Ukraynada Leninin sonuncu heykəli söküldü

Baxış sayı:
829

Ukraynada Vladimir Leninin açıq ərazidə yerləşən sonuncu heykəli sökülüb.

Bunu “Svitanok” ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov feysbuk səhifəsində yazıb.

“Leninin Ukraynadakı sonuncu heykəli söküldü! (İşğal altındakı torpaqlar və zavod, sanatoriya kimi qapalı ərazilər istisna olmaqla). Leninin Odessa vilayətinin İzmail rayonunun Starıye Troyanı kəndində yerləşən heykəli sökülüb”, - V.Pozdnyakov bildirib.

Xatırladaq ki, 2015-ci ildə Ukraynada sovet simvolikasının təbliğatını qadağan edən “Kommunist və nasist rejimlərin pislənməsi haqqında” qanun qəbul olunub. Bu, xüsusən sovet dövrünün dövlət xadimlərinin adını daşıyan şəhər və küçələrin adlarının dəyişdirilməsini əhatə edir.

Qeyd edək ki, rusiyalı inqilabçı, marksizmin nəzəriyyəçisi Vladimir Lenin (1870-1924) 1917-ci ildə Rusiyada hakimiyyəti ələ keçirən Sosial-Demokratik Fəhlə Partiyasının yaradıcısı və SSRİ-nin qurucusudur.