Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə MƏHKƏMƏ BAŞLADI

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətlərinə baxılır.
Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib. Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.