79 yaşlı Səmədzadə yenə deputat olmaq istəyir - Namizədliyini irəli sürəcəyi dairə dəyişməz qalır

Milli Məclisin ağsaqqal deputatlarından sayılan Ziyad Səmədzadə parlament seçkilərində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, deputat bunun bağlı Modern.az-a danışmaq istəməsə də, onun yaxınları məlumatı təsdiqləyiblər. Onun namizədliyini irəli sürəcəyi dairənin də dəyişməz qaldığını vurğulanıb: “Həmişəki qaydada 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini sürəcək. O, yenidən deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışacaq”. Qeyd edək ki, akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir, 2005-ci ildən deputat kimi fəaliyyət göstərir. Məlumat üçün xatırladaq ki, Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.