VƏTƏN UĞRUNDA ANTİ-TERROR ƏMƏLİYYATI - Və ya təhlükəli son on gün...

Baxış sayı:
2458
Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu yaralanıb.
***
Ermənistan Müdafiə Nazirliyi isə dünən gecə təcili rəsmi məlumat yaymışdı. Tuğ kəndində təxribat törədən, atəş açanların erməni ordusu ilə əlaqəsi yoxdur.
***
Ikinci bəyanatdan anlaşılır ki, döyüşənlər erməni olsa da, rəsmən Ermənistan ordusundan deyil. Belə olan halda bu ya muzdlulardır, ki, bölgədə Azərbaycana qarşı 44 gün ərzində döyüşürdülər. Ya da konkret güclərə çalışan ermənilərdirlər. Yəni hər kimdirsə, rəsmi Irəvan döyüşən və Stepanakertdə yerəşdirildiyi istisna edilməyən bu diversantlardan imtina etdi, onları tanımadı. Bu da o demək ki, böyük qardaşla, Rusiya ilə qovğaları getdikcə dərinləşir.
***
Gələk hadisə baş verəndən yayılan dez və bəlli olmayan mənbələrin informasiyasına. Hamısı ittiham dolu, söyüş dolu. Bunu da keçdik əsəblərin gərgin olmasına. Baxmayaraq elə o söyüşlər tüğyan etdiyi məqamda, Azərbaycan MN və DTX-ı bölgədə anti-terror əməliyyatı keçirirdi. Və dövlətçi olan hər kəs onlara dua edirdi.
***
indi gələk ona ki, nə baş verir? Dünənki əməliyyatı hansı siyasi proses alovlandırıb? Niyə ermənilər özlərindən olanlardan rəsmən imtina edir və sülh cinayətlərinin məsuliyyəti kimin üzərindədir?
Günlər öncə ölkə mediasına, ictimai rəyə, Qarabağa yerləşdirilənlərin sıravi erməni olmaması haqda xəbər ötürülürdü. Onların arasına diversantların olması istisna edilmirdi. Dünən rəsmən açıqlanmayan, amma ciddi həyəcan siqnalı olan bu xəbər özünü təsdiqlədi. Sıravi vətəndaş adı ilə daşınanların əksəriyyəti diversant çıxdı.
Sadəcə xatırladıram, o adamların daşınmasını Rusiya təşkil edirdi. Bölgəyə sızmaq üçün terrorçularla hərəkətə keçilir də deyə bilərik buna. Rusiya ordusuz qalan və məhv olmaq həddinə çatmış Ermənistanı yenidən hərbi əməliyyatlara sürükləyir. Ermənistansa döyüşmək istəmir, çünki ordu yoxdur, məhv edilib. Ancaq bu da önəmli deyil. Çünki Cənubi Qafqazda siyasi mövqe əldən gedir. Lazım gəlsə Ermənistan və ermənilər bu yolda fəda ediləcək. Zatən Rusiya əsirlərdir bölgədə bu sürünü ona görə bəsləyib. Indi region uğrunda hərbi-siyasi savaşda "xərcləsin" deyə. Indi Qarabağda baş verənlər,
Dünya ilə Rusiya savaşıdır.
Rusiya ilə Türkiyə mübahisəsidir.
Iran ilə Rusiya ittifaqının nəticəsidir.
Regionda Rusiyanın hikkəsinin göstəricisidir.
Iranın qorxusunun göstəricisidir.
Avropa və Qərbin "ofsayt" gərginliyidir.
Azərbaycan və Türkiyə yaxınlaşmasına görə qorxudur.
Sirr deyil, Rusiya regiona yenidən yerləşmək istəyir. Yavaş-yavaş, asta-asta. Hətta sürünə-sürünə, sinsi ilan kimi. Məsələn, qar altından lağımlar ataraq. Rusiya Dağlıq Qarabağda rəsmən hərbi hissə yaratmaq istəyir. Rusiya bölgədə hərbi kontingentini on minə çatdırmaq istəyir. Özü də bu bir həftə on gün içində. Son bir həftə, on gün, həm də dünyada Rusiyanın taleyini bəlli edəcək. Odur ki, bu son on gündən hələ daha böyük diversiya qrupu hücümları gözlənilir. Biz dövlət olaraq hazırıq, xalq və ictimai fikir olaraq hələ axsayırıq. Hesabat tələb edirik. Aqressiv və emosionalıq. Əslində lazım deyil.
...Və son on günün sirrini də xatırlatmaqda fayda var. Unutmaq olmaz, cəmi bir həftə, on günə Ağdamda Türkiyə ilə Risuyanın birgə nəzarəti üçün nəzərdə turulan işlər yekunlaşır. Yəni Rusiyanın hərbi kontingent artırmaq və sair arzularının "suya düşməsi" üçün cəmi on gün dirənişi gərəkdir Azərbaycanın.
***
Bu arada "sülhməramlı" rusa daha diri əsir diversant təhvil vermək gərək deyil. Leş diversant, bax bu lap əla olar.
***
Qaldı istədikləri alınacaqmı, təbii yox. Çünki Azərbaycan bu əməliyyatlara düz otuz il hazırlaşıb, dözüb, müşahidə edib. Yaxşı anlayır ki, bu hücumların təşkilatçısı və icraçısı kimdir. Bunu bilə-bilə, dostluq da təklif etdi, alınmadı. Indi biz yaxşı anlayırıq ki, əsirlərdir qamarladığı ərazini onlardan tamamən qoparmaq çox ağır məsələdir. Amma biz bunu etməkdə israrlıyıq.
Kimsə unutmasın indiki əməliyyatlarda ermənilər icraçıdır. Indi Azərbaycan Rusiya ilə gizlin savaşır. O üzdən bu vətən uğrunda müharibənin davamı olan, vətən uğrunda anti-terror əməliyyatıdır. Və Azərbaycan MN bu prosesdə əsgəri güclə dəstəkdir.
Yeri gəlmişkən, bu əməliyyatlardan sonra həm DQ-da, həm də Bakıda gözləniməz həbslərə yol görünür.
Jalə MÜTƏLLİMOVA