“Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətindən kənarlaşdırılmalıdır”

Sərdar Əliyev: “Bu, təkçə mənim yox, bir çox Borçalı ziyalılarının və xalqın rəyidir”

“Borçalı” Cəmiyyətində baş verən daxili parçalanma və ciddi narazılıqları şərh edən Gürcüstan Türkləri Konfederasiyasının (GTK)  1-ci vitse-prezidenti Sərdar Əliyev bildirib ki, Zəlimxan Məmmədli artıq “Borçalı” Cəmiyyətindən kənarlaşdırlmalıdır:

“Çünki bu şəxs, artıq Borçalıda gözdən düşüb və insanlar onun hansısa problemin həllinə nail olacağına inanmır. Bu adam elə problem həll edəndirsə, özünə qarşı tətbiq edilmiş Gürcüstana giriş qadağasına əncam çəksin. Gülməli və tragikomikdir: “Borçalı” Cəmiyyətinin sədrini Borçalıya buraxmırlar. Özünə əriştə kəsə bilmir, başqasına necə umac ovacaq axı”?

Sərdar Əliyev qeyd edib ki, artıq “Borçalı” Cəmiyyətinin növbədənkənar Qurultayı çağrılmalıdır və Zəlimxan Məmmədli sədr vəzifəsindən və hətta adi üzvlükdən belə kənarlaşdırılmalıdır:

“Bu, təkçə mənim yox, bir çox Borçalı ziyalılarının və xalqın rəyidir. Zəlimxan Məmmədli “Borcalı” Cəmiyyətinin sədri olaraq bir çox Borçalı əsilli ziyalı, ictimai xadim və nüfuzlu şəxslərlə düşman olub, ciddi konfliktlərə gedib. Belə çıxır ki, ya bu şəxsin özü qüsurludur, ya da ki, bütün ziyalılar...

“Borçalı” Cəmiyyəti Zəlimxan Məmmədlinin şəxsi mülki deyil və mən əminəm ki, Cəmiyyətin növbədənkənar Qurultayında o, Sədr vəzifəsindən kənarlaşdırılacaq”.

Muxalifet.az