"Üzünü görə bilmədiyi qızının adını özü qoydu..." - ŞUŞA UĞRUNDA ŞƏHİD OLAN XÜSUSİ TƏYİNATLI ANARIN HƏYAT HEKAYƏSİ / FOTO, VİDEO

Şərəf zirvəsi olan şəhidlərimiz haqqında Şuşanın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən xüsusi təyinatlı döyüşçü Vəlizadə Anar Afət oğlu barədədir .
Virtualaz.org bildirir ki, Anar Vəlizadə 1884-cü ildə Salyan rayonunun Cəngən kəndində sadə kəndli ailəsində anadan olub. Atası Afət sadə zəhmət adamıdır. Anası Zemfira xanım evdar qadındır. Ailədə 3 qardaşdırlar.
Hər üçü də hərbçi olub
Böyük qardaş 28 yaşlı Səbuhi müddətdən artıq hərbi xidmətdə qalaraq qulluq edib. Xidmət müddətini başa vuraraq tərxis olunub. Anarın özündən kiçik qardaşı 22 yaşlı Rüfət isə müddətdən artıq hərbi qulluqçu kimi hazırda Daxili Qoşunların Xüsusi Təyinatlılarının sıralarında xidmət edir. Anar ibtidai təhsilini kəndlərindəki 4 illik məktəbdə alıb. Sonra Kürqaraqaşlı kənd orta məktəbində oxuyub.
Əmisi 1-ci Qarabaş veteranı Fəxrəddin Vəliyev deyir: ”Anar hələ uşaqlıqdan qoçaq idi. Fiziki cəhətdən güclü və hündür boylu idi. Bir dəfə Salyan-Neftçala avtomobil yolunda çapdığı atla yoldan keçən VAZ-2106 ilə ötüşmüşdü. Anar həddən artıq sürətlə gedən atın üzərindən yıxılaraq ciddi xəsarət almışdı. Buna görə xeyli vaxt müalicə olundu. Bundan bir neçə il sonra yaşıdlarını hərbi uçota almaq üçün çağırıb, onu çağırmayanda bərk narahat olub hərbi komissarlığa getmişdi. Oradan isə bildirmişdilər ki, sizin xəsarətləriniz barədə həkim rəyi olduğu üçün hərbi xidmətə səfərbər oluna bilməzsiz. Bu sözləri özünə qarşı təhqir sayan Anar orada dava salaraq təkrar komissiyadan keçmək üçün Bakıya getmişdi və həkimləri hərbi xidmətə yararlı yazmaları üçün razılığıa gətirə bilmişdi”.
Anar Vəlizadə 2012-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlılarının sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Müharibəyə bir müddət qalmış isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında təlim keçərək yüksək hazırlığına görə daha çox fərqlənən döyüşçülərin sıralarına qoşulur. Döyüş yolu Fizuli istiqamətindən başlayan Anar oktyabr ayının 12-də yaralanaraq Beyləqandakı xəstəxanaya gətirilir. Orada çox qalmayıb həkimlərin icazəsi olmadan xəstəxananı tərk edir və yenidən döyüşlərə qatılır. Lakin bundan bir neçə gün sonra Anar yenidən yaralanır. Bu dəfə onu komandirləri Beyləqəndakı Hərbi Hospitala gətirib təhvil versə də, özünə gələn kimi oktyabr ayının 21-də döyüçü yoldaşlarının yanına qayıdır. Daşaltı istiqamətində gedən döyüşlərə qoşulur. Şuşanın alınmasında şücaət göstərərk noyabr ayının 9-da isə döyüş meydanında qəhrəmancasına şəhid olur. Döyüşçü dostları ilə düşmən postuna daxil olan Anarın olduğu yeri düşmən yaxınlıqda gizlənərək tank əleyhinə raketlə vurur.
Görüntü bir qədər aralıda mövqe tutmuş döyüşçülər tərəfindən təsadüfən çəkilb və Anarın əmisi Fəxrəddin tərəfindən bizə təqdim olunub
Anar 2018-ci ildə Gülbahar adlı xanımla ailə həyatı qurub. Oğlu balaca Fariz 1 yaş yarımlıqdır. Hələ baş verənlərdən xəbərsizdir. Qızı Fatimə isə 2 ay əvvəl, oktyabr ayının 7-də Anar Vətən uğrunda döyüşlərdə olan zaman dünyaya göz açıb.
“Qızının anadan olması xəbərini eşidən kimi Anar mənə zəng vuraraq uşağa mənim adımın qoyulmasını istədi. Mən isə ona dedim ki, məsləhət deyil. Çünki mənim adımı qoyandan 4 ay sonra atam dünyasını dəyişib. Sonuncu dəfə oktyabr ayının 28-də zəng vurmuşdu. Dedi ki, ana , bilsən necə oğlullar şəhid olub?... Mən də şəhid olmalıyam. Sonra mənə dedi ki, bizim döyüşçülərdən biri 2 qolunu itirdi. Onun ata-anası yoxdur, özü də subaydır. Mən onu kəndə evimizə yollasam qulluğunu tuta bilərsənmi? Dedim, əlbəttə tutaram. Qardaşınla köməkləşib ona baxaram. Dedi, mən elə də bilrdim, sən necə mərdsən. Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, oğlum Anar torpağımız, namsumuz uğrunda şəhid olub”, - şəhidin anası Zemfira xanım deyib.
Atası Afət kişi isə deyir: ”Böyütdüyümüz övlad göz qabağındadır. Elə bil ürəyinə dammışdı. Mənə sonucu dəfə telefonda dedi ki, uşaqlarım böyüyəndə onlara məndən danışarsız. Oğlum olduğuna görə demirəm, amma çox mərd idi. Mən onunla fəxr edirəm. Balam torpaq uğrunda canından keçməyi bacardı. Bundan sonra ən böyük arzum onun yadigarı olan 2 gül üzlü körpə balasını böyüdüb ərsəyə çatdırmaq, onlara atalarının yazdığı qəhrəmanlıq dastanını oxumaqdır. Bir də arzum budur ki, ara sakitləşən kimi oğlumun can verdiyi döyüş meydanını ziyarət edim”.
Sonda şəhidin əmisi, 1-ci Qarabağ müharibəsi iştirakçsı Fəxrəddin Vəliyev isə deyir ki, mümkün olarsa Anarın ibtidai təhsil aldığı Cəngən 4 illik ibtidai məktəbinə onun adının verilməsi ailəmizin arzusudur.
Daxili Qoşunların Xüsusi Təyinatlılarının baş çavuşu Anar Afət oğlu Vəlizadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Emil Məmmədov