Şəki Mərkəzi Xəstəxanasında “ölü canlar” – ŞİKAYƏT

Baxış sayı:
1795

Müəyyən səbəblərdən adının saytımızda çəkilməsini istəməyən Şəki rayon sakini tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi Şəki Mərkəzi Xəstəxanasında “rüşvətin tuğyan etdiyini” bildirir:
“Bildirim ki, Şəki rayon Mərkəzi xəstəxanasının direktoru Məcid Əliyev bazar açıb. Orada işləyən həkimlər də məcbur olub, onun dediklərini vətəndaşa çatdırır, rüşvət almağa çalışırlar.
Uşağa arayışı pulsuz verməli olduqları halda, nə az nə çox 15 manat pul tələb edirlər. Arayış alacağımız həkim özü dili ilə deyir ki, bu sənədləri mənə sayla veriblər, hər biri üçün yuxarı 15 manat pul verməliyəm. Görün, səhiyyəni necə biabırçı bir vəziyyətə salıblar.
Xəstəxananın poliklinikasında adı olub, özü başqa işlə məşğul olan işçilər var. Adları işdə olan işçilərin əmək haqqlarını isə Həmkarların sədri Səadət xanım və poliklinikanın direktoru İradə xanım alır. Adlarını çəkəcəyim xəstəxana işçilərinin hər biri başqa işlərdə işləyirlər. Bu xəstəxanada sadəcə adları gedir, yəni “staj” yazılır.
Əkbərova Hülya Mahir qızı tibb bacısı kimi xəstəxanada qeydiyyatdadır, amma “Təbəssüm “ aptekdə əczaçı vəzifəsində çalışır. İş saatı 9:00-da başlayır, 6:00-da bitir.
Məmmədova Sevil Mustafa qızı tibb bacısı kimi xəstəxanada qeydiyyatdadır, amma Bakı şəhərində yaşayır.
Sadıqova Ceyran isə mühafizə xidmətində işləyirmiş kimi göstərilir, amma heç vaxt işə gəlmir.
Əliyev Qədir Hikmət oğlu fəhlə kimi qeydiyyata alınsa da, bazarda qəssab işləyir.
Camalova Nəzmin də mühafizə kimi qeydiyyatda olsa da, bazarda işləyir. Adlarını çəkdiyim şəxslər maaş almırlar, sadəcə staj üçün qeydiyyata düşüblər.
Videoda məndən pul tələb edən şəxs orada etiraf edir ki, ona tapşırığı Şəki şəhər Mərkəzi xəstəxanasının poliklinikasının müdiri Qorxmaz həkim və narkologiya şöbəsinin müdiri Rasim həkim verib. Tapşırıblar ki, hər arayış üçün gələn adamdan 15 manat pul tələb edin”.
Maraqlısı odur ki, bu xəstəxanada bu cür qanunsuz tapşırıq verən həkimlər hələ də iş başındadır. Ümumiyyətlə isə, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər, təəssüf ki, az deyil. Əksər idarələrdə bu cürdür. İdarə rəhbərlərinin qurbanlarının sayı o qədər çox olur ki, nə qədər qovulsalar da, bitmək bilmirlər. Bu qurbanlar yuxarı üçün heç vaxt maraqlı olmayıblar.
Videoda pul tələb edən şəxs işdən çıxarılıb. Amma videoda “yuxarıdan pul tələb edirlər”,- cümləsinə isə əhəmiyyət verilməyib. Hər zaman uduzan qurban olur. Qurbanlar da 5-10 manat çörək pulundan ötrü yuxarının tapşırığını icra edir.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.