Xanlıqdan xarabalığa doğru və ya Krım “qırımının” başlanması... – II YAZI

Baxış sayı:
7484

Birinci yazını buradan oxuya bilərsiniz: (https://muxalifet.az/avropanin-incisi-v-ya-dumanli-qmgin-olk-iskit-padsa...) Quruluş tarixi 1441-ci il hesab edilən Krım xanlığının əhalisinin əksəriyyəti türklərdən ibarət idi. Dağətəyində yaşayanlar, yalıboylular və noqaylardan ibarət üç əsas subetnosun birləşməsindən yaranan Krım türkləri bu vaxtdan etibarən Qərb səyyahları tərəfindən “Krım tatarları” adlandırılmağa başladılar. Əslində isə Krım türkləri buranın ilk sakinləri olmuş iskit və kimmerlərin, hunların, xəzərlərin, peçeneqlərin, qıpçaqların, oğuzların, habelə yarımadadakı yerli türklər tərəfindən assimlyasiya edilmiş monqol-tatar ordularının törəmələri idilər. Krım xanlığı digər orta əsr müsəlman-türk dövlətləri kimi xan və onun yanında fəaliyyət göstərən divan adlı dövlət şurası tərəfindən idarə olunurdu. Divanda xandan başqa onun “kalqa-sultan” və “nurəddin sultan” titullarını daşıyan vəliəhdləri, xanın baş hərəmi və anası (validə sultan), müfti, habelə baş və oğlanlar adlanan bəylər təmsil olunurdular. Krımın sərhədlərinin qorunması, iqamətgahı indiki Perekopda yerləşən, adətən Gəraylılar nəslindən olan ordubaşına həvalə olunmuşdu. Krım xanlığında “ağça” və “beşlik” adlanan sikkələr zərb olunurdu. Xanlıq şimaldan Reç Pospolita və Moskva knyazlığı ilə həmsərhəd idi. Dövlətin paytaxtı Solxat (Salaçık), daha sonra isə Bağçasaray olmuşdur. 1454-cü ildə Hacı Gəray xan Osmanlı sultanı Mehmet Fateh arasında imzalanmış müqavilə 1475-ci ildə yeniləndi. Müqaviləyə əsasən, Krımın cənubundakı dənizsahili ərazilərin ona verilməsi müqabilində Osmanlı Krım xanlarının müdafiə edəcək, Krım xanı da öz növbəsində Osmanlının hərbi yürüşlərində iştirak edəcəkdi. 1482-ci ildə şimala doğru yürüşə çıxan I Məngli Gəray xan Kiyevi tutaraq, Moskva knyazı III İvanı da asılı vəziyyətə saldı. Öz süzereninin köməyi sayəsində III İvan Qızıl Ordanı bərpa etmək istəyən Əhməd xanın hücumundan xilas ola bildi. 1502-ci ildə I Məngli Gəray xanın Qazan və Həştərxan xanlıqlarını, bir il sonra isə Moskvanı tutdu. Həmin ildən başlayaraq I Pyotrun hakimiyyət illərinə qədər ruslar Krım xanlığına hər il xərac verməyə məcbur edildilər. XVI əsrin ortalarında Moskva knyazlığının Qazan və Həştərxan xanlıqlarını işğal etməsinə cavab olaraq Krım xanı Dövlət Gəray xan 1571-ci ilin mayında Moskvanı ələ keçirib yandırdı və IV İvanı (Qroznı) hər il xan divanından gələn siyahıya əsasən xərac verməyə məcbur etdi. 1591-ci ildə Krım xanı II Qazi Gəray xan yenidən Moskva çarlığı üzərinə uğurlu yürüş təşkil etdi. XVII yüzilliyin ortalarında Krım xanları Polşa ilə mübarizədə ukraynalıları müdafiə edirdilər. 1648-ci ilin yayında Sarı Su döyüşündə Krım türklərinin sayəsində Boqdan Xmelnitski polyaklar üzərində möhtəşəm qələbə qazana bildi. XVII yüzilliyin sonlarına doğru Osmanlı tərəfində ağır və üzücü savaşlarda iştirak etməsi, Osmanlı sarayındakı intirqalara Krım xanlarının da cəlb edilməsi get-gedə xanlığın qüdrətini sarsıdırdı. Krım xanları fürsət düşüncə Osmanlı asılılığından qurtulmağa can atırdılar. Məsələn, Krım xanı II Məhəmməd Gəray xan,Osmanlı sultanı III Muradın Azərbaycan üzərinə yürüş etməsini əmr edən fərmanı gətirmiş çapara belə cavab vermişdi: “Mən Osmanlı bəyi deyiləm ki onun hər sözünü yerinə yetirəm, mən Krım xanıyam”. Osmanlı sultanının onu devirmək üçün Kəfədən göndərdiyi 3 min yeniçərini mühasirəyə alan xan, III Murada belə bir məktub göndərmişdi: “Mən adına xütbələr oxunan və sikkələr zərb olunan padşaham. Məni heç kim devirə və ya əvəz edə bilməz”. Lakin bu qürurlu Krım xanı öz doğma qardaşı Əli Gəray tərəfindən xaincəsinə öldürülmüşdü. Get-gedə güclənən Rusiya çarlığı “müdafiə xətləri” qurmaq adı altında Cənuba – Krım xanlığı ərazisinə doğru irəliləyirdi. Rus tarixçisi Q.L.Saninin sözləri ilə desək,1654-cü ildə Pereyaslavlda Krım xanlığının müttəfiqi Boqdan Xmelnitskinin Rusiya ilə ittifaqa girməsi “heç vaxt Rusiyanın olmamış Krım torpaqlarında XVIII yüzillikdə dövlətçiliyin itirilməsinə və ləğvinə səbəb oldu”. Osmanlı səyyahı Övliya Çələbinin uzaqgörənliklə söylədiyi “beş-on il tatar basqınına məruz qalmasalar, ruslar bundan istifadə edib öz dövlətlərini qurmağa başlayacaqlar. O zaman heç bir qüdrətli dövlət onların polyak və kazakların torpaqlarını tutmaqlarına mane ola bilməyəcək” sözləri reallığa çevrilməyə başladı. Rusiya ilə imzalanan müqavilə ukraynalılara köləlikdən - təhkimçilik hüququndan başqa bir şey gətirmədi. Ukraynanın Rusiya ilə “uniyasından” sonra əvvəlki dövrlərin azadlığını görmək istəyən kazaklar ya ömürlərinin sonuna kimi Preobrajenski cərimə batalyonunda xidmət etməli, yaxud da boyunlarını cəllad kötüyünə qoymalı oldular. Ukraynanın xeyli hissəsinin Rusiyanın əlinə keçməsi onun 200 ilə yaxın xərac verdiyi Krım xanlığının torpaqlarına göz dikməsinə səbəb oldu. Ruslar ilk dəfə Krıma Qaplan Gəray xanın hakimiyyət illərinin sonlarında (1730-1736) feldmarşal Minixin başçılığı ilə 30 minlik nizami ordu yeritdilər. Bağçasaray və İslam memarlığının incisi sayılan Ağ Məscid yerlə yeksan edildi. Küçələrdə qalan meyidlərin basdırılmaması ucbatından yaranan epidemiyadan 28 min itki verən rus ordusu Krımdan çıxdı. Arslan Gəray xanın dövründə (1748-1756) rusların dağıtdıqları yaşayış məskənlərini və abidələri bərpa edildi. Osmanlının zəifləməsindən istifadə edən Qırım Gəray xan (1758-1764) müstəqil xarici siyasət yeridərək Avropa ölkələri, o cümlədən Prussiya ilə diplomatik əlaqələr yaratdı, Bucaq və Noqay Ordularını özünə tabe etdi. Onun ölümündən sonra Osmanlı ilə Krım xanları arasındakı soyuqluqdan istifadə edən Rusiya, əvvəlcə Bucaq tatarlarını, sonra noqayları, daha sonra isə ayrı-ayrı əsilzadələri, o cümlədən şahzadə Şahin Gərayı bahalı hədiyyələrlə öz tərəfinə çəkməyi bacardı. 1771-ci ildə 60 min noqayın da qoşulduğu 30 minlik rus ordusu Krıma soxuldu. Bir çox şəhərlər xarabazarlığa çevrildi. Bütün yarımada rus ordusu tərəfindən işğal edildikdən sonra Krımdakı Rusiya səfiri Veselitski Sahib Gəray xandan Rusiya hökmdarı II Yekaterinaya məktub yazaraq “Kerç,Kəfə və Yeniqala şəhərlərinin ruslara verilməsini xahiş etməsini” təklif elədi. Sahib Gəray xan onun bu təklifi rədd elədiyini görə 19 sentyabr 1772-ci ildə rus cəza dəstələri Krım əhalisinin kütləvi qırğınını təşkil etdilər. Bunun ardınca çar Rusiyasının diqtəsilə Qarasubazarda toplaşan Krım bəyləri,mirzələri və 10 min rubl qızıl pul “hədiyyə almış” noqay sərəskərləri 1772-ci ildə Krım xanlığının “müstəqilliyini elan edən” traktat imzaladılar. 1774-cü ildə Rusiya ilə müharibədə uduzaraq Kiçik Qaynarca sülhünü imzalamış Osmanlı da Krımın “müstəqilliyini” tanımağa məcbur oldu. 1775-ci ilin yazında Krım türkləri III Dövlət Gəray xanı taxta çıxartdılar. Rusiya dərhal Krıma satqın şahzadə Şahin Gərayın da qoşulduğu 40 minlik ordu yeritdi. Qüvvələrin qeyri-bərabər olduğu döyüşdə məğlub olan III Dövlət Gəray xan İstanbula getməyə məcbur oldu. Ruslar tərəfindən Krım taxtına çıxarılan Şahin Gəray daha “xan” deyil “sultan” titulu daşısa da tam şəkildə ruslardan asılı idi. Lakin Krımdakı rus ordularının komandanı Prozorovskinin etirafına görə bu “sultan”a qarşı “nifrət o qədər güclü idi ki, tatarlar ona tabe olmaqdansa son nəfərə qədər məhv olmağa üstünlük verirdilər”. 1777-ci ildə üsyana qalxan Krım türklərinə tutulan amansız divan nəticəsində 12 min dinc sakin qətlə yetirildi, çoxlu qoca,qadın,uşaq sığındıqları dağlarda aclıqdan və soyuqdan öldü. 1781-ci ildə Krımda yenidən rusların vassalı olan Şahin Gəraya qarşı üsyan qalxdı. Onun üsyanı yatırtmaq üçün göndərdiyi ordu da üsyançılara qoşuldu. 1782-ci ilin sonlarında II Yekaterina “ məkrli bir xalqa xan olmaqdan vaz keçdiyini” bəyan edən Şahin Gəraya, “Rusiyanın himayəsində olan təbəələrə (Krım türklərinə) etdiyi zülmlərə görə onun hakimiyyətdə saxlanmasının dövlət maraqlarına zidd olduğunu” bildirdi. 8 fevral 1783-cü ildə dərc olunmuş manifestə görə, “Krım yarımadası, Taman adası və Kuban Rusiya himayəsinə keçdi”. Bundan sonra Krımdan nəinki müsəlmanlar,eləcə də yüz illərlə burada məskunlaşmış xristianların zorla qovulmasına başlanıldı. Sovet hakimiyyəti qurulduqdan sonra da Krım türklərinə qarşı repressiyalar davam etdirildi. “Qırmızı terror” nəticəsində 120 min Krım türkü qətlə yetirildi, 75 mini isə 1920-22-ci illərdə aclıqdan qırıldı. Təkcə 1923-cü ildə yüz minlərlə Krım türkü məhv edildi. 1939-cu il siyahıyalınmasına görə yarımadada yaşayan 1 milyon 112 min əhalinin cəmi 19,4 faizini Krım türkləri təşkil edirdilər. II Dünya müharibəsi illərində “almanlarla əməkdaşlıq”da ittiham edilən Krım türkləri öz yurdlarından tamamilə deportasiya edildi. Deportasiya vaxtı yollarda və sürgün yerlərində Krım türklərinin yarısı məhv olmuşdu. N.Xruşşovun hakimiyyəti dövründə SSRİ-də repressiyaya məruz qalmış xalqların içərisində Krım türkləri “unuduldu” və Ukraynanın Rusiya ilə “birləşməsinin” 300 illiyi münasibətilə bu qədim Türk torpağı, Ukrayna SSR-ə “hədiyyə” edildi. Lütfi MƏMMƏDOV, Muxalifet.az