“Sərəncamda sensasiyalı adlar ola bilər” - Novella Cəfəroğlu

Baxış sayı:
5641

"Hər bir siyasi məhbusun azadlığa çıxmaq şansları var”
Muxalifet.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin quruma yüzlərlə müraciətin daxil olması ilə bağlı açıqlamasının ardından İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a diqqətçəkən açıqlama verib. 
Hüquq müdafiəçisi bildirib ki, Novruz bayramı ərəfəsində imzalanacağı ehtimal olunan Əfv sərəncamı ilə bağlı ciddi gözləntilər var:
"Sərəncamda sensasiyalı adlar ola bilər. Ciddi gözləntilərimiz var. Hazırda çox gərgin iş gedir. Hamımız narahatlıqla əfvi gözləyirik. Hər bir siyasi məhbusun azadlığa çıxmaq şansları var. Bu dəfə çoxlu siyasi məhbus azad oluna bilər. Biz çox istəyirik ki, siyasilərin hamısı azadlığa çıxsın. Həbsxanada qalmaqdansa, əfv ərizəsi yazmaq daha yaxşıdır. Mən, hər halda, belə düşünürəm. Yazıb çıxsınlar. Mübarizəni həbsxanada deyil, azadlıqda aparsınlar. Açığı, əfv ərizəsi yazmaqda pis bir şey görmürəm. Əfv ərizəsi yazmayanların yerinə axı biz bunu edirik. Biz yazanda xahiş edirik ki, əfv olunsunlar. Şübhəsiz ki, siyasi məhbusun özünün əfv ərizəsi yazmasının təsiri daha güclüdür. Bizim kriteriyamızla Azərbaycanda 128 nəfər siyasi məhbus yoxdur. Baxmayaraq ki, bəziləri bunu belə təqdim edirlər. Amma siyasi məhbusların olmadığını da demək doğru olmaz. Çalışmalıyıq ki, siyasi məhbuslar azadlığa çıxsınlar. Hansı adla olursa-olsun, bu məhbuslar azad olunmalıdırlar. Azərbaycanda 50 nəfərin siyasi məhbus olduğunu demək olar. Bizim kriteriyalarla az adama siyasi məhbus demək olar. Hakimiyyət daxilində siyasi məhbusların olmasını istəyən qüvvələrin olduğu barədə fikirlər dolaşır. Bu barədə nəsə deyə bilmərəm.
Türkiyədə, Rusiyada və digər ölkələrdə də siyasi məhbuslar var. Bu gün Fransada yüzlərlə adamı həbs ediblər.  Bizə qarşı olan təzyiqlər Fransa və digər ölkələrə edilmir. Hər kəs Azərbaycana qarşı aqressiv davranır. İnsan haqları adı altında da təzyiqlər olur. Onların əllərinə bəhanə verməmək üçün siyasi məhbus məsələsini həll edə bilərik. Hökumət mütləq buna getməlidir. Siyasi məhbuslar problemi tam həll olunmalıdır ki, Avropa Şurasında Qarabağla bağlı uca səslə qışqıra bilək, danışaq”.
N.Cəfəroğlu OMON-çularla da bağlı fikirlər səsləndirib. Bildirib ki, hüquq müdafiəçiləri onların məsələsini çoxdan qaldırıblar: "Onlar 20 ildən çoxdur ki, həbsdədirlər. Dövlətə heç bir ziyan gətirəsi deyillər. Qarabağ müharibəsində onlar döyüşüblər. Bu və ya digər amilləri onlarla bağlı nəzərə almaq lazımdır”.