Voleybol Millimiz yarımfinala yüksəldi

Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar.
Yarımfinalın sonuncu iştirakçısı saat 20:30-da Rusiya və Türkiyə voleybolçuları arasında qarşılaşmadan sonra müəyyənləşəcək.
19:20
Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20.
Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq böyük fərqlə qələbə qazanıb - 25:18.
19:56
Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.
Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə qarşılaşacaqlar.