Venesuela Kolumbiya ilə diplomatik əlaqələrini kəsdi - Maduro Kolumbiya prezidentini “insan cildinə girmiş iblis” adlandırdı

Fevralın 23-də Kolumbiya-Venesuela sərhədində baş vermiş toqquşmadan sonra Venesuela prezidenti Nikola Maduro ölkəsinin Kolubiya ilə diplomatik və siyasi əlaqələri kəsdiyini bildirib.
Maduro deyib: “Bizim ölkəmizdə yaşayan Kolumbiya xalqının xatirinə uzun müddət səbr edirdim. Mən Kolumbiya ilə bütün diplomatik və siyasi münasibətləri pozmaq qərarını verdim”. Prezident Maduro Koumbiya prezidentini “insan cildinə girmiş iblis” adlandırıb.
Venesuela müxalifəti ABŞ-ın “humanitar yardım” adı altında Kolumbiya vasitəsilə göndərdiyi yük maşınlarını ölkəyə daxil eləməyə çalışırlar. Qanuni seçilmiş prezident Nikolas Maduro isə bu yükün ölkəyə daxil olmasını qəti şəkildə qadağan edib.
Prezidentin sözlərinə görə, Amerikanın yardımı “saxta şou”dur. Çünki, Vaşinqton Karakasa qarşı sanskisyalar tətbiq eləməyə başlayıb. ABŞ Venesuelanın PDVSA adlı dövlət neft şirkətinin vəsaitlərini dondurub və onunla sövdələşmələr imzalamağı yasaqlayıb. Nəticədə, Venesuela on milyarddan artıq dollarını itirib. Üstəlik, İngiltərə Bankı Karakasın qızıl ehtiyatını ona qaytarmaqdan imtina edib. Bu şəkildə talan edilmiş Venesuela dövlətinin hakimiyyəti Qərb ölkələrinin “yardımı”nı qəbuledilməz hesab edir.
Maduro öz başına bir iş gələcəyi təqdirdə xalqı və ordunu dövləti müdafiə eləməyə çağırıb. Prezident Braziliya ilə quru sərhədini tam bağladığını və Kolumbiya ilə sərhədləri də bağlamaq niyyətində olduğunu bildirib.
Venesuelanının vitse-prezidenti Delsi Rodriqes bildirib ki, beynəlxalq hüquq çərçivəsində humanitar yardım təbii fəlakətlər, silahlı münaqişələr, müharibələr zamanı edilir. Venesuelada isə belə vəziyyət yoxdur.
Yanvarın sonunda Milli Məclisin sədri, çevrilişçi Xuan Quaydo özünü Venesuelanın “müvəqqəti prezidenti” elan edib. Dəqiqələr sonra ABŞ onu “qanuni prezident” kimi tanıyıb. Bundan sonra bir neçə ölkə, o cümlədən, 20-dən artıq Avropa dövləti onu tanıdığını bildirib.
Rusiya, Çin, İran, Türkiyə və bir sıra başqa dövlətlər Nikolas Maduronun Venesuelanın qanuni dövlət başçısı kimi tanımağa davam edirlər. Ordu da seçilmiş prezidenti dəstəkləyir, Quaydonu tanımaqdan imtina edir.