XİN ABŞ konqresmenlərinin Qarabağa səfərini araşdırır

"ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq".
Bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər.
* * *17:08
Bu gün ABŞ Konqresində erməni məsələləri üzrə komitənin həmsədri Frenk Pallone və Xarici münasibətlər komitəsinin üzvü Tulsi Qebrd işğal altında olan Qarabağa səfər ediblər.
Bu barədə Novosti Armeniya xəbər yayıb.
Konqresmenlər qondarma qurumun ABŞ-dakı daimi "nümayəndəsi" Robert Avetisyanın, Amerika erməniləri qurultayının həmsədri Entoni Barsamyanın və “Hayastan” fondu ABŞ bölməsinin rəhbəri Maria Mihranyanın müşayiəti ilə bölgəyə gəliblər.
Məlumata görə, Frenk Palon və Tulsi Qebırd Şuşada və Xankəndidəki mədəni və dini mərkəzlərə baş çəkib, həmçinin işğalçı rejimin “parlamentində” çıxış ediblər.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın işğal edilmiş ərazilərinə konqresin başqa bir üzvü - Devid Valadao da baş çəkmişdi.