Xüsusi prokuror prezidentə ittiham irəli sürə bilərmi? - TRAMPA TƏHLÜKƏ VAR...

Baxış sayı:
5719

ABŞ Konstitusiyasında aydın şəkildə yazılıb ki, prezident “ağır cinayət və nalayiq hərəkətlərə” görə vəzifədən kənarlaşdıra, Konqres bunu impiçment prosesilə gerçəkləşdirə bilər. Amma prezident məhkəmədə mühakimə oluna bilərmi, Konstitusiyada bu haqda bir söz deyilmir, indiyədək ABŞ Ali Məhkəməsi də bu məsələyə ayrıca baxmayıb. “Reuters” agentliyi bu məsələni araşdırıb.

ƏDLİYYƏ DEPARTAMENTİNİN İKİ SƏNƏDİ

İndi məsələ daha çox diqqət mərkəzindədir. Çünki Xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisindəki rolu, Prezident Donald Trampın seçki kampaniyasının Moskvayla mümkün əlbirliyi, Trampın sözügedən təhqiqatı əngəlləməyə çalışması iddialarını araşdıraraq xüsusi hesabat hazırlayır.

ABŞ Ədliyyə Departamentinin onillər boyunca apardığı siyasət onu göstərir ki, vəzifədə olan prezidentə ittiham irəli sürülə bilməz. Bunu hüquq ekspertləri deyir.

1973-cü ildə Prezident Riçhard Nixon ətrafında “Watergate” qalmaqalı yarananda Ədliyyə Departamenti qəbul etdiyi daxili bir sənəddə vəzifədə olan prezidentə ittiham irəli sürülə bilmədiyini vurğuladı. Nixon 1974-cü ildə istefa verdi. Departament 2000-ci ildə mövqeyini bir daha təkrarladı, vəzifədə olan prezidentin cinayət təqibi, ittihamlara qarşı “konstitusion toxunulmazlığı” olduğunu vurğuladı.

 

Bir çox hüquq ekspertlərinin fikrincə, bu sənədlər Ədliyyə Departamentinin bütün işçiləri, o cümlədən Müller üçün keçərlidir.

Amma bəzi hüquqşünaslar deyirlər ki, ölkənin qurucuları prezidentləri mühakimədən qorumaqdan ötrü Konstitusiyaya bir bənd sala bilərdilər. Bunu etməyiblərsə, deməli ittihamların irəli sürülməsi mümkündür. Onların mövqeyincə, prezidentin toxunulmazlığı heç kəsin qanundan yuxarıda durmamasını nəzərdə tutan fundamental hüququ pozur.

Onda görəsən, Müller mövcud siyasətə baxmayaraq Tramp-a ittiham irəli sürə bilərmi?

Agentlik bunun mümkün olduğunu yazır. Belə ki, Ədliyyə Departamentinin Müllerin təyinatıyla bağlı qaydaları ona “fövqəladə vəziyyətlərdə” departamentin siyasətindən kənara çıxmağa icazə verir. Amma belə bir kənaraçıxmanı ABŞ-ın baş prokuroru təsdiqləməlidir və hazırda bu vəzifədə Trampın təyin etdiyi Uilyam Barrdır.

Bəzi hüquq ekspertləri ehtimal edirlər ki, Müller ciddi pozuntu aşkarlarsa, parçalanmış durumda olan Konqresin Trampdan hesabatlılıq tələb edəcəyinə inamı olmazsa, belə bir istisnaya əl ata bilər. Bəzi hüquqşünasların deməsinə görə, Müller 1973 və 2000-ci ildə qəbul olunmuş sənədlərə tabe deyil, çünki o, departamentin adi işçisi sayılmır.

Bəs Tramp vəzifədən kənarlaşdırıla və sonra mühakimə oluna bilərmi? Buna şübhə yoxdur, çünki keçmiş prezidentin vəzifədə olarkən yol verdiyini nöqsanlara görə mühakimə olunması mübahisə doğurmur.

“Reuters” Nixxon-dan sonra vəzifəyə keçmiş Prezident Cerald Fordunun elə bu amili nəzərə alaraq sələfini əfv etdiyini yazır. Nikson “Birləşmiş Ştatlarda törətdiyi, yaxud törədə biləcəyi bütün pozuntularla bağlı tam, azad və mütləq əfv” qazanmışdı./Virtualaz