​Yüksək rütbəli məmurların adı hallanan rüşvət iddiası – ŞOK DETALLAR

Baxış sayı:
7252

Ədalət Məmmədov 4 ildir günahsız yerə həbsdə saxlanıldığını iddia edir; o, ədalətin bərpa olunması üçün Prezidentdən kömək istəyir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir. Həmin müraciəti olduğu kimi dərc edirik:
(Əvvəli bu lindkə: Borclu olduğu 150 min dolları qaytarmamaq üçün “torba tikdi”…)
“Möhtərəm Prezident!
Heç bir halda sübuta yetirilə bilməyən, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş icraçı müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadənin iç üzünü ifşa edib təsdiqləyən şikayət ərizəsində barəmdə yazılan böhtan xarakterli epizodları və N.M.Qarayevin şikayət ərizəsini olduğu kimi açıqlayıb, hüquqi qiymət verilməsini xahiş edirəm. Onu da xahiş edirəm ki, 1995-2018-ci ilin avqust ayına kimi DİN-də polis nəfəri kimi xidmət edib, sonra polkovnik-leytenat rütbəsi alaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dövlət Dəmiryolu Polis İdarəsi rəisinin müavini olmuş Qarayev Nizami Müslüm oğlunun barəmdə yazmış olduğu böhtan xarakterli şikayət ərizəsini rüşvət alıb araşdırmadan icraata qəbul edən, daxili işlər orqanlarında xidmətdə olan şəxsi bilə-bilə “zərərçəkmiş” kimi tanıyıb, məni əssassız ittiham edən baş müstəntiq F.Babzadə barəsində ciddi tədbir görülsün. Hesab edirəm ki, F.Babazadənin DİN-dən xaric olunaraq cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar olduğu səbəbindən, mənim barəmdə irəli sürülən saxta ittihamlara xitam verilməli, sifarişli çıxarılan hökm və məhkəmə qərarları ləğv edilməlidir.
Daxili işlər orqanlarında yüksək vəzifə tutmuş polis polkovnik-leytenantı N.M.Qarayevin sensasiya doğuran şikayət ərizəsinə diqqət yetirin! Polis adına qara ləkə gətirən bu əməkdaş qeyd edir ki, 2017-ci ilin yanvar ayının əvvəlində Qaradağ RRİ və ya DİN-nin mərkəzi aparatında Baş idarə rəisi vəzifəsinə, ya da RRİ-nə rəis vəzifəsinə getmək üçün mənə (bir ay əvvəl təsadüfən tanıdığı və işsiz olduğunu bildiyi halda) 45 000 min manat, 2017-ci ilin mart ayında 85 000 min manat və 2017-ci ilin iyununda təkrarən 35 000 (otuz beş) min manat (iki nəfəri şahid göstərib, mənim BMW X-5 maşınım olmadığı halda) ümumilikdə 160 000 (yüz altmış min) manat rüşvət vermişdir.
Barəmdə yazılmış epizodun əsassız-böhtan xarakterli olması məhkəmə prosesində bilərəkdən nəzərə alınmamışdır. Araşdırılması xüsusilə mühüm əhəmiyyət kəsb edən sualları diqqətinizə çatdırıram:
1. Daxili işlər orqanlarında xidməti maaşı 800-1000 manat olan polis polkovnik-leytenantı M.Qarayev 160 000 manat pulu necə əldə etmişdir?
2. Daxili işlər orqanları əməkdaşının sahibkarlıq fəaliyyəti göstərməsi qanunla qadağan olduğu halda, himayəsində çoxsaylı ailə üzvü olan şəxs 160 000 manat pulu hansı yolla qazanmışdır?
3. Şantaj xarakterli də olsa, niyə ibtidai araşdırma zamanı və ya ərizə icraata götürülən zaman, qeyd edilən rüşvətin haradan əldə edilməsi və ya kimlərdənsə borc götürülməsi barədə konkret araşdırma aparılmamışdır?
4. N.M.Qarayev Daxili işlər orqanlarında xidmətdə olarkən yüksək vəzifəyə getmək üçün rüşvət vermişdirsə, hansı səbəbdən onun özünə qarşı AR.CM-nin 308, 309, 29, 312 maddələri ilə cinayət işi başlanmamışdır?
5. Baş müstəntiq F.Babazadə nəyə istinad edərək, Nizami Qarayevi “zərərçəkən” kimi tanımışdır?
6. Əgər N.Qarayev işsiz olub, vəzifəyə getmək barədə sərsəm şantaj xarakterli şikayət vermiş olsaydı, onda yenə də ərizəyə baxıb araşdırma aparıla bilərdi?
7. N.M.Qarayevin qeyd etdiyi 160 000 manat rüşvətin DİN-nin “vəzifəyə təyinat taarif cədvəli”nə uyğunluğu mümkündürmü?
8. 1997-ci ildən 2018-ci ilə kimi Daxili işlər orqanlarında xidmət edən polis zabiti, eləcə də böhtan xarakterli şikayət ərizəsini icraata götürüb, məni aldığı rüşvətə görə bilərəkdən ittiham edən F.Babazadə Daxili işlər orqanlarında “vəzifəyə təyinat qiyməti”ni çox yaxşı bilirlər. O halda, M.Qarayevə diqtə ilə yazdırdıqları sübuta yetirə bilməyən 160 000 manat rüşvət iddiası tamamilə uydurma olduğu halda, nəyə görə AR.CM-nin 147-ci maddəsi (eləcə də 148 maddə) ilə N.M.Qarayevə ittiham irəli sürülməmişdir?
10. Neçə illər Daxili işlər orqanlarında xidmət etmiş şəxsin təsadüfən bir ay əvvəl tanış olduğu işsiz şəxsə inanaraq, sənədsiz-sübutsuz, video çəkilişsiz, əl yazması, şahidlərsiz üç dəfəyə hissı-hissə “rüşvət verməsi”, işi alınmadığı halda özü tədbir görməməsi və ya hansısa quruma dərhal şikayət etməməsi mümkündürmü?
11. N.M.Qarayevin şikayət ərizəsində adlarını qeyd etdiyi şahidlərin heç birinin faktı təsdiqləməməsi, mənim X5 markalı maşınım olmadığı halda, baş müstəntiq F.Babazadə nəyə istinad edib, onu “zərərçəkən” kimi tanıyıb məsuliyyətə cəlb etməyib? Odur ki, ortada mötəbər dəlil-sübut, fakt olmadan, məni əsassız ittiham etdiyi üçün N.M.Qarayevin şikayət ərizəsi əsasında irəli sürülən epizodlara xitam verilməlidir.
12. Baş müstəntiq F.Babazadənin xidməti otağında hazırlanan şablon mətnlərdə, 42 saniyə ərzində mənim telefonuma göndərilən SMS-də tarix və saat niyə gizlədilmişdir, həmin SMS-lər ekspertiza olunmadan necə sübut kimi qəbul edilmişdir?
13. Nəyə görə N.M.Qarayevin xidməti iş yerinə onun "giriş-çıxışı" barədə sorğu verilməmiş, mənimlə anten dalğası çıxarılmamışdır?
Qeyd etdiyim sualların cavabı onu deməyə əsas verir ki, ittiham olunduğum epizodlara xitam verilməli, baş müstəntiq F.Babazadə barəsində araşdırma başlayıb, barəsində xüsusi qərar qəbul edilərək məsuliyyətə cəlb olunmalı, eləcə də N.M.Qarayevə AR.CM-nin 296, 308, 309, 29, 312 maddələri ilə cinayət işi açılaraq, həbs edilməlidir.
Cənab Prezident!
Günahsız yerə həbsə atılmama son qoyulması üçün yuxarıda qeyd etdiyim faktlar üzrə məni ittiham etmiş baş müstəntiq F.Babazadə və onun rəisi, polis general-mayoru Ə.Rzayev barəsində ciddi tədbir görülərək, baş vermiş qanun pozuntularının aradan qaldırılması, sifariş əsasında qəbul edilən məhkəmə hökm və qərarlarının AR Ali Məhkəməsi tərəfindən icraata götürülüb, obyektiv araşdırma aparılması üçün müstəsna səlahiyyətləriniz daxilində yeni təyin etdiyiniz Ali Məhkəmənin sədri cənab İman Kərimova göstəriş vermənizi Sizdən xahiş edirəm. Ümüd edirəm ki, Sizə bu müraciətimdən sonra ədalət bərpa olunacaq və barəmdə obyektiv qərar qəbul ediləcəkdir”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.