Sumqayıtda xəstəlik mənbəyi olan oturacaqlar niyə yığışdırlmır? - VİDEO

Bir müddət əvvəl dövlət kanalı olan AzTV Sumqayıtın məhəllələrində oturacaqların bərbad vəziyyətdə, köhnə, sınıq-salxaq olmasından, bunun Gənclik şəhərinə yaraşmamasından və sakinlərin narazılığı haqda videoreportaj hazırlayaraq yayımlamışdı.
Muxalifet.az şəhər sakinlərinə istinadən xəbər verir ki, amma Sumqayıtda oturacaqlarla bağlı problem təkcə məhəllələrdə mövcud deyildir.
Sumqayıtda bu sarıdan digər ictimai yerlərdə, parklarda, bulvarda da xoçagəlməz hal yaşanır.
Belə ki, uzun illərdir Heydər Parkında, Sumqayıt Bulvarında materialı dəmirdən, metaldan olan 100-lərlə oturacaq var ki, onlar birmənalı olaraq insanların sağlamlığına zərər verməkdədir.
Xəstəlik mənbəyi olan oturacaqlar haqda dəfələrlə yazılsa da mətbutda İcra Hakimiyyəti və müvafiq qurumlar sakinlərin sağlamlığına laqeyd qalaraq heç bir tədbir görməmiş, bu təhlükəli oturacaqları yığışdırmamışdır.
Üstəlik, İcra Hakimiyyətinin rəsmisi bildirmişdir ki, “bu skameykalar dəmirdən deyil”. Halbuki oturacaqların dəmirdən və ya metal materialdan olmasını müəyyən etmək üçün ekspert-filana ehtiyac yoxdur. Bunu adi gözlə, həmin oturacaqların pasından, qırılmış hissəsindən, toxunmaqla səsindən belə ayırd etmək olar.
İllər əvvəl bu oturaqcalar haqda mətbuatda gedən yazıda deyilir ki, oturacaqlar cürəbəcür olur: taxtadan, daşdan plastikdən, metaldan və s. Amma ən əsası odur ki, ictimai yerlərdə olanların oturacaq hissəsi adətən taxtadan olur, çünki oturan adama soyuq olmasın(Oturacağın karkası, qolları, yanları dəmirdən də ola bilər, daşdan da, bu problem deyil).
Yaşlı nəslin nümayəndələri bəlkə də xatırlayar ki, sovet dövründə betonun və ya soyuq başqa səthin üstündə oturan uşaqlara yaşlı qadın və ya ağsaqqal kişi necə ciddi-ciddi məsləhət görürdü ki, “dur ordan, yoxsa xəstəlik taparsan, bütün ömrün boyu heyfslənərsən burda oturduğundan”.
Çünki 5 dəqiqə ərzində tapılan xəstəlik bütün ömrü boyu sağalmaya bilər. O zaman uşaqların çoxu dərk etmədiklərindən buna qulaq asmırdılar, amma əslində bu ciddi məsələdir. Sağlamlıqla bağlı məsələ ümumiyyətlə qeyri-ciddi ola bilməz. Əslində elə üzdən bilinir ki, bu "skameykalar” parklıq deyil, bağ yerinə daha çox uyğun gəlir. Təsadüfi deyil ki, bəzi sumqayıtlılar özləri ilə altlarına qoymağa döşəkçə də gətirirlər ki, oturanda soyuq olmasın.
Onu da qeyd etmək lazımdır ki, metal oturacaqlarda istilikkeçiricilik qabiliyyəti böyük olduğundan soyuq havada bu cür oturacaqlarda oturanda bədənin istiliyi qalmır, ötürülərək keçib gedir deyə bədənin temperaturu soyuyur. Taxtada isə əksinə, istilikkeçiricilik əmsalı çox aşağı olduğundan istilik getmir, bədənin temperaturu sabit qalır. Fizikaya görə taxtada istilikkeçiricilik əmsalı 0,15 Vt/(m∙ )dir. Ən böyük istilikkeçirmə metallarda müşahidə edilir. Məsələn, dəmirdə 80,4, bəzilərində isə 100-dən çox olur.
İnandırıcı deyil ki, məsul şəxslər bu cür oturacaqlardan xəbərsiz olsun. Bizdə məmur evi, bağı üçün mebel, skameyka alanda onu əlli-dəfə ölçüb-biçir, yaxşısını, baha olsa belə keyfiyyətlisini almağa çalışır.
Sakinlər üçün yararsız olan bu cür skameykaları sifariş verən məsul şəxslər tam fərqindədirlər ki, nə alırlar. Bu cür metal oturacaqlara ayrılan pula normal, ziyansız oturacaq ala bilərdilər.
Düzdür, həm Sumqayıt bulvarında, həm də Heydər Əliyev parkında başqa, taxtadan olan oturacaqlar da var.
Görəsən, İcra Hakimiyyətində işləyən məmurlar görər bu dəmir oturacaqlarda, özü də soyuq vaxtda oturmağı özlərinə və yaxınlarına rəva? Əgər özünə rəva bilməzlərsə, bəs onda niyə sumqayıtlılara rəva bilirlər?!.
Düzdür, bir tərəfən cüzi də olsa yerli məmurları başa düşmək olar ki, belə skameykalar açıq havada yağışa, küləyə, qara daha dözümlüdür, gec sıradan çıxacaq, bir növ ucuz başa gəlir. Möhkəmdir deyə onu kimsə qırmayacaq. Amma iş orasındadır ki, bizim camaat vandal-zad deyil, üstəlik parklara nəzarət olunur, polis, mühafizə var. Bir də, şəhərdə hələ indiyəcən sovet dövründən qalan taxta oturacaqlar var ki, indiyəcən qalıb, yararlıdır. Elə dəmir oturacaqları da çox güman ucuz başa gəlsin deyə alıblar. Hətta araşdırılsa dövlət büdcəsindən bu cür oturacaqların ola bilsin bazar qiymətindən çox baha qiymətə alınması, buna 100 min manatlarla pul xərclənməsi üzə çıxar.
Amma heç olmasa kimlərsə öz maddi marağını güdərək belə nəsə edirsə belə, heç olmasa sağlamlığa ziyan olmayan oturacaqlar alsınlar. Çünki insanın sağlamlığı puldan daha dəyərlidir. Pulu qaytarmaq olar, amma sağlamlığı yox.
Ümumiyyətlə soyuq səthin, həmçinin soyuq skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.
Həkimlərin fikirinə görə soyuq yerdə oturduqdan sonra qadınlarda yumurtalıqların iltihabı, sistit, kişilərdə isə prostatitin inkişafının riski yüksəlir. Yumurtalıqların iltihabı isə sonsuzluğun inkişafına yol aça bilər.
Bundan əlavə, soyuq səthlərdə müəyyən müddət ərzində oturduqdan sonra insanda radikulit, revmatizm inkişaf edə bilər və ya bu xəstəliklər artıq varsa - kəskinləşə bilər.
Soyuq səthdə oturmaq babasilin (qemorroy) inkişafına da səbəb ola bilər. Babasili olan insan özünü daim soyuqlamadan qorumalıdır.
Kəskin yerli soyuqlama çanaqda qan dövranının pozulmasına səbəb olur. Bu isə öz növbəsində müxtəlif iltihablara yol açır.Soyuq skameykalar adıçəkilən xəstəliklərdən başqa digər müxtəlif və çoxsaylı fəsadlara səbəb ola bilər
Bundan başqa nəzərə alsaq ki, parklarda oturanlar əsasən yaşlı insanlardır və onlar onsuz da müxtəlif xəstəliklərdən əziyyət çəkirlər, təsəvvür edin onlar üçün belə oturacaqlar nə qədər təhlükəlidir.
Dünyada da oturacaqların tam metaldan olması praktikası demək olar ki, yoxdur…
Muxalifet.az