“Yenə də naşı bir adamı MTN-in başına gətirəcəyiksə...”

Əli Ömərov: “Mənə MTN rəhbəri vəzifəsi tapşırılarsa, onu xəyanətsiz, canla-başla, prezidentə sədaqətlə həyata keçirməyə qadir adamam”
 
“MTN rəhbərlərinin illərdir verdiyi bütün informasiyalar yenidən yoxlanılmalıdır”
 
“MTN rəhbərliyinə yalnız sədaqətli deyil, eyni zamanda peşəkar şəxslərin gətirilməsi vacibdir. Əks-təqdirdə yenidən ağır problemlərlə üzləşməli olacayıq”
 
MTN-lə bağlı son hadisələr bütün ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Yalnız vəzifədən uzaqlaşdırılan şəxslərin yol verdiyi qanunsuzluqlar deyil, onların boş qalan yerlərinə kimlərin təyinat alacağı, bu təyinatların nə dərəcədə uğurlu olacağı da böyük maraq doğurmaqdadır. Odur ki, ölkə gündəminin ən vacib məsələsi ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə sabiq baş prokuror Əli Ömərova müraciət etdik:
 
-Əli bəy, uzun müddət hüquq-mühafizə orqanlarında işləyən, baş prokuror kimi mühüm bir vəzifədədə çalışan şəxs olaraq MTN-dəki son olayları necə dəyərləndirirsiniz? Necə olub ki, MTN-nin sabiq rəhbərlərinin saysız-hesabsız qanunsuzluğundan illər uzunu kimsə xəbər tutmayıb?
 
-Bu, yerində verilən bir sualdır. Doğrudan da maraqlıdır ki, bu məsələlər niyə və necə baş verib? Bu yöndə mətbuat çox düzgün analizlər aparıb və görünür ki, bəzi nazirliklərin və komitələrin bir sıra rəhbərləri də, əməkdaşları da MTN əməkdaşları ilə çox yaxın, sıx münasibətdə olublar. İndi bunu ayırd etmək üçün MTN rəhbərləri dövlət rəhbərlərinə, müvafiq orqanlara yalan məlumat verirlərsə, o zaman istənilən ciddi yoxlamalar nəticəsində hər şey ortaya çıxacaq. Amma çox təəssüf ki, bütün zamanlarda dövlət orqanlarında çalışanların əksəriyyəti də, cəmiyyət də təhlükəsizlik orqanlarının əməkdaşlarına da, onların verdiyi məlumatlara da indikindən fərqli olaraq daha çox etibar ediblər, inanıblar. Yenə də deyirəm ki, dövlətin qüdrətlənməsi, dövlətçiliyin mühkəmlənməsi üçün göstərilən bütün fəaliyyətlərin önündə təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyəti dayanır, daha doğrusu, dayanmalıdır.
Əvvəllər baş prokurorluğun səlahiyyəti var idi ki, istənilən cinayət işini bir orqandan alıb o biri orqana həvalə edə bilsin. Amma indi yeni şəraitdə, müstəqillik dövrünün tələblərinə uyğun aparılmış struktur və digər dəyişiklərlə bağlı, artıq prokurorluğun belə səlahiyyətləri yoxdur və çox güman ki, bu vəziyyətdə təhlükəsizlik orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanlarının özlərinə də böhtan atmaq yolunu tutmaqla öz çirkin əməllərini həyata keçirmək üçün zəmin yaradıblar. Çünki onlar son illərdə aprılmış dəyişikliklərin və islahat xarakterli işlərin nəticəsində özlərini tamamilə sərbəst hiss edirdilər. Belə hesab edirdilər ki, prezidentə onlardan yaxın kimsə yoxdur, prezident də başqa heç kəsə inanmır. Amma son günlərdə baş verənlər bir daha sübut elədi ki, prezident kimliyindən asılı olmayaraq, hər kəsin dövlətçiliyə qarşı çıxmasına çox ciddi qiymət verir, onları vəzifədən kənarlaşdırır və barələrində cinayət işinin başlanması üçün öz tövsiyələrini verir. Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, MTN əməkdaşlarının özbaşınalığına qanunlar çərçivəsində sədd çəkilib və törədilən cinayət xarakterli bütün əməllərə görə hər kəs öz layiqli cəzasını alacaq. Bütün bunlarla yanaşı, mən bir şeyi də xüsusi olaraq vurğulamaq istəyirəm ki, MTN-in sözügedən əməkdaşlarının heç biri nə qanunçuluğu, nə dövlətin təlükəsizlik konsepsiyasının, nə də heç olmasa MTN-in xüsusi statusa malik bir orqanı olaraq, fəaliyyət konsepsiyasını biliblər. Bu da yalnız onunla bağlıdır ki, həmin əməkdaşların başları yalnız bir tərəfə - mümkün qədər çox varlanmaq, ayrı-ayrı vətəndaşları ləkələmək, pul hərisliyinə qurşanaraq dövəti vəzifələrini tamamilə yaddan çıxarmaq istiqamətində işləyib. Belə olan halda hansı dövlətçilikdən və ya dövlətin möhkəmlənməsindən söhbət gedə bilər və bunlar dövlətə necə xidmət edə bilərlər? İndi mənə ən maraqlı gələn və ən vacib məsələ onların illər ərzində dövlət orqanlarına verdikləri məlumatların tamamının doğru olub-olmadığının yoxlanmasıdır. Məhz bu yoxlamalar bitdikdən sonra, indiyə qədər baş verən cinayət xarakterli əməllərin miqyaslarını öyrənmək olar. Eləcə də, yalnız bundan sonra MTN-in bir qurum kimi fəaliyyətinin yenidən və hansı istiqamətlərdə qurulacağı barəsində fikir söyləmək mümkündür.
 
-Ola bilsin ki, bütün bu olaylardan sonra MTN-dəki məlum sistemin daha şəffaf və mükəmməl şəkildə yenidən qurulması lazım gələcək. Təcrübəli hüquqşünas, sabiq baş prokuror kimi bununla bağlı hansı təklifləriniz var?
 
-Əslində hesab eləmirəm ki, hər şeyi lap kökündən dəyişmək və ya yenidən qurmaq lazımdır. Barəsində söhbət gedən cinayət xarakterli əməlləri tötətmiş əməkdaşların hamısı işdən kənarlaşdırılır və onların hər biri barəsində lazımi tədbirlər də yəqin ki, görüləcək. Hətta çox güman ki, onların əksəriyyəti cinayət məsuliyyətinə cəlb olunaraq layiqli cəzalarına çatdırılacaqlar. Məlum sistemi yaxşılaşdırmaq üçün isə mən öz düşüncələrimi demək istəyirəm. Bu mənada, məndən kim inciyəcəksə incisin, kim küsəcəksə küssün, payını götürən götüsün, götürməyən də özü bilsin, ancaq mən deməli olduqlarımı, doğru bildiklərimi deyirəm. Mənim bu yöndəki fikrim belədir ki, MTN-də rəhbər vəzifələrə, o cümlədən də nazir vəzifəsinə elə şəxslər götürülməlidir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətini, milli təhlükəsizlik konsepsiyasını, Azərbaycan xalqının psixologiyasını, arzu və istəklərini dəqiq bilsin, ölkənin prezidentinə xəyanət eləməsin, etibarlı və sədaqətli olmaqla yanaşı, həm də əsl peşəkar olsun.
Gəlin belə danışaq, mən bu ölkənin baş prokuroru işləmişəm və tutaq ki, sabah məni çağırıb desələr ki, səni səhiyyə naziri göndəririk, birincisi, mən özüm buna getmərəm. İkincisi də, o vəzifəyə getsəm mənim bu ölkəyə, Azərbaycan səhiyyəsinə xeyrim dəyərmi, təbii ki yox. Çünki mənim tibb elmindən xəbərim yoxdursa, hansı həkimlə hansı dildə danışmalı, peşəsi həkimlik olan adamlara həkimliyin hansı sirlərindən, hansı məziyyətlərindən danışa bilərəm? Axı, mənim bu şeylərdən xəbərim belə yoxdur və bu məsələləri bilmirəm. Bu gün biz MTN-in başına, məsələn Pedoqoji İnsitutun Coğrafiya fakültəsini bitirmiş bir adam qoysaq, təbii ki, bu da dövlətə heç bir fayda verməyəcək. Yəni, buraya elə bir adam qoymaq lazımdır ki, onun dövlətdən, dövlətçilikdən, dövlətin strukturlarından, dövlətin siyasətindən, xarici dövlətlərin Azərbaycana qarşı hansı siyasi xətt tutmalarından, qonşu dövlətlərin bizə münasibətindən, qanunlarımıza hörmətdən, prezidentin yürütdüyü siyasətə sədaqətdən xəbəri olsun və qanunlarımızın aliliyini göz bəbəyi kimi qorumağı özünün ən ali məqsədi bilsin. Mənə elə gəlir ki, məhz bu sadaladığım keyfiyyətlərə sahib bir şəxs, indiki durumda MTN-ə rəhbər təyin olumalıdır. Yoxsa, biz yenə də bütün bu məsələlərdən xəbərsiz naşı bir adamı MTN-in başına gətirəcəyiksə və təbii ki, o da ətrafına özü kimi naşı adamları yığacaq və nəticə etibarilə,  gec, ya da tez indikindən daha ağır problemlərlə üzləşməli olacağıq.
 
-Konkert olaraq kimin MTN rəhbərliyinə gətirilməsini daha məqsədəuyğun hesab edirsiniz? Belə bir namizədiniz varmı?
 
-Yox, yoxdur, hətta olsa belə, mənim səsimi eşidən kimdir? Mən bütün bu sözləri o mənada demədim ki, öz namizədim var.  Hər halda, ölkənin prezidenti daha yaxşı bilər ki, ona ən yaxın, sədaqətli və bu vəzifəyə layiq olan şəxs kimdir. Sınanmış, təcrübədən keçmiş insanları, bu sahənin peşəkarlarını bir-bir araşdırıb ələkdən keçirəndən sonra, ora prezidentə, dövlətimizə və dövlətçiliyimizə layiq olan bir adam yəqin ki, tapılar. Əlbəttə bu, mənim subyektiv fikrim və şəxsi mülahizəmdir.
 
-Əgər ölkə başçısı sizi bu posta layiq bilsə, o zaman bu vəzifənin öhdəsindən gələ bilərsiniz?
 
-Yox, siz məni ora çəkməyin. Bu məsələ prezidentin səlahiyyətinə aiddir və o özü yaxşı bilər ki, həmin fərmanda kimin adı yazılsın. O ki qaldı sizin verdiyiniz bacarıb-bacarmamaq haqda sualınıza, mən Heydər Əliyevin yanında bir il yarım işləmişəm və onun bütün nəsihətləri indi də qulağımdadır, ötən iyirmi beş il ərzində də  ona olan sədaqətimi də itirməmişəm. Mənə nəinki MTN rəhbəri, istənilən digər bir vəzifə tapşırılarsa, mən onu xəyanətsiz, canla-başla, prezidentə sədaqətlə həyata keçirməyə qadir adamam. Amma yenə də deyirəm ki, nə bu söhbət mənlikdir, nə də bu məsələlər mənim istəyim üzərinə reallaşa bilər. Ölkənin rəhbəri var və dediyim kimi, hansı şəxsin hansı vəzifədə çalışacağını da o hamıdan yaxşı bilir. Amma nə olursa-olsun, MTN-in rəhbəri kim təyin olunursa-olsun, istər o vəzifədə, istərsə də, icra hakimiyyətindən tutmuş, hüquq nühafizə sistemindən seçkili orqanlara qədər, bütün səviyyəli rəhbər kadrlardan kim xalqın mənafelərini tapdayaraq rüşvətə və korrupsiyaya qurşanırsa, kim vəzifə səlahiyyətlərini aşaraq xalqa, millətə zülm edirsə, o, ilk növbədə prezidentə və dövlətə xəyanət etməklə yanaşı, geniş xalq kütlələrinin etirazına səbəb olmaqla, onları dövət əleyhinə etiraz etməyə səsləyir. Bu yolverilməz haldı və ələlxüsus da, həm dünyada, həm regionda gedən mürəkkəb proseslərin fonunda, həm də ölkəmizin indiki böhran şəraitində vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq məsələlərdir. 
 
"Hürriyyət"