“Turan” MÜƏMMASI... NƏ BAŞ VERİR?

Sentyabrın 19-da “Turan” informasiya agentliyi Vergilər Nazirliyindən elektron məktub alıb. Agentliyin verdiyi xəbərə görə, 11 sentyabr tarixli həmin məktubda avqus ayında agentliyə qarşı başlanmış istintaqa xitam verildiyi bildirilir.
Məktub Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fərid adından göndərilib və orada qeyd olunub ki, “Turan” informasiya agentliyinin 14 avqust tarixli vergi yoxlamasının ləğvi ilə bağlı xahişinə baxılıb. Həmin şikayətdə agentliyin 2014-2016-cı illərdə fəaliyyətinə dair kameral yoxlamalar üzrə qəbul edilmiş qərarlara etiraz bildirilib.
“Yoxlama zamanı müəyyən edilib ki, agentliyin müvafiq iddia ərizəsi 1 saylı İnzibati-İqtisadi Məhkəməyə də verilib.
Nəzərə alınsa ki, inzibati və məhkəmə yoxlamasının eyni zamanda keçirilməsi qeyri-mümkündür, agentliyin ona qarşı araşdırmanın dayandırılması ilə bağlı müraciəti məhkəmə orqanlarına verilib.
Agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib”, - məktubda bildirilir.
Müxalifət.az olaraq qeyd edirik ki, Vergi Departamentinin bu məktubu hüquqi cəhətdən doğru sayılsa da, hadisələrin bu qədər gecikməsi, operativlik nümayiş olunmaması göstərir ki, bu qurum çox ciddi çarpaz atəş altındadır. Və bu məktub da sadəcə məsuliyyətdən qaçmaq, topu başqa meydanlara ötürməklə heç olmazsa bundan sonra qeyri-qanuni addımlardan çəkinmək, özünü sığortalamağa xidmət edir. Çünki belə olmasaydı bir qurumun adından ard-arda bir birini təkzib edən məktublar, bəyanlar olmazdı.
Bunun başqa bir dəlili də dünən Vergi Nazirliyi adından Baş Prokurorluğun açıqlama verməsi sayıla bilər. Belə ki, “Turan”la bağla ölkədə ajiotaj və qeyri-müəyyənlik sürərkən Vergi qurumu 2 kəliməlik operativ açıqlama verməklə hər şeyə aydınlıq gətirə bilərdi. Ancaq bunu etmədi. Bunu etmədiyi üçün də Baş Prokurorluq qurumun adından açıqlama verdi ki, bu da sanki Prokurorluğun başqa qurumun səlahiyyətlərini mənimsəmə effekti yaratdı. Bu faktın özü də bir daha ortaya qoydu ki, Vergi qurumu çarpaz təzyiq altdadır və bir növ gah nala, gah da mıxa vurmaqla vaxt qazanmaq, vəziyyətin səngiməsini gözləmək və sığortalanmaq istəyindədir.
Ayrıca bir başqa və çox əhəmiyyətli məqam da gözdən qaçırılmamalıdır. Maraqlıdır ki, Prezidentin göstərişi ilə “Turan”ın rəhbəri Mehman Əliyev azad olundu, dərhal ona qarşı cinayət işinin dayandırıldığı və hesabların açıldığı bəyanlandı. İctimaiyyət rahatlarkən ki, nəhayət ədalət öz yerini tapdı, bu dəfə Mehmanı həbsə atdıran hakimiyyətdəki güc mərkəzi bir daha öz gücünü göstərdi və bununla da cəmiyyətə mesaj verdi ki, heç də bu yöndə məsələ bitməmişdir və “biz bitdi, deməyincə, heç nə bitməz”. Və bu, o ərəfədə baş verdi ki, ölkə prezidenti və səlahiyyət baxımından ölkənin 2-ci şəxsi Mehriban Əliyeva Bakıda deyildi. Çox maraqlıdır ki, bu saydıqlarımızın hamısı da məhz ölkə rəhbərlərinin Bakıda olmadığı zaman baş verdi. Sizcə bu qədər təsadüflər ola bilərmi...
Müxalifət.az