Zəlimxan Məmmədlinin xəyal dünyası

Və yaxud “Borçalı” Cəmiyyətinin sədri BÖYÜK İNSAN olmaq həvəsində

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli özünün köhnə ampluasındadır. Belə ki, o, yenə də müxtəlif saytlara gündə bir yalan ötürməklə özü haqqında “böyük siyasətçi” imici formalaşdırmağa çalışır. Əlbəttə, Azərbaycan cəmiyyətində müəyyən qrup insanlar onun bu yalanlarına inana bilərlər, amma borçalılar artıq Z.Məmmədlinin həqiqət düşməni olduğunu çoxdan bilirlər. Təsadüfi deyil ki, son vaxtlar borçalılar arasında hansısa bir şəxs yalan danışanda ona “zəlimxanlıq eləmə” deyə, irad tuturlar. Yəni artıq cənab Məmmədlinin yalanları məşhuri-cahandır. Həm də yalan da var, yalan da. Biz tərəfdə “Borçalı” Cəmiyyəti sədrinin yalanlarına “quyruqlu yalan” deyirlər...

“Borçalı” Cəmiyyətinin sədri Gürcüstana niyə buraxılmır?

Dəyərli oxucuların diqqətinə çatdırım ki, Gürcüstan hakimiyyəti bir neçə aydır Zəlimxan Məmmədlinin ölkəyə girişinə qadağa qoyub. Bunun səbəbinə gəlmədən qeyd edim ki, bu sətirlərin müəllifi Gürcüstan hakimiyyətinin bu qərarına qarşıdır. Ən azı ona görə ki, “Borçalı” Cəmiyyətinin sədri Azərbaycan vətəndaşı olsa da, Gürcüstan kökənlidir, bu ölkədə böyüyüb, boya-başa çatıb. Əgər həqiqətən də ortada ciddi bir səbəb yoxdursa, onun Gürcüstana buraxılmamasını qınayırıq. Çünki bizlər Azərbaycanda yaşasaq da öz doğma yurd-yuvamızdan ayrı qala bilmirik, ildə bir neçə dəfə Borçalıya baş çəkməli oluruq. Bu səbəbdən də istənilən Borçalı əsilli vətəndaşımızın Gürcüstana girişinin yasaqlanması heç də yaxşı hal deyil.

Təbii ki, Gürcüstan tərəfinin də konkret olaraq Z.Məmmədli ilə bağlı öz qadağasını əsaslandıran ciddi səbəbləri var. Gürcülər iddia edir ki, “Borçalı” Cəmiyyətinin sədri Gürcüstan dövlətinin təhlükəsizliyinə xələl gətirən fəaliyyətlə məşğuldur. Doğrudur, bununla bağlı konkret faktlar ortaya qoyulmur. Amma bu bəyanatın özündən də aydın olur ki, ortada bizim bilmədiyimiz hansısa önəmli məsələlər var. Yeri gəlmişkən, bəzi mətbu orqanlarda onun Rusiyanın müəyyən dairələri ilə qaranlıq əlaqələrinin olduğu və bu səbəbdən də Gürcüstana buraxılmadığı iddia edilir. Lakin bizim əlimizdə bununla bağlı heç bir fakt olmadığından bu haqda hansısa açıqlama vermək, mülahizə irəli sürmək fikrindən uzağıq. Bununla belə, Zəlimxan Məmmədlinin son günlər özünü var gücü ilə təmizə çıxarmaq istiqamətindəki fəaliyyəti də şübhəlidir. Biz tərəfdə belə bir deyim var: “Soğan yeməmisənsə, için niyə göynəyir? Digər tərəfdən, yalanlar üzərində qurulan bütün siyasi çırpıntılarının onu bataqlığın daha dərin yerlərinə çəkdiyinin də fərqindəyik...

Birinci “quyruqlu yalan”

“Borçalı” Cəmiyyəti sədrinin özünü təmizə çıxarmaq istiqamətindəki ilk cəhdi müavini olduğu bildirilən Giya Paçxataşvilinin (Givi) guya Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşərək onun məsələsini müzakirə etdiyi haqda cəmiyyətə yalan “satması” oldu. Mətbuata belə açıqlama verildi ki, guya, Giya Paçxataşvili Georqi Marqvelaşvili ilə tələbə yoldaşıdır, onların yaxın münasibətləri var, bu səbəbdən də prezident onu qəbul edərək problemin həlli istiqamətində onunla danışıqlar aparıb. Hətta Georqi Marqvelaşvilinin məsələnin tezliklə həll olunacağına söz verdiyi də iddia olundu. Lakin...

Bizim araşdırmamız nəticəsində bəlli oldu ki, Gürcüstan prezidentinin Giya Paçxataşvilini qəbul edib, onunla Zəlimxan Məmmədlinin problemini müzakirə etdiyi haqda informasiya yalan və kimlərinsə (Çox güman ki, Z.Məmmədlinin – müəl.) xəyal məhsuludur. Üstəlik, Giya Paçxataşvili ilə Georqi Marqvelaşvilinin tələbə yoldaşı olduğu barədə deyilənlər də özünü doğrultmadı. Bəlli oldu ki, 1961-ci il təvəllüdlü Giya Paçxataşvili 1981-ci ildə respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb və təhsilini də orada başa vurub. 1969-cu il təvəllüdli Georgiya Marqvelaşvili isə 1987-ci ildə İvane Cavaxaşvili adına Tiflis Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.

Göründüyü kimi, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə Azərbaycanın Qax rayonunda anadan olan Giya Paçxataşvili nəinki tələbə yoldaşı olub, ümumiyyətlə onların bir-biri ilə heç bir əlaqəsi olmayıb. Təbii ki, nə vaxtsa hansısa tədbirdə üz-üzə gəldikləri ehtimalının mümkün olduğunu istisna etmək şərtilə...

İkinci “quyruqlu yalan”

Zəlimxan Məmmədlinin ikinci yalanı Azərbaycan dövlətinin guya onunla bağlı Gürcüstana NOTA verdiyi haqda açıqlaması oldu. Əlbəttə, “Borçalı” Cəmiyyəti sədrinin bu yalanı da nəinki 40 gün, heç 40 saat keçməmiş ifşa olundu. Belə ki, Gürcüstan səfirliyindəki mənbəmiz Azərbaycan XİN-dən onlara heç bir NOTA verilmədiyini, sadəcə Zəlimxan Məmmədlinin müraciəti əsasında ənənəvi yazılı sorğu göndərildiyini bildirdi. O cümlədən, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də mətbuata açıqlamasında burada heç bir NOTA-dan söhbət getmədiyini vurğuladı. XİN rəhbəri də qeyd etdi ki, sadəcə “Borçalı” Cəmiyyəti sədrinin Gürcüstana nə üçün buraxılmadığını aydınlaşdırmaq məqsədilə qonşu ölkənin Azərbaycandakı səfirliyinə sorğu göndərilib.

Dəyərli oxuculara bəllidir ki, NOTA ilə sorğu arasında çox ciddi fərqlər var. Sıradan bir sorğunu “NOTA” kimi təqdim edənlərə də bəlli olsun deyə qeyd edək ki, NOTA rəsmi etiraz formasıdır və məzəmmət etmək anlamını verir. Sorğu isə adından göründüyü kimi, hansısa problemin səbəblərini aydınlaşdırmaq məqsədi daşıyır və Azərbaycan XİN-in borcudur ki, kimlyindən, vəzifəsindən, tutduğu mövqedən, ictimai-siyasi statusundan asılı olmayaraq hər bir ölkə vətəndaşının hansısa dövlətə girişinin yasaqlanmasının səbəbini aydınlaşdırsın. Ən azı ona görə ki, həmin şəxsin hansısa qaranlıq əlaqələri sabah ölkəmizin özünə də zərər verə bilər.

Bu səbəbdən, Zəlimxan Məmmədlinin özünü “önəmli fiqur” kimi təqdim etmək cəhdləri mənasızdır. Hesab edirik ki, “Borçalı” Cəmiyyətinin sədri BÖYÜK İNSAN olmaq üçün ilk növbədə borçalıların dəstəyini əldə etməli idi. Lakin çox təəssüflər olsun ki, Z.Məmmədli onun qanunsuz əməllərinə, qapalı fəaliyyətinə qarşı çıxan dəyərli insanları öz ətrafından, daha doğrusu Cəmiyyətdən pərən-pərən salmaqla BÖYÜKLÜK statusu qazanmağa namizəd belə ola bilmədi. Odur ki, bundan sonra onun bütün cəhdləri əbəsdir. Birdə ki, indi onu Gürcüstana buraxmırlarsa, kimə nə...?! Öz səhvləridir, məsuliyyətini də özü daşımalıdır.

Muxalifet.az

P.S. Hə, onu da deyim ki, borçalılar Zəlimxan Məmmədlinin növbəti yalanını da səbrsizliklə gözləyir. Ən azı gülmək üçün. Axı, biz borçalıların bu aralar gülüşə çox ehtiyacı var... Hadi cənab Məmmədli, lütfən daha bir yalan söylə!

Redaksiyadan: Qarşı tərəfin cavab hüququnu tanıyır və mövqeyini olduğu kimi dərc etməyə hazırıq.