TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə başlanılıb.
 
TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start verilib.
Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb.
Xatırladaq ki, TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir.
TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.
Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz./qafqazinfo.az