​VÜQAR MƏMMƏDOV AZADLIQDA! – Baş redaktor az əvvəl sərbəst buraxıldı

Baxış sayı:
5398

İyulun 23-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilən “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı sayt və internet telekanalının baş redaktoru Vüqar Məmmədov az öncə azadlığa buraxılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə baş redaktorun özü saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki, V.Məmmədov hazırda ailə üzvləri ilə birlikdədir və sabahdan fəaliyyətini davam etdirəcəyini bildirib.
Xatırladaq ki, ötən ayın 23-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Məmmədov və ehtiyatda olan polkovnik Elnur Məmmədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Vüqar Məmmədovun vəkili Bəhruz Bayramov Nərimanov Rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti versə də, birinci instansiyanın qərarı qüvvədə saxlanılıb.