənilər oranı çəkib paylaşıb, “Youtube”da həmin videolar var. Sonra mən diqqətlə ermənilərin paylaşdığı videolara baxdım, gördüm ki, ora həqiqətən də Şuşadır. Sonra şuşalıların özləri də, xüsusən yaşlı insanlar həmin videonun altına rəy yazmışdılar ki, bura “İsa bulağı”dır, orda olmuşuq, biz dəqiq tanıyırıq və s”.

G.Hacıyeva onu da bildirdi ki, keçmiş həyat yoldaşı Şuşada çəkiliş apardığını nə təsdiq, nə də təkzib edir: “O, nə inkar edir ki, mən deyiləm, nə də demir ki, mənəm. Əlbəttə, o, heç bir halda etiraf etməz. Amma mənə hədə-qorxu gəlməsi ki, “sən bizi tanımısran”, mənə də maraqlıdır ki, o “biz” kimdir. Amma onun yanında bir nəfər azərbaycanlı da olub, tək olmayıb. Videoda da görünür ki, pilləkənlə yuxardan düşən iki erməninin qarşısına qaçır ki, “mən bu kişini görməsəydim bağrım partlyaradı” və s. Orada olan digər şəxslər də ermənilərdir, ofisiantlardır”.

Gülnarə Hacıyeva onu da bildirdi ki, məlum faktla bağlı DTX ilə yanaşı, Baş Prokurorluğa və Müdafiə Nazirliyinə də müraciət edib. Onun sözlərinə görə, hələlik həmin qurumlardan da heç bir cavab gəlməyib. Odur ki, G.Hacıyeva qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edərək, bu işin araşdırılması ilə bağlı yetkili qurumlara ciddi tapşırıq verməsini xahiş edir.

Hazırladı: KƏNAN, 
Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə çalışacağıq. Bizi izləyin.