Dərs saatının azlığından nazirə şikayət etdi, direktor 1 saatını da kəsdi... – ŞİKAYƏT

Baxış sayı:
4219

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Payız kənd sakini Məmmədov Əsgər Səyyad oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Q.Abbasov adına tam orta məktəbin direktoru Babazadə Elmar Hüseyn oğlu qərəzli şəkildə dərs saatlarını azaldır:
“Mən, Məmmədov Əsgər Səyyad oğlu, yazaraq bildirmək istəyirəm ki, Q.Abbasov adına tam orta məktəbin müəllimiyəm. 41 ildir pedoqoji fəaliyyətlə məşğulam.
2023-cü ildə məktəbə yeni direktor təyin etdilər. 2023-2024-cü tədris ilinə qədər mənim 20 saat dərsim olub, keçən il dərslərimi 13 saata endirdi.
Məktəbdə pisxoloq işləyən Cəfərov Niyazi də mənimlə eyni ixtisas müəllimi idi və 12 saat da dərs tədris edirdi. Bu il o, təqaüdə çıxırdı, fikirləşdim ki, yəqin gələn ildən dərslərim düzələr. Amma bu il yenə dərslərim 13 saat oldu.
Mən bu barədə Babək rayon Təhsil Şöbəsinin müdiri Zəhra xanıma mürciət etdim. Oradan da şablon cavablar aldım.
Sonra Naxçıvan MR Təhsil naziri Elxan Nəcəfova müraciət etdim. Bilirsiz, mənə nə dedi? Dedi ki, “dərs bölgüsü drektorun fərasətindən asılıdır, mən heç nə edə bilmərəm”.
Səhərisi gün məktəbə gəldikdə isə direktor bildirdi ki, şikayətə getdiyin üçün dərsindən bir saat da götürüldü.
Mən yenidən Təhsil Nazirliyinə qəbula getdim. Yalnız 3 həftə sonra - 27 sentyabrda qəbula düşə bildim. Əslində, nazir hər həftənin 5-ci günləri saat 16-00-dan 18-00-a qədər pedaqoji işçiləri qəbul edir. Həmin gün qəbula 36 müəllim yazılmışdı,
mən 22-ci adam idim. Mən qəbul otağına daxil oldum, 12 saat dərsimin qaldığını dedikə Elxan müəllim bildirdi ki, “sən yaxşısan, səndən əvvəl gələn müəllim deyir ki, 5 saat dərsim var, heç olmasa 2 saat da verin, 7 saat olsun”. Əlavə etdi ki, sənin dərsin yaxşıdır, çıx sonra çağıracağıq. Mən çıxıb dəhlizdə gözləməyə başladım. Axırıncı iki adam qalırdı, vətəndaşları qəbul sektorunun müdiri gəlib bildirdi ki, “gərək sən gözləməzdin, nazir yorulub ,səni qəbul edə bilməyəcək. Get birinci gün gələrsən”. Beləliklə, məni mədəni şəkildə qəbuldan çıxardılar. Həmin gün qəbuldan razı çıxan olmadı.
Mən 30 sentyabrda yenidən nazirliyə getdim. Məni bu dəfə aparat rəhbəri Şikar müəllim qəbul etdi. Şikayətlərimi bildirdim, amma hələ də heç bir tədbir görülməyib”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.