Var olun, ölülər!

Kafka haqqında esse

Dünyanın ən asan işi ölü adamı sevməkdir. İstər o seçdiyin ölü ilə sevgili ol, istərsən dost, istənilən halda, daha azad və daha rahatsan. Nə istəyirsən danış, hər sirrini, hər dərdini, hər ağrını, hər sevincini, hər gicliyini deyə bilərsən. Heç vaxt, heç bir halda o, səni səhv başa düşməz, sənə barmaqarası yanaşmaz, səni aldatmaz, incitməz, ağır söz deməz, danışdığın heç nəyə hörmətsizlik etməz, nə vaxt istəsən, yanındadır. Maksimum bir şəkil, bir hekayə, bir mahnı qədər uzaq ola bilər. Boş təsəlli eşitmədən ürəyin istəyən qədər danış, ağla, dərdləş. Səsini belə, çıxartmadan, ağzını açıb bir kəlmə söz demədən hər şeyini bölüşmək cəmi bir neçə saniyə vaxt apara bilər. O da üz-gözünü turşutmadan, heç bir halda səni yola vermədən «dinləyər».

Hər şey bir yana, ölünün həm fərqi, həm də üstünlüyü odur ki, onda nə qadın, nə də kişi xisləti var, tər-təmiz insandır. Nə kişiliklə, nə də qadınlıqla çirklənməmiş, qaralmamış insan. Nə varsa, odur.

Gözündən düşmək ehtimalı sıfra bərabərdir. Artıq ömrü bitdiyinə görə bundan sonra dəyişməyi, başqa insana çevrilməyi, iyrəncliklər edib gözündə kiçilməyi, ondan da, özündən də iyrənməyinə səbəb olacağı ehtimalı yoxdur. Sən necə tanıyırsansa, sən onun xətrini necə sevirsənsə, həmişə də elə qalır, nə irəli gedir, nə də geri. Dəyişmir. Deməli, ən böyük qorxu - itirilmə qorxusundan azadsan. Bu gözəl rahatlıq, bundan gözəl azadlıq yoxdur.

Amma… Amma bir tərəfi var ki, səs gəlmir, ya da səni başa düşdüyünü hiss etdiyin bir cüt göz görə bilmirsən. Darıxsan belə, dalaşıb deyə bilmirsən ki, ay eşşək, səninçün burnumun ucu göynəyir. Heç nəyi müzakirə edib əsəbləşə, ya da zarafatlaşıb gülə bilmirsən. Ona danışırsansa-danış, yenə sonra hər şeyi özün həll etməli, özün qərar verməli olursan. Zəng edib telefonda zarıya-zarıya ağlamaq imkanından məhrumsan. Hər şeyini bilən, amma heç bir dərdinə çarə bilməyən bir dostdur - ölü. Çünki o, yoxdur. Çünki onun bu qədər çox var ola bilməyinin səbəbi elə yoxluğudur. Sağ olsa, belə çox var olmazdı.

Fatimə Kərimli