​Suriyada sensasion gəlişmə - Rusiya və İsrailin MƏXFİ PLANI

Baxış sayı:
4828

Suriya – İsrail sərhədində yerləşən cənub bölgələrinin Bəşər Əsəd ordusunun nəzarətinə verilməsi ilə bağlı anlaşma əldə edilib.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə İsrailin “Kanal 10” telekanalı çıxış edib.
Mənbə anlaşmanın İsrail və Rusiya arasında uzun zamandır davam edən gizli diplomatik müzakirələrdən sonra əldə edildiyini bildirib.
Məlumatda sərhəd bölgələrində İran və “Hizbullah” terror təşkilatına bağlı qüvvələrin yerləşdirilməyəcəyi məsələsinin də razılaşdırıldığı qeyd edilib. İsrail Silahlı Qüvvələrinin Suriya daxilində hərbi əməliyyatlarını davam etdirməsinin də anlaşmaya daxil edildiyi iddia olunur.
Suriya hakimiyyətinin də dəstəklədiyi anlaşma ilə bağlı hələlik Təl-Əviv və Moskvadan açıqlama verilməyib.
Qeyd edək ki, İsrailin Müdafiə naziri Aviqdor Liberman mayın 30-da Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək. Görüşdə İranın Suriyada həyata keçirdiyi əməliyyatlar müzakirə ediləcək.
Görüşdən əvvəl İsrail KİV-də Rusiyanın İrandan Suriyadakı hərbi qüvvələrini çıxarması üçün müraciət etdiyi iddia olunub.