TALANÇI VƏ YALANÇI HAKİMİYYƏT

23 sentyabrda Milli Şura növbəti izdihamlı mitinqini keçirdi. Hakimiyyətin yaratdığı heç bir maneə, hətta son günlərdə ortaya atdıqları “terror təhlükəsi” belə mitinqə qatılmaq istəyən insanları durdura bilmədi. Haqqı tapdanan, ədalətsizliyə məruz qoyulan, sərvəti oğurlanıb ofşor hesablara daşınan, işsiz qalan, dolana bilməyən, səhiyyənin, sosial müdafiənin, təhsilin, məhkəmənin məhv edilməsindən narazı olan insanlar mitinqə qatılaraq hamının əvəzindən hakimiyyətə “ürək sözlərini” dedi.
Sözsüz ki, bunu Milli Şura tək deyil, digər müxalifət partiyalarının üzvləri ilə birlikdə bacardı. Çünki, mitinqə qatılan insanlar arasında əksər müxalifət partiyalarının üzvləri və tərəfdarları var idi. Mitinqin izdihamlı alınması hakimiyyət orqanlarını sözün əsl mənasında şaşırmışdı. Axı, hakimiyyət orqanları mitinqin alınmaması üçün əlində olan bütün resurslardan istifadə etmişdi. Verilən məlumata görə 250 nəfərə qədər mitinq təşkilatçısı polisə aparılıb, hədələnmişdi. Mitinq günü regionlardan Bakıya gələn yollar bağlanmış, mtinqə gələn insanlara süni maneələr yaradılmışdı. Şənbə günü olsa da, işləyənləri işə, iclasa çağırmışdılar. Universitetlərdə gestapo rejimi yaratmışdılar. Ən sonda xalqı qorxutmaq üçün mitinq olan ərazidə “terror təhlükəsi” məsələsini ortaya atmışdılar. Amma, bunların heç biri effekt verməmişdi, mitinq kütləvi alınmışdı. Çünki, insanlar mövcud avtoritar idarəçilikdən cana doymuş, bütün çətinliklərə, maneələrə, təhdidlərə və təhlükələrə baxmayaraq öz etirazlarını bildirmək üçün mitinqə gəlmişdilər. Hakimiyyəti şaşırdan bu idi... Meydanda kütləviliyi görən hakimiyyət bu dəfə özünün iyrənc metodlarını işə salmağa başladı. Meydandan canlı yayımın qarşısı alndı, internetin sürətini azaltdılar. Amma, bütün bunlara baxmayaraq mitinqin effektini azalda bilmədilər.
Yalançının yaddaşı olmaz. MTN əvvəlki illərdə dəridən-qabıqdan çıxıb, çalışırdı ki, Milli Şuranın mitinqlərində agentləri vasitəsilə İŞİD bayrağı qaldırıb Milli Şuranı İŞİD-ә bağlasın, nə oldu, alınmadı? Heç kim inanmadığı üçün indi də Milli Şuranı - dünənə qədər “İŞİD-çı” kimi təqdim etmək istədiklərini terrorun hədəfi elan eləyirlər. Əllərində dövlətin bu qədər resursu var, ancaq çox primitiv planlar qururlar. Hələ də anlamırlar ki, mitinqə gələn adamlar hakimiyyəti təkcə talançı yox, həm də yalançı sayır.
Milli Şura növbəti mitinqini 07 oktyabra təyin etməsi hakimiyyəti növbəti dəfə təşvişə saldı. Ona görə də bu mitinqin baş tutmaması üçün mitinq iştirakçılarına qarşı təqiblərini, təzyiqlərini və təhdidlərini daha da sərtləşdirdi. Belə ki, 23 sentyabr mitinqində iştirak edən mitinqçilərdən tanınan isimləri polis orqanlarına çağıraraq onların özlərinə və yaxınlarına daha repressiv addımlat atmağa başladılar. Belə ki, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov mitinqə qatıldığına görə polis idarəsinə çağırılaraq təqiblərlə üzləşmiş, daha sonra həkim kimi işlədiyi Təcili Tibbi Yardım Stansiyasından işdən azad edildi. Bundan əlavə ADP sədrinin daha iki müavini N.İsmayılov və Z.Hüseynov da mitinqdə iştirak etdiklərinə görə polis orqanlarına aparılaraq təzyiqlərə məruz qaldılar. Bu proses bu gün də davam edir. Mitinqdən sonra 17 nəfər mitinq təşkilatçısı inzibati həbs olundu. Bəzilərinin özləri və ya yaxınları işdən çıxardılar. Hakimiyyət tanınmışlara qarşı bu cür repressiv kampaniyanı məqsədyönlü şəkildə aparır. Güman edir ki, bu hallar ictimailəşəndə sıravi müxalifətçilərdə qorxu hissi yaradacaq və nəticə etibarı ilə növbəti mitinqə qatılmaqdan çəkinəcəklər.
Hakimiyyət anlamır ki, nə qədər ki, ölkədə məmur özbaşınalığına, cəzasızlığa, korrupsiyaya, büdcə oğurluğuna, saxtakarlığa, talançılığa son qoyulmayıb, repressiv metodlarla mitinqlərin qarşısını almaq mümkün olmayacaq. Çünki, oğurlanan milyardları dövlətə qaytarmaq, oğruların isə məsuliyyət daşımasını tələb etmək hamının istəyidir.
Əsgərimizə, zabitimizə, qazimizə, şəhid ailəsinə, işsizə, işləyənə, pensiyaçıya, gəncə, sahibkara, uşaqlarımıza çatmalı olan pulların oğurlanıb ofşor hesablara toplanmasına etiraz etmək hamının tələbidir.
150 nəfərdən artıq siyasi məhbusun azad olunmasını tələb etmək, ölkədə siyasi-iqtisadi islahatların önünü açmaq, qanunun aliliyini, məhkəmələrin müstəqilliyini təmin etmək, səhiyyədə, təhsildə ciddi islahatlar aparmaq, əhalinin sosial müdafiəsini gücləndirmək ümumxalq tələbləridir. Xalqı susdurmaq haqqında yox, tələbləri təmin etmək haqqında düşünsəniz yaxşı olardı cənablar...
Səbuhi İsmayılov