Şura Qubada konfrans keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib.
Muxalifet.az xəbər verir ki, konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. O, QHT-KİV münasibətlərinin inkişafı üçün Şuranın həyata keçirdiyi tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. O, QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılaraq dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlığın vacib olduğunu deyib.
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib. E.Behbud Şuranın QHT-lərin fəaliyyəti ilə bağlı ictimaiyyəti daha intensiv şəkildə məlumatlandırmaq, praktik və nəzəri məsələləri işıqlandırmaq üçün yaradılan media orqanları haqqında danışıb.
Diskussiya şəraitində keçən konfransda Şura üzvləri Anar Xəlilov, Emin Həsənli, KİV nümayəndələri Qurban Yaquboğlu, Elşad Məmmədli, Aqil Camal, Zülfüqar Hüseynzadə, Məmməd Gülməmmədov, Seymur Verdizadə, QHT rəhbərləri Eynulla Xeyrullayev, Mirhəsən Seyidov, Gülayə Səfərova, Solmaz Əliyeva, Şahin Camalov, Cəsarət Hüseynzadə, Nüşabə Məmmədova, Sevinc Kərimova, Səməd Hətəmov, Məhluqə Rəhimova, Samirə Mustafayeva, Muğamat Əliyev, Mahirə Əmirhüseynova Xanım Əhmədzadə, Elməddin Muradlı, Rəhilə Mehdiyeva, Ədil Ədilzadə, Məlahət Abbasova və digər şəxslər mövzu ilə bağlı fikirlər və təkliflərini səsləndiriblər.