Vüqar Rəhimzadə haqqında cinayət işi açıla bilər - BAŞ PROKURORA MÜRACİƏT OLUNDU / Yenilənib

Baxış sayı:
8635

 
“Vüqar Gəncəli oğlu Rəhimzadə Mətbuat Şurasında gizli iclas keçirərək bizə qarşı anti-təbliğat fəaliyyəti aparmış, qəzetə cəza tətbiq edilməsi kimi absurd iddialar irəli sürmüşdür”
 
“Təzadlar”ın baş redaktoru Asif Mərzili YAP Siyasi Şurasının üzvü, Bakı Slavyan Universitetinin müəllimi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin qanunsuz əməllərindən Baş Prokurorluğa şikayət göndərib.
 
Aşağıda təqdim edirik:
 
Azərbaycan Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova!

 
Çox hörmətli Zakir müəllim!

 
Bildirirəm ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, sabiq millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, qardaşı 2005-ci ildə dövlət çevrilişinə cəhd cinayətində iştirakına görə Azərbaycan CM-nin müxtəlif maddələri ilə ittiham edilərək məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş, “2 sahil” qəzetinin baş redaktoru Vüqar Gəncəli oğlu Rəhimzadə dəflərlə rəhbəri olduğum “Təzadlar” qəzetində dərc olunmuş araşdırma yazılarının çapının dayandırılmasını, eləcə də həmin yazıların qəzetin rəsmi saytından silinməsini qanunsuz olaraq tələb etmişdir. Lakin onun Azərbaycan Mətbuat Şurasında şikayətlər komissiyasının sədri olmasını bildiyimizdən gələcəkdə süni problemlərdən uzaq durmağımız naminə bu qanunsuz tələblərini yerinə yetirməyə məcbur olmuşuq. Çünki təcrübədən də bilirik ki, Vüqar Rəhimzadənin belə qanunsuz tələblərini nəzərə almayandan az sonra qəzetdə dərc olunmuş yazılarla bağlı Mətbuat Şurasına süni şikayətlər təşkil edilmişdir və s.
 
Sonuncu dəfə isə 2017-2018-ci illərdə Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova tərəfimizdən göndərilmiş KİV sorğusu cavablandırılmadığından tərəfimizdən 1 saylı /Bakı İnzibati-İqtisadi Məhkəmədə sorğuya cavab verilməsi öhdəliyi ilə bağlı iddia qaldırdıq və bu barədə qəzetdə məlumatlar dərc edildi. Bu məqamda yenidən Vüqar Rəhimzadə mənə məxsus 050-212-61-60 saylı mobil telefona zəng edərək bu yazının saytdan silinməsi və qəzetdə dərcinin dayandırılmasını tələb etmişdir. Lakin mən ona qanunvericiliyin tələblərini izah edərək AAK-ın professorlarının şikayət verdiyini və ona görə də onların şikayətçi hüquqlarını tapdaya bilməyəcəyimizi, yazının saytdan götürülməyəcəyini bildirmişəm, Vəli Hüseynovun sorğunu cavablandırmasının vacibliyini ona xatırlatmışam. Bir gün sonra isə, yəni 21 avqust 2018-ci ildə qəzetin rəsmi saytında Prezident yanında AAK-ın 4 professorunun redaksiyaya daxil olmuş və Prezident cənab İlham Əliyevə ünvanlı şikayət məktubları yayımlanmışdır (Professorların imzalı müraciəti təqdim edilir). “VƏLİ HÜSEYNOVUN PROFESSORLARI OD PÜSKÜRDÜ” başlıqlı həmin məqalə ilə bağlı Vüqar Gəncəli oğlu Rəhimzadə yenidən mənə məxsus mobil telefona zəng edərək hədə-qorxu ilə həmin yazının çapının dayandırılmasını israrla tələb etmiş, saytdan silinməsini təkid etmişdir. Onun bu qanunsuz hərəkətini, eləcə də qəzetin rəhbəri kimi gələcəkdə hansısa əsassız şübhələrdə adımızın hallandırılmamasını nəzərə alaraq özümün onunla telefon danışığımı yazmaq məcburiyyətində qaldım (audio-disk təqdim edilir).
 
Xatırladıram ki, həmin məqalədən sonra Prezident Administrasiyası bu yazıya ciddi reaksiya vermişdir və Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında AAK-da iclas keçirərək həmin tənqidi məqaləni xatırladaraq Vəli Hüseynovun tutduğu vəzifədən kənarlaşdırılması barədə qərarı elan etmişdir.
 
Sonradan bizə məlum oldu ki, sən demə, Vüqar Gəncəli oğlu Rəhimzadənin həmin günlərdə doktorluq elmi işi Vəli Hüseynov tərəfindən təsdiqlənməli imiş və V.Hüseynovun işdən çıxarılması ilə bu niyyət baş tutmamışdır. Bundan sonra isə Vüqar Rəhimzadə bizdən qisas almaq üçün qəzetə qarşı düşmən mövqe tutaraq qanunsuz fəaliyyətlə məşğul olmağını davam etdirmişdir (bu barədə sübutları təqdim edirəm). Dəfələrlə onun diqqətinə əməllərinin “KİV haqqında” Qanunun 59-cu maddəsinin tələblərinin pozulması demək oluduğunu çatdırsaq da, o, bundan nəticə çıxarmamışdır. Belə ki, “KİV haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsində deyilir: (“Maddə-59.Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət”): “Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək; peşə müstəqilliyini pozmaq; jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək; jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək; jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək; habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər”.
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 63-cü maddəsində (“Maddə.63. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma”) isə deyilir: “163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
 
Vüqar Gəncəli oğlu Rəhimzadə “2 sahil” qəzetinin baş redaktoru (o, həm də Azərbaycan Mətbuat Şurasının komissiya sədri, YAP Siyasi Şurasının üzvüdür) olaraq vəzifəli şəxs kimi bizim jurnalist olaraq qanuni peşə fəaliyyətimizə ciddi şəkildə mane olmuşdur. Belə ki, Heydər Əliyev Fondunun vitse-Prezidenti hörmətli Leyla xanım Əliyevanın “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası çərçivəsinndə 2019-cu ilin fevralın 13-də Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının və Xocalı abidəsinin açılış törənində iştirak etdiyimi bildiyindən Vüqar Gəncəli oğlu Rəhimzadə Mətbuat Şurasında gizli iclas keçirərək bizə qarşı anti-təbliğat fəaliyyəti aparmış, qəzetə cəza tətbiq edilməsi kimi absurd iddialar irəli sürmüşdür. Bundan xəbər tutan redaksiya əməkdaşları bu təzyiq qarşısında ciddi narahatlıq və stress keçirərək qəzetin növbəti nəşr olunacaq 12 fevral 2019-cu il tarixli sayının çapını dayandırmağa məcbur olmuşlar (sübutları təqdim edirik). Bu isə bir daha Vüqar Gəncəli oğlu Rəhimzadənin əməlinin Azərbaycan CM-nin 163-cü maddəsinə tövsif olunmasını sübut edir.
 
Hesab edirəm ki, Vüqar Gəncəli oğlu Rəhimzadə qanunun bu tələblərini pozduğuna görə onun barəsində araşdırıma aparılaraq barəsində cinayət işi qaldırılmalıdır.
 
Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirəm:
 
- Vüqar Gəncəli oğlu Rəhimzadənin barəsində Azərbaycan CM-nin 163-cü maddəsi ilə cinayət işinin başlanılmasına göstəriş verəsiniz.
 
Hörmətlə:
Asif Mərzili (Məmmədov)
Baş redaktor

 
Qoşma:
 
1. Prezident yanında AAK-ın 4 professorunun redaksiyaya daxil olmuş və Prezident cənab İlham Əliyevə ünvanlı şikayət məktubu;
 
2. V.Rəhimzadənin hədələyici və təhdidedici telefon zənginin audiosəs yazısı;
 
3. V.Rəhimzadənin qəzetin rəsmi saytından qanunsuz olaraq çıxartmağa cəhd etdiyi və saytın 21 avqust 2018-ci il tarixli buraxılışında yayımlanmış, Prezident yanında AAK-ın 4 professorunun redaksiyaya daxil olmuş və Prezident cənab İlham Əliyevə ünvanlı şikayət məktubları yayımlanmış “Vəli Hüseynovun professorları od püskürdü” məqaləsi.