Təbii ehtiyaclarını belə ödəyə bilmir, ƏLİLLİK DƏRƏCƏSİ VERMİRLƏR

Qardaşı Anar Rəsulbəyli “çıxış yolunu anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq intihar etməkdə görür”
Ağsu rayon sakini Anar Rəsulbəyli tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qardaşı, 1983-cü il təvəllüdlü Rəsulov Ramal Əlifağa oğlu fiziki və əqli məhdudiyyətli olaraq doğulub və bütün təbii ehtiyaclarını anasının köməkliyi ilə həyata keçirir.
A.Rəsulbəyli bildirir ki, bütün bunlara rəğmən qardaşına əlillik dərəcəsi verilmir: “Rayon Mərkəzi Xəstəxanasına əlillik sənədlərinin hazırlanması ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, xəstəxananın müvafiq bölməsinin məsul həkimi Əli Hüseynov qardaşıma düşməli olan əlillik dərəcəsinə DSMF-nin həkim komissiyasında baxılmasına imkan vermir. Qardaşımın Bakıya aparılmasını, orda bir müddət xəstəxanada yatmasını tələb edir. Qardaşımın "Əsgərliyə hansı səbəbdən aparılmamışdır?" sualını verdikdə isə susur və məsələyə laqeyd yanaşdığı ortaya çıxır”.
Anar Rəsulbəyli süni şəkildə yaradılan bu problemlərin rüşvətlə bağlı olduğunu qeyd edir və deyir ki, “çıxış yolunu anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq intihar etməkdə görür”. Həmçinin, o, həkimlərin bu cür qanunsuz hərəkətlərini Prezidenti aldatmaq olaraq dəyərləndirir.
Muxalifet.az