Vurğun Əyyub Qubad İbadoğlunun müavini oldu

Fevralın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci iclası olub.
Hərəkatdan daxil olan məlumata görə, əksər üzvlərin qatıldığı toplantıda öncə Xocali soyqırımının anım mərasimində ADR Hərəkatı üzvlərinin iştirakı ilə bağlı fikir mübadiləsi olub və İH üzvləri şəhidlərimizin xatirəsini onlara sayğı duruşu nümayiş etdirməklə bir daha yad ediblər. Sonra ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi görüş barədə qısa məlumat verib. Toplantı iştirakçıları həmçinin ADR Hərəkatının təşkil etdiyi “Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini müzakirə etdilər. Qərara alındı ki, belə formatda müzakirələr müxtəlif mövzular üzrə davam etdirilsin.
Gündəlikdə olan təşkilatı məsələlər məsələsi üzrə geniş müzakirələr oldu. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı sahələr - təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr, demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş, sosial rifah məsələləri - razılaşdırıldı. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparıldı. Qərara alındı ki, mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, onlar arasında ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə verilsin.
Təşkilati məsələ çərçivəsində Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi imzaladığı ilk sərəncamla İH-nin üzvü Vurğun Əyyubun ADR Hərəkatı sədrinin 1-ci müavini təyin etdiyini açıqladı. İH üzvləri bu sərəncamı razılıqla qarşıladı və yekdilliklə dəstəklədilər. Eyni zamanda nizamnaməyə müvafiq olaraq razılaşdırıldı ki, ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək.
Toplantıda ADR Hərəkatının informasiya əlaqələrinin gücləndirilməsi, onun əhatə və təsir dairəsinin genişləndirilməsi üçün təkliflər də müzakirə olundu(qafqazinfo.az).