XALQI CƏRİMƏLƏRLƏ DİZ ÇÖKDÜRMƏK - Hökümət büdcəni vətəndaşların cibinə girməklə doldurmağa çalışır

Baxış sayı:
760

2025-ci ilin əvvəlində minimum əmək haqqı və pensiyaların cuzi şəkildə qaldırılması əhaliyə baha başa gəlir. Söhbət ondan gedir ki, 3-5 faiz artımdan sonra bazarda qiymətlər az qala 20-30 faiz çoxalıb. Xüsusilə, bu, istehlak bazarında özünü daha çox göstərdiyindən, hər bir ailənin büdcəsinə ciddi təsir göstərir. Görünür, məhz bu səbəbdən də pensiya və əmək haqları artırılanda insanlar yeni bir qiymət artımı dalğası başlayacağı üçün az qala hökümətdən, yaxud da ölkə başçısından bu qərarı dayandırmağı xahiş edirlər.
Əlbəttə, təkcə ərzaq məhsulllarının qiymət artımı ilə iş bitsəydi, nə vardı?! İnsanları qara qəpiyə möhtac qoyan hökümət indidə cərimələri dəfələrlə artırmaqla, onların yaşam eşqini söndürməyə çalışır. Doğrudur, deyə bilərsiniz ki, “qaydaları pozma, cərimə olunma”. Amma bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda tətbiq olunan cərimələri ən azı yarısı haqsız, ədalətsiz qərarlardan meydana çıxır. Məhz bu səbəbdən də, hətta ən nümunəvi vətəndaşımız belə, bir gün hökümətin bu “cərimə siyasəti”nin “dəyirmanında üyüdülməyəcəyinə” arxayın olmasın.
Əslində, son vaxtlar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə bir çox sahələrdə cərimələrin yüksək həddə artırılması başqa maraqlardan da xəbər verir. Öncə onu qeyd edək ki, ölkədə xalqı diz çökdürən bu cür qərarların verilməsi hələ aylar öncədən bəlli idi. Belə ki, sabiq maliyyə naziri Samir Şərifov büdcə kəsirlərini cərimələr hesabına dolduracağını bəyan edəndə, hər bir vətəndaşımız bunun mesajını almalı idi. Hətta belə fikirlər də var ki, Samir Şərifov vaxtından əvvəl hökümətin “cərimə siyasətini” ifşa etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Bunun nə dərəcədə dəqiq bir fikir olduğunu deyə bilmərik, amma S.Şərifovun bu açıqlamanı vaxtından əvvəl cəmiyyətə ötürməsi topluma üstüörtülü mesaj da ola bilərdi. Bəlkə də o, bununla demək istəyirmiş ki, “ay camaat, sizi qarşıda çox ağır günlər gözləyir, ayılın”. Əks halda, 20 ilə yaxın maliyyə naziri vəzifəsində işləyən bir şəxs nə üçün belə bir “quş buraxmalı” idi?!
Proseslərin gedişi onu göstərir ki, vəzifədə olduğu illər ərzində əhalinin kasıb təbəqəsinin qanını soran Sahil Babayevin maliyyə naziri postuna gətirilməsi də səbəbsiz deyilmiş. Necə deyərlər, hələ görəcəkli günlərimiz var. Əlbəttə, nazirin təyinatından qısa müddət sonra xalqa qarşı bu cür total “cərimə hücümları” etmək məhz sabiq nazirin əvvəlcədən demək istədikləri idi.
Şübhəsiz, biz S.Şərifovun “əlini üzünü yumaq” fikrindən uzağıq, o da bu sistemin bir parçasıdır, xalqın indiki ağır duruma düşməsində, uzun illərin maliyyə naziri olaraq, onun da məsuliyyət payı vardır. Amma görünən odur ki, ölkənin maliyyə siyasətinin başında dursa da, o, sadəcə bir fiqur olub, mühüm qərarlar vermək səlahiyyəti olmayıb. Yaxud da, digər bir çox məmurlardan fərqli olaraq, xalqın maddi sıxıntılar, cərimələrlə çökdürülməsinə tərəfdar olmayıb....
Hər halda, bizim Samir Şərifovu əsassız yerə tərif etdiyimizi düşünənlər tezliklə onun xələfinin - Sahil Babayevin amansız davranışlarının şahidi olacaqlar. Doğrudur, kimlərsə düşünə bilər ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə Sahil Babayevin nə kimi əlaqəsi ola bilər? Belə bir düşüncədə olan oxucularımızın diqqətinə çatdıraq ki, bu məsələdə Sahil Babayevin birbaşa rolu olmasa da, o,  bu siyasətin aktiv icraçısıdır və tezliklə “kraldan çox kralçı olacağına” kimsənin şübhəsi olmasın, necə ki, “sosnazir” işlədiyi dönəmdə bunu bariz şəkildə ortaya qoydu.
Bir daha qeyd edək ki, mövcüd idarəçilik sistemində hansısa məmurun özbaşına qərar vermək səlahiyyəti yoxdur, ola da bilməz. Amma söhbət xalqa qarşı qərarlardan gedirsə, Sahil Babayev başda olmaqla, əksər məmurların bu “şərəfli işin” icrasını böyük canfəşanlıqla yerinə yetirdikləri və yetirəcəkləri kimsəyə sirr deyil. Çünki bu məmurları xalqı sosial qayğılardan xilas etmək, insanları xöşbəxt gələcəyə aparmaq yox, məhz hər bir vətəndaşın əlində olan sonuncu qəpiyini almaq daha çox düşündürür. Son vaxtlar qəbul edilən qərarlar da onu göstərir ki, onlar əhalinin güzəranını düzəltmək üçün yeni-yeni sosial lahiyələr üzərində işləməkdənsə, insanları ağır, ədalətsiz, haqsız cərimələrlə məhvə məhkum etməyə çalışırlar. Bizim hökümətin “cərimə siyasətinin” əsasında məhz bu prinsiplər dayanır.
Bu gün onu  da əminliklə deyə bilərik ki, ölkədən surətlə “beyin axını”nın olması məhz hökümətin bu cür yanlış “sosial siyasəti” ilə bağlıdır. Belə ki, bu gedişlə ölkənin “sosial bataqlığa” yuvarlanacağını çox yaxşı görən vətəndaşlar, xüsusilə istedadlı gənclər xarici ölkələrə üz tutmağa məcbur olurlar. Təbii ki, burada sosial amillə yanaşı, insanların addımbaşı ədalətsizliklərlə üzləşməsi də mühüm faktdır. Yenə o məsələyə qayıdırıq ki, haqsız yerə cərimə olunanlar, heç bir günahı olmadan təqib və təzyiqlərə məruz qalanlar ölkədən getməkdən başqa çıxış yolu görmürlər. Bəlkə də onların bir çoxu hansısa Avropa ölkəsində belə, istədikləri, arzuladıqları həyatı yaşaya bilmirlər. Amma onların böyük əksəriyyəti gündəlik qarşılaşdıqları stressdən, təzyiq və basqılardan uzaq həyat yaşamaqla, qürbətdə özlərini xöşbəxt hesab edirlər. Görünür, məhz bu səbəbdəndə “ayağı yer tutan” hər kəs son dövrlər öklədən qaçmağın yollarını axtarır. Bütün bunlarda, yuxarıda da qeyd etdiyimiz kimi, bizim hökümətin “sosial siyasəti”nin “uğurlu” nəticəsidir.
Jalə FAMİLQIZI