“Azərbaycan çox ciddi dəyişilmələr ərəfəsindədir” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
6979

"İqtidar 19 oktyabr mitinqindən sonra müxalifətə münasibətini dəyişməlidir" "Hakimiyyətin aksiyaya verdiyi reaksiya onun panika içərisində olduğunu göstərir" Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Milli Şuranın oktyabrın 19-da metronun "28 May" stansiyası yaxınlığında keçirdiyi etiraz aksiyası və onun nəticələri, Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun aktiv siyasətə qayıtmasıyla bağlı yayılan informasiyalar, keçmiş səhiyyə naziri Əli İnsanovun yeni partiya yaratması və digər mühüm mövzularla bağlı söhbətləşdik. "Vətəndaşların məmurların özbaşına qərarlarını icra etməmə, hakimiyyətin qeyri-qanuni hərəkətlərinə müqavimət hüququ var" - Sərdar bəy, Milli Şuranın keçirdiyi icazəsiz aksiyanı necə qiymətləndirirsiniz? - Əvvəla, bu aksiya icazəsiz deyil. Qanuna görə, Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriya isə öz növbəsində, qeyri-qanuni, Konstitusiya və qanunlara zidd olaraq, Milli Şuranın mitinqinin vaxtının və yerinin dəyişdirilməsi haqda qərar verib. Bu isə qanuna ziddir. Qeyd edim ki, vətəndaşların məmurların özbaşına qərarlarını icra etməmə hüququ var. Yəni vətəndaşların hakimiyyətin qeyri-qanuni hərəkətlərinə müqavimət hüququ var. Faktiki olaraq oktyabrın 19-dakı hadisə vətəndaşların Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni hərəkətlərinə müqavimət hüququndan istifadə etməsidir. Bu, hüquqi prosedurdur və burda heç bir qanun pozuntusu, qeyri-adi hadisə yoxdur. "Hökumət bir növ Milli Şuraya aksiyanın gözləniləndən daha nəhəng mitinqə çevrilməsinə kömək etmiş oldu" - Hökumətin həmin aksiyaya verdiyi reaksiya sizi qane edirmi? - Hesab edirəm ki, hakimiyyətin aksiyaya verdiyi reaksiya onun panika içərisində olduğunu göstərir. Çünki hakimiyyətin atdığı addımlar qeyri-adekvatdır. Birincisi, əgər icazə verilsəydi, o zaman həmin mitinqə çox olsa, 30-40 min adam yığışa bilərdi. Amma faktiki olaraq şəhərin mərkəzində böyük bir kvartalda nəqliyyat və ticarət dayandırıldı, sosial obyektlərin hamısı, o cümlədən 4-5 metrostansiya bağlanıldı. Bununla da təxminən, 1 milyondan artıq insan üçün 4 saat çox ciddi diskomfort vəziyyət yaradıldı. Bəlkə də o insanların çoxu mitinqin olacağını bilmirdi. Lakin həm hökumətin yaratdığı problemlər onları da narazı saldı, həm də mitinqin 1 milyon iştirakçısı oldu. Yəni bununla da hökumət bir növ Milli Şuraya aksiyanın gözləniləndən daha nəhəng mitinqə çevrilməsinə kömək etmiş oldu. Onu da qeyd edim ki, ordu hissələrinin və xüsusi polis dəstələrinin gətirilməsi də tamamilə qanuna ziddir. İndiyə qədər biz deyəndə ki, "28 May" stansiyasının qarşısında mitinq keçirək, hökumət bildirirdi ki, orda keçirmək olmaz, çünki həmin ərazidə əhali və nəqliyyat sıxdır. Lakin indi məlum oldu ki, hökumət istəyəndə həmin ərazidə nəqliyyatı da, əhalinin hərəkəyini də 4-5 saat dayandıra, hətta metrostansiyanı bağlaya bilir. Bu zaman sual olunur: Vətəndaş orda mitinq keçirdikdə eyni hərəkəti nədən etmirsiniz? Deməli, hökumət yanlış deyir. Əgər istəsə, onda bunları həll edə bilər. Çünki oktyabrın 19-da görsəndi ki, bir neçə metrostansiya bağlandı, bütün nəqliyyat dayandırıldı və bununla da hökumət həmin ərazidə asayişi yaxşı qoruya bildi, bir nəfər də "28 May" stansiyasının qarşısına gələ bilmədi. Deməli, orda biz mitinq keçirsək, hökumət mitinqin təhlükəsizliyini təmin edə bilər. Etmirsənsə, deməli mitinqin keçirilməsinə icazə verilməməsi ilə bağlı irəli sürülən səbəblərin hamısı bəhanədir. "Mən artıq Azərbaycanın çox ciddi dəyişilmələr ərəfəsində olduğu qənaətindəyəm" - Necə düşünürsünüz, sonuncu aksiya öncəkilərdən nə ilə fərqlənirdi? - İlk öncə, onu bildirməliyəm ki, siyasətçi kimi diqqətimi cəlb edən məqam mitinqdə iştirak edənlərin tərkibi ilə bağlıdır. Çox maraqlıdır ki, bu mitinqdə kifayət qədər təmin olunmuş, işi, gücü, evi və maşını olan insanlar da iştirak ediblər. Halbuki adətən bu cür mitinqlərdə daha çox narazı kütlə iştirak edir. Bu dəfə isə hətta sosial narazılığı olmayan insanlar da aksiyaya qatılıb. Əsasən bu cür ümummilli narazılıqların tərkibini 3 qrup insan müəyyən edir. Birincisi, öz maraqlarına görə mitinqə çıxanlar, ikincisi hökumətin yalanlarına görə qatılanlar və nəhayət, həmrəylik nümayiş etdirərək çıxanlar. Kamyu deyir ki, yalan özü üsyanların səbəblərindən biridir. Bu iqtidar isə uzun illərdir ki, yalan danışır. Yəni mitinq iştirakçılarının bir çoxu sosial səbəblərlə deyil, hökumətin yalançı olması ilə bağlı küçəyə çıxıb. Bu mitinqin diqqət cəlb edən ən vacib tərəfi isə odur ki, burada həmrəylik nümayiş olundu. Yəni insanlarda həmrəylik instikti işə düşür və bununla da işi-gücü olanlar işsizlərlə həmrəylik nümayiş etdirərək, bu prosesə qoşulur. Elmi şəkildə sübut olunub ki, üsyan və inqilablar metafizik təbiətli hadisədir. Yəni bu, hansısa bir partiyanın, təşkilatın çağırışıyla olmur. Bu, öz-özünə baş verən hadisədir. Sonuncu mitinq də göstərdi ki, insanların çoxu soyuq başla fikirləşsələr ora niyə gəldiyini deyə bilməzlər. Amma hansısa bir güc onları ora toplayıb. Yəni metafizik mexanizm işə düşüb. Bu baxımdan, mən artıq Azərbaycanın çox ciddi dəyişilmələr ərəfəsində olduğu qənaətindəyəm. Odur ki, oktyabrın 19-dakı aksiyanı da baş tutmuş hesab edirəm. Onu da bildirim ki, həmin aksiyada polis formasında olmayan, mülki geyimli adamlar da mitinqə müdaxilə ediblər. Müvafiq qanunlara görə, bu cür kütləvi aksiyalar zamanı polis əməkdaşları mütləq xidməti formada olmalıdır. Çünki vətəndaş qarşısındakının polis olub-olmadığını bilməlidir. Belə olan halda isə mülki geyimli şəxsə müqavimət göstərəcəyi təqdirdə, bu, polisə müqavimət kimi qiymətləndirilir və cinayət hesab olunur. Bundan başqa, aksiyada qeyri-qanuni "qoçu dəstələri"ndən də istifadə edilməsinə geniş yer verilib. Yəni göründü ki, vaxtilə Hüseyn Abdullayevin dəstəsinin mitinq zamanı etdiklərindən bu dəfə də geniş şəkildə istifadə olundu. Çox güman ki, mitinq iştirakçılarına qarşı xüsusi amansızlıq göstərənlər də məhz onlar olub. Bu, onu göstərir ki, hökumət Milli Şuranın qərarı ilə yox, bütövlükdə xalqın ona qarşı olan münasibətiylə bağlı əndişə içərisindədir. Və hər kiçik bir təsadüfdən də xalqın ayağa qaldıb bu hakimiyyəti silib atacağına özünün bizdən çox inamı var. Bundan başqa, mitinqin bu cür alınmasına hakimiyyətdəki parçalanma da öz təsirini göstərib. Adətən, hakimiyyətdə parçalanmalar olduqda cəmiyyətdəki ixtişaşlar iqtidardakı müəyyən qanadlar tərəfindən dəstəklənir və ya onlar tərəfindən planlaşdırılır. Odur ki, mitinqin daha kütləvi alınmasında mütləq iqtidarın müəyyən qanadının iştirakı var. Yəni bu, sadəcə müxalifətin keçirdiyi aksiya deyildi. İqtidardakı müəyyən qanadların aksiyalara dəstək verməsi əslində, müxalifətin gücləndiyini göstərir. Digər tərəfdən, nüfuzlu xarici media orqanlarının mitinqi müşahidə etmək məqsədiylə Azərbaycana gəlməsi də olduqca maraqlı məqamlardan xəbər verir. Bu da onu göstərir ki, həmin mitinqlə bağlı Azərbaycan sərhədlərindən kənarda da məlumat və maraq olub. Bu, həmçinin Avropa və ABŞ-ın ölkəmizdə gedən proseslərə diqqətinin artdığını deməyə əsas verir. Bir sözlə, sonuncu mitinq yüzlərlə suallara cavab verib. "Hesab edirəm ki, artıq biz düşünülmüş şəkildə nəticəli mitinqlərin keçirilməsinə cəhd etməliyik" - Sizcə, sözegedən mitinqdə hansı nəticələr əldə olunub? - Birinci növbədə, 19 oktyabr mitinqi iqtidarın xalq tərəfindən bəyan edildiyi kimi, ciddi dəstəyinin olmadığını ortaya qoydu, dayaqlarını itirdiyini sübuta yetirdi. Eyni zamanda, bu, iqtidarın parçalanmasının sübutudur. Bundan başqa, indiyə qədər yalnız ehtiyac içində olan adamlar küçəyə çıxırdısa, bu dəfə hər cür şəraiti olanlar da mitinqə qoşulub. Bu isə onu göstərir ki, artıq yalnız sosial-iqtisadi narazılıq yox, həm də yalandan doğan narazılıq və həmrəyliklə bağlı mexanizm işə düşüb. Hətta bundan sonra mitinqlərdə dövlət məmurlarının da iştirakı gözlənilir. Əminliklə deyə bilərəm ki, 19 oktyabr mitinqində orta və aşağı səviyyəli məmurlar da ya bilavasitə, ya da adamlarını göndərməklə iştirak ediblər. Bütün bunlar proseslərin artıq müxalifətin xeyrinə 180 faiz dəyişməsinin sübutudur. Mitinqə gələn insanlar, onların inadkarlığı və sosial tərkibi göstərir ki, bu, tamamilə yeni hadisə, yeni mərhələdir. Odur ki, bu mərhələ düzgün qiymətləndirilməlidir. Çünki bu cür geniş təbəqələrin cəlb olunduğu aksiyanı eqoistlik niyyətlərlə hansısa bir qüvvə və ya lider öz adına çıxmaq istəyərsə, bu, tamamilə əks nəticələr verə bilər. Ona görə də politologiya elmi bu cür ümummilli məsələlərdə eqoistlik maraqların önə çəkilməsinin yanlış və zərərli olduğunu göstərir. Demokratik mübarizə də onu tələb edir ki, demokratiya uğrunda mübarizə aparan tərəf mütləq rəngarəng olmalı, ölkənin bütün siyasi qüvvələri bu aksiyada iştirak etməlidir. Hesab edirəm ki, artıq biz düşünülmüş şəkildə nəticəli mitinqlərin keçirilməsinə cəhd etməliyik. Yəni mitinqlərin nəticəsində, ya hökümət xalqın əleyhinə verdiyi hər hansı qərardan imtina etməlidir, yaxud da seçkilərin saxtalaşdırılmasına son qoyulmalıdır. Düşünürəm ki, Azərbaycan iqtidarı 19 oktyabr mitinqindən sonra müxalifətə münasibətini dəyişməlidir. Əgər doğrudan da bu iqtidarda sosioloqlar, politoloqlar varsa, bir şeyi bilməlidirlər ki, hakimiyyət əvvəlki qaydada, o üslubda danışa, müxalifəti iqnor edə bilməz. Buna nə iqtidarın monolitliyi, nə beynəlxalq vəziyyət, nə də xalqın hakimiyyətə qarşı olan kin-küdurəti buna imkan verir. Odur ki, hökumət təcili olaraq, müxalifətlə bir araya gəlib ölkədəki vəziyyətdən çıxış yollarını müzakirə etməli və bu istiqamətdə konkret addımlar atmalıdır. Yoxsa, eyni kadrları vaxtaşırı yerdəyişmə etməklə nəticə əldə olunan deyil. Baxın, bir adamı təqaüdə göndərirlər, bir də görürsən ki, bir ildən sonra onu qaytarıb başqa vəzifəyə qoyurlar. Niyə? Çünki kadrları yoxdur. Başqa kadrları isə bu sistemə buraxmaq istəmirlər. Ona görə ki, sistem qapalıdır. Qapalı sistemlərin isə hamısı ölü sistemlərdir. Hesab edirəm ki, Azərbaycanda idarəetmə tamamilə dəyişilməlidir. "Şəxsən mən 19 oktyabr mitinqinin xaricdən sifariş olunduğuna inanmıram" - Bəzi iddialara görə, 19 oktyabr mitinqinin sifarişi ABŞ-dan gəlib. Sizcə, bu versiya nə qədər realdır? - Söhbət sifarişin hardan gəlməsindən getmir. Əslində, söhbət ölkədəki vəziyyətdən getməlidir. Məsələn, Azərbaycan xalqı iqtidardan razı olsa, xaricdən nə qədər sifariş gəlsə də, camaat hökuməti müdafiə edəcək. Yox əgər xalq hökumətdən narazıdırsa, o zaman xaricdən sifariş gəlməsə belə, insanlar yenə ayağa qalxacaq. Misal üçün vaxtilə biz aksiya keçirdikdə ABŞ-ın səfiri beynəlxalq şəraiti əsas gətirərək deyirdi ki, etməyin. Lakin buna rəğmən, biz yenə də aksiya keçirirdik. Yəni bu proseslərdə xaricin sifarişi bir o qədər də aparıcı deyil. Aparıcı olan xalqın iqtidara olan münasibətidir. Şəxsən mən 19 oktyabr mitinqinin xaricdən sifariş olunduğuna inanmıram. Lap tutaq ki, xaricin sifarişi var, bu halda xalq nədən xaricin sifarişiylə küçəyə çıxır?! Yəni hansısa sifarişlə lider və ya təşkilat küçəyə çıxa bilər, ancaq xalqın mitinqə çıxması sifarişlə bağlı deyil. Bir qədər öncə də qeyd etdiyim kimi, cəmiyyətdə mitinqə o qədər böyük maraq var ki, o marağı xaricin sifarişi kimi təqdim etmək yanlış və əsassızdır. Mən düşünmürəm ki, burda hansısa bir xarici qüvvənin rolu var. Təbii ki, xaric ölkələr baş verən hadisələrin nəticələrindən bəhrələnməyə cəhd edəcək. Lakin sonuncu mitinqdə xaricdən gələn sifarişin əlamətləri görünmür. "Ara qarışacağı təqdirdə, Rusiya yaranmış fürsətdən istifadə edə bilər" - Hətta Rusiya faktoru da görünmür? - Açığı, deyim ki, hələlik isti-istidir, aksiya yeni olub, məncə, bir qədər gözləmək lazımdır. Beynəlxalq reaksiyalardan, hadisələrin gedişatından sonra müəyyən qiymət vermək olar. Lakin ola bilsin ki, Əli Kərimliyə qarşı hərəkətlərin, amansız rəftarın hansısa bir xarici müdaxiləylə bağlılığı olsun. Bundan başqa, hələlik ortada hansısa aydın bir fakt yoxdur. Qeyd edim ki, ara qarışacağı təqdirdə, Rusiya yaranmış fürsətdən istifadə edə bilər. İndiki halda Azərbaycan hökuməti Rusiyanın əleyhinə elə bir addım atmır, onun tapşırıqlarına əhəmiyyət vermir ki, deyim Kreml bu məslədə maraqlıdır. Çünki Rusiya nə deyirsə, Azərbaycan hökuməti onu edir. Qərblə də iqtidar arasında ciddi bir maraq konfrantasiyası yoxdur. Hətta Avropa, İsrail burda nə istəyirsə, onu da edir. Bu səbəbdən də düşünmürəm ki, Rusiya və ya ABŞ-ın Azərbaycan hökumətindən hansısa narazılığı olsun. Sadəcə olaraq, onlar nəticələrdən istifadə edə bilərlər. Ancaq bütünlükdə inanmıram ki, bu mitinqi xaric təşkil etsin. "Etibar Məmmədovun və AMİP-in təcrübəsi göstərir ki, bu partiya heç vaxt Azərbaycan müxalifəti ilə bir yerdə olmayıb, bundan sonra da olmayacaq!" - Yəqin, məlumatınız var ki, son zamanlar Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun aktiv siyasətə qayıtmasıyla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunu necə dəyərləndirirsiniz? AMİP liderinin yenidən siyasətə qayıtmasına lüzum varmı? Ümumiyyətlə, onun siyasətə dönüşündən sonra nələrsə dəyişə bilərmi? - Açığı deyim ki, bundan əvvəlki dönəmlərdə Etibar Məmmədov heç vaxt ümumi müxalifət mövqeyində olmayıb. O, həmişə müxalifətdən kənar bir mövqedə olub. Məsələn, Etibar Məmmədov 1993-cü ildə dövlət çevrilişi edənlərin yanında, biz müxalifət isə tamam başqa cəbhədə durduq. 1998-ci ildə bütün müxalifət prezident seçkilərini boykot etsə də, Etibar Məmmədov seçkilərə qatıldı. 2003-cü ildə 30 siyasi partiya İsa Qəmbəri müdafiə etdi, Etibar Məmmədov isə alternativ kimi seçkiyə getdi. 2005-ci ildə biz "Azadlıq" Bloku yaratdıq, Etibar Məmmədov yenə də orda olmadı, getdi hansısa "Yes" blokunun tərkibində çıxış etdi. Yəni hadisələrin gedişatı göstərir ki, Etibar Məmmədov müxalifətin gücünün parçalanmasına yönəlik, müxalifətin apardığı siyasətə alternativ bir xətt aparıb. Əgər bundan sonra doğrudan da siyasətə qayıdacaqsa, o, Azərbaycan müxalifəti ilə bir yerdə olmayacaq. Dediyim ki, Etibar Məmmədov müxalifətin apardığı siyasətə əks olan bir siyasət aparacaq. Düzdür, müxalifət cəbhəsində olacaq, amma tamamilə əks siyasət aparacaq. Etibar Məmmədovun və AMİP-in təcrübəsi göstərir ki, bu partiya heç vaxt Azərbaycan müxalifəti ilə bir yerdə olmayıb, bundan sonra da olmayacaq! (Ardı var) Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org